BİR HƏDİS

BİR HƏDİS

عن أَبي الدَّرْداءِ عُوَيْمرٍ رضي اللَّه عنه قَالَ: سمِعتُ رسولَ اللَّه صَلّى اللهُ عَلَيْهِ وسَلَّم يقُولُ: ابْغونِي الضُّعَفَاءَ، فَإِنَّمَا تُنْصرُونَ، وتُرْزقون بضُعفائِكُمْ

Əbu Dərda (r.a) Rəsulullahın (s.ə.s) belə dediyini eşitmişdir: “Kasıbları qoruyun. Çünki siz aranızdakı kasıblar sayəsində Allahdan yardım görüb ruziləndirilirsiniz”. (Əbu Davud, Cihad 70)

Hər bir cəmiyyət fərqli imkanlara sahib insanlardan formalaşır. Bu səbəblə də Allah-Təala cəmiyyətdəki sosial ədaləti bərpa etmək üçün müəyyən qaydalar təlim etmişdir. Bu qaydaların ən əsaslarından biri zəif, kimsəsiz, kasıb, yetim, dul, xəstə və hər cür ehtiyac sahibi insanların qorunmasıdır. Uca Allah bu barədə: “Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır”, - buyurmuşdur. (əz-Zariyat, 51/19) Allahın qoyduğu bu nizama əsasən zənginlərin mallarının bərəkətlənməsi və həm özlərinə, həm də cəmiyyətə faydalı olmaları üçün haqq sahibi kasıblara öz mallarından pay ayırmaları lazımdır. Beləliklə də, zəngin insanlar kasıblara əl tutmaqla, cəmiyyətdəki sosial tarazlığı bərpa etməklə yanaşı, eyni zamanda öz mallarını da bərəkətləndirmiş olarlar. Lakin kasıb olan bu insanların da müəyyən xüsuslara sahib olmaları lazımdır ki, bunların başında kasıblıqları səbəbilə Allaha üsyan etməmək gəlir.

Yuxarıda qeyd etdiyimiz hədis bir neçə fərqli şəkildə müxtəlif təriqlərlə nəql olunmuşdur. Bir rəvayətə görə, Səd ibn Əbi Vəqqas kasıb olan insanlara görə özünün daha üstün olduğunu düşünmüş və bundan xəbər tutan Həzrət Peyğəmbər (s.ə.s) ona: “Allah sizə yardım edib ruzi verirsə, bu, içinizdəki kasıblara görə deyilmi?” - deyərək onun bu düşüncəsini tənqid etmişdir. (Buxari, Cihad, 76) Başqa bir rəvayətdə isə Həzrət Peyğəmbər (s.ə.s) belə buyurur: “Allah bu ümmətə aralarındakı zəiflərin duası, ibadəti və ixlası səbəbilə yardım etməkdədir”. (Nəsai, Cihad, 43)

Kasıblıqlarına səbir edən kasıbların cənnətə ilk girən qruplar arasında yer alacağı, cənnət əhlinin çoxunun kasıblardan olacağı, kasıblığın utanılacaq bir hal olmadığı, hətta insanın mənəvi həyatı üçün müəyyən müsbət cəhətlərinin olduğu, kasıbların, miskinlərin və ehtiyac sahibi insanların cəmiyyətin xeyirli bir təbəqəsi olduğu yuxarıda qeyd olunan hədislərdən açıq bir şəkildə anlaşılmaqdadır. Çünki onlar yoxsulluğu faciə olaraq saymaz və öz hallarından heç kimə şikayət etməzlər. Olduqları hallarını Allahın bir təqdiri olaraq qəbul edər, kasıblara yardım edən zənginlərə Allahın onların mallarını bərəkətləndirməsi üçün dua edərlər. Digər tərəfdən, Həzrət Peyğəmbər (s.ə.s) kasıblıqlarına görə səbirli davranmayan, yoxsulluğunu bəhanə edərək üsyan edən, pis əməllər törədən kasıbları da şiddətlə təndiq etmiş və səbir edilmədiyi təqdirdə kasıblığın insanı bir çox pisliklərə sürükləyəcəyi, hətta nankorluğa qədər aparıb küfrə salacağı xəbərdarlığını etmişdir. (Nəsai, İstiazə 14, 16)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz