MƏNƏVI QAZANC GÜNLƏRI ETİKAF

MƏNƏVI QAZANC GÜNLƏRI ETİKAF

Etikaf - lüğətdə bir yerdə gözləmək, dayanmaq, özünü oraya həbs etmək kimi mənalara gəlir. Dini termin olaraq isə: etikafa niyyət edərək məsciddə və ya məscid hökmündə olan məkanda bir müddət qalmaqdır.

Etikaf  ibadəti Allah Rəsulunun (s.ə.s) önəmli sünnələrindəndir. Səmimi olaraq edilən etikaf çox qiymətli bir ibadətdir. Bu ibadətlə dünyalıq hər bir şeyi sırf Allah üçün tərk etmək, Allaha yönəlmək, boş vaxtları ibadətə həsr etmək, ibadət üçün nəfsi xarici aləmdən təcrid etmək və bu mərhəmət qapısının yeganə sığınacaq olduğunu dərk edərək, bağışlanmağı umaraq oradan ayrılmamaq nəzərdə tutulur. Bu mübarək gün və gecələrdə ibadətə çəkilmək həm də ona görə çox fəzilətlidir ki, məhz Qədr gecəsi kimi min aydan daha xeyirli olan böyük gecə bu günlərin içində gizlənmişdir.

Etikafa girmək nəfsi qadağalardan qorumaqda daha təsirli bir metod kimi görülmüşdür. Etikaf  insanı dünyəvi məşğuliyyətdən uzaqlaşdırıb daha çox ibadətə vəsilə olduğu üçün həyatı, ölümü, axirəti, hesab günü kimi mənəvi halları da daha çox təfəkkür etmə imkanı verir. İnsanların çox vaxt belə bir dərin təfəkkürə ehtiyacı vardır. Həyatın, yaşam tərzinin ağırlığı və sürəti içində insan çox zaman belə bir dərin təfəkkürdən qafil qalır. Etikaf bu mənada bizlər üçün bəxş edilmiş təfəkkür günləri, düşünmə saatlarıdır deyə bilərik.

Əziz oxucu! Bu yazı qələmə alındığı günlər, ölümcül virusun dünyanı əhatəsinə aldığı karantin günləridir. Hələ bu günlərin nə qədər çəkəcəyini bilmədiyimiz – ümid edirik ki, elə uzun müddət davam etməz –  və eyni zamanda məscidlər də bağlı olduğu üçün,  karantin günlərini fürsətə çevirib evimizdə də etikaf edib, bu ibadətin əcrini və mükafatını qazana biləcəyimizi ümid edirik.

Qurani-Kərimdə etikaf ibadəti vurğulanaraq belə buyurulur: “…Məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!” (əl-Bəqərə, 187)

Hədis mənbələrində Allah Rəsulunun (s.ə.s) Mədinəyə hicrətdən sonra hər il Ramazanın son on günündə etikafa çəkildiyi və xanımlarını da buna təşviq etdiyi haqqında məlumatlar var. Bu hədislərdən biri belədir:“Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi”. (Buxari, Etikaf 1, 6; Müslim, Etikaf 2) Ancaq Allah Rəsulu (s.ə.s) vəfat etdiyi il bunun müddətini artırmış və 20 gün etikaf etmişdir. (Əbu Davud, Savm 60)

 Hər bir ibadətdə olduğu kimi, etikafın da qəbulu üçün müəyyən şərtlər vardır. Müsəlman olmaq, əqli qüsuru olmamaq, niyyət etmək və məsciddən təharət ehtiyacları xaric heç bir yerə çıxmamaq etikafın şərtlərindəndir. Yemək-içmək ehtiyacları - məscidin təmizliyinə riayət etməklə - ailə yaxınları və ya məscidə gəlib-gedənlər vasitəsilə təmin edilir.

Etikaf məsciddə və ya məscid hökmündə olan bir yerdə edilməlidir. İçərisində camaatla namaz qılınan hər hansı bir məsciddə etikafa girmək olar. Böyük məscidlərdə olması isə daha fəzilətlidir. Abdullah ibn Məsud (r.a) belə demişdir: “Etikaf ancaq camaatla namaz qılınan yerdə edilə bilər”. ( Zeyləi, Nəsbur-rayə, II, 490)

Yuxarıda saydığımız şərtlər yalnız kişilər üçündür. Qadınlara gəlincə isə onlar öz evlərində, namaz qılınan bir otaqda etikafa girə bilərlər. Qadınların məscidlərdə etikafa çəkilmələri caiz olsa da, məkruh sayılmışdır. Qadınların öz evlərində namaz qılmaları məscidlərdə namaz qılmalarından daha fəzilətli olduğu kimi, evdə etikafları da məsciddə etikafdan daha fəzilətli sayılmışdır.

Etikaf  ildə yalnız bir dəfə edildiyi və unudulmağa üz tutulan sünnələrdən olduğu üçün bu ibadət haqqında insanlarımızda kifayət qədər məlumat yoxdur. Etikaf  haqqında onu da bilməliyik ki, vacib olan (nəzir deyilən) etikafa girən şəxs oruclu olmalıdır. Etikafda olduğu halda orucun səhvən pozulması etikafa zərər verməz. Sünnə olan etikaf  Ramazan ayında olduğundan, etikafa başlayan insan eyni zamanda oruclu olacaqdır. Ancaq yolçuluq, xəstəlik kimi bir səbəblə oruclu olmamaq sünnə olan etikafa mane deyil. Müstəhəb etikaflarda da oruc tutmaq şərt deyil. Qadın etikafa girmək üçün yoldaşından icazə almalıdır. Ər arvadına icazə verdikdən sonra, artıq fikrindən daşına bilməz.

 Etikafda mümkün mərtəbə təmiz paltar geyinib, gözəl ətirlər vurmaq müstəhəbdir. Bununla yanaşı, çoxlu-çoxlu namaz qılmaq, Quran oxumaq, dua və niyaz etmək, əfv diləmək, kəlmeyi-tövhid və təkbirlər gətirmək də müstəhəb əməllərdəndir. Allahın varlığı, birliyi, qüdrəti haqqında düşünmək, lüzumsuz şeylər danışmamaq, Peyğəmbərimizin (s.ə.s) həyatına, dini, elmi mövzulara dair əsərlər oxumaq da müstəhəb qəbul edilmişdir.

Məqalənin davamını İrfan Jurnalına abunə olaraq oxuya bilərsiniz... 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz