MÜSƏLMAN NECƏ YEMƏLİDİR?

MÜSƏLMAN NECƏ YEMƏLİDİR?

Həyatın hər anında ədəbə riayət etməyi şüar kimi qəbul edən müsəlmanın yeyib-içməsi də peyğəmbərimizin sünnəsinə uyğun olmalıdır. Yeyib-içmək ehtiyacı ödənilərkən, halal yolla qidalanmağa və israfdan qaçmağa səy göstərilməsi əmr edilmişdir. İslam cəmiyyətinin özünəməxsus bir süfrə mədəniyyəti və qidalanma ədəbi var. Bunların bilinməsi və ona görə hərəkət edilməsi sağlam və xoşbəxt bir həyatın yaşanmasında mühüm rol oynayır.

İslam ədəbinə görə, yeməyə başlamazdan əvvəl və yeməkdən sonra əllər yuyulmalıdır. Bu, təmizlik və sağlamlıq nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Hədisi-şərifdə: “Yeməyin bərəkəti yeməkdən əvvəl və sonra əllərin yuyulmasıdır” (Tirmizi, Ətimə 39)  buyurularaq buna işarə edilmişdir. Yeməkdən əvvəl əllərin yuyulması kirləri, sonra yuyulması isə ələ bulaşan yağ və bənzəri şeyləri təmizləyir.

Hz. Peyğəmbərimiz (s.ə.s) belə xəbərdarlıq edir: “Əlində yemək bulaşığı qaldığı halda yumadan yatan kimsə hər hansı bir zərərə uğrayarsa, özündən başqa heç kimi günahlandırmasın!” (Əbu Davud, Ətimə 53)

Hər xeyirli işdə olduğu kimi, yeməyə də “bismillah” deyərək başlamaq İslamın gətirdiyi gözəlliklərdəndir. Hz. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur:

“Kim evinə girərkən və yemək yeyərkən bismillah deyərsə, şeytan öz əsgərlərinə: “Burada nə gecələyə, nə də yemək yeyə bilərik”, - deyər. Əgər o kimsə evə girərkən bismillah deməzsə, şeytan onlara: “Gecəni keçirəcək bir yer tapdıq”, - deyər. O şəxs yemək yeyərkən bismillah deməzsə, şeytan yenə əsgərlərinə: “Həm sığınacaq yer, həm də yeyəcək yemək tapdıq”, - deyər”. (Müslim, Əşribə 103)

Yeməyə başlayan kimsənin bismillah deməyi unutduğunda nə  edəcəyini yenə Peyğəmbərimizin (s.ə.s) tövsiyələrində görürük. Hz. Aişə (r.a.) belə nəql edir:

“Bir dəfə Allah Rəsulu (s.ə.s) əshabından 6 nəfərlə birlikdə yemək yeyirdi. Bir bədəvi gələrək yeməyi iki loğmada yeyib qurtardı. Hz. Peyğəmbərimiz (s.ə.s) buyurdu:

- Əgər bu kimsə bismillah desəydi, yemək hamınıza yetərdi. Elə isə biriniz yemək yediyi vaxt bismillah desin. Yeməyin əvvəlində bunu söyləməyi unudarsa: “bismilləhi əvvəlihi və axirihi - əvvlində də, sonunda da bismillah”, - desin”. (İbn Macə, Ətimə 7)

Bununla bağlı digər bir heyrətamiz hadisə də belə cərəyan etmişdir: Əshabdan Ümeyyə bin Mahşinin (r.a) nəql etdiyinə görə, Rəsulullahın (s.ə.s) yanında bir adam yemək yeyirdi. Həmin adam son loğmaya qədər bismillah demədi. Son loğmanı ağzına apararkən “bismilləhi əvvəlihi və axirihi”, - dedi. Bunu eşidən Hz. Peyğəmbərimiz (s.ə.s) təbəssüm etdi və: “Şeytan onunla birlikdə yemək yeyirdi. O, bismillah deyən kimi, şeytan yediklərini qaytardı”, - buyurdu”.  (Əbu Davud, Ətimə 15)

Yemək, mümkün mərtəbə, birlikdə yeyilməlidir. “Topluluqda  rəhmət, ayrılıqda əzab vardır” buyuran Peyğəmbərimiz (s.ə.s) yeyərkən də bir yerdə yeməyi tövsiyə etmişdir. Vəhşi bin Hərbin (r.a) xəbər verdiyinə görə, bir qrup səhabələr:

- Ya Rəsulallah! Yemək yeyirik, amma doymuruq, - dedilər. Hz. Peyğəmbərimiz (s.ə.s) onlara: “Hər halda tək-tək yeyirsiniz”, - dedikdə:

- Bəli, elə edirik, - dedilər. Allah Rəsulu (s.ə.s): “Birlikdə yeyin və bismillah deyin ki, yeməyiniz bərəkətlənsin!” - dedi. (Əbu Davud, Ətimə 14)

Yeməyə böyüklərdən əvvəl başlamamaq da yeməyin ədəblərindəndir. Səhabələrdən Hüzeyfə (r.a) belə deyir: “Birlikdə yemək yeyəcəyimiz zaman, Peyğəmbərimiz başlamadan biz əlimizi yeməyə uzatmazdıq”. (Müslim, Əşribə 102)   

Mömin yeməyini sağ əli ilə və önündən  yeməlidir. Ömər bin Əbu Sələmə (r.a) belə nəql edir:

“Rəsulullahın (s.ə.s) himayəsində böyüyən bir uşaq idim. Yemək yeyərkən əlimi qabın hər tərəfinə uzadardım. Bunu görən Peyğəmbərimiz (s.ə.s) mənə belə buyurdu: “Oğlum, bismillah de, sağ əlinlə və önündən ye”. (Buxari, Ətimə 2)

Peyğəmbərimizin sol əl ilə yemək yeyilməsini əsla xoş qarşılamadığı və sağ əl ilə yeyilməsini tələb etdiyi başqa hədislərdə də yer almaqdadır. (Müslim, Əşribə, 107.)

Bu gün cəmiyyətimizdə İslamdan uzaq mədəniyyətlərin təsiri ilə müasirlik adı altında sol əllə yemək yeməyi adət halına gətirmək meyli görünür. Xüsusilə yeməkxana və restoran kimi yerlərdə bıçaqların sağ tərəfə, qaşıq və çəngəllərin sol tərəfə qoyulması və dəyişməz bir qayda kimi tətbiq edilməsi bunun bir təzahürüdür. Bu yanlış davranışın İslamın yemək ədəbi ilə uyğun olmadığı özünü bariz şəkildə göstərir. Müsəlmanlar bu mövzu ilə bağlı həddindən çox diqqətli və tələbkar olmalıdırlar.

Bundan başqa, bir kimsə, xoşuna gəlməsə belə, hazırlanan yeməyə hörmətsizlik etməməli, bəyənmədiyini büruzə verməməlidir. Heç olmasa, bunu dil ilə ifadə etməkdən çəkinməlidir. Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) heç bir zaman yeməkdə qüsur axtarmadığını, ürəyi istəyərsə yediyini, istəməzsə yemədiyini bildirir. (Buxari, Mənaqib 23)

Son söz Uca Allahındır:  “Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!” (əl-Bəqərə, 172)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz