ÜFÜQ AÇAN KİTABLAR
05.04.2020 tarixində “Hürriyyət” qəzetində Sayım Çinar adlı yazıçının “Üfüqünüzü açacaq kitablar” başlığı qarmağa taxılan yem kimi idi. Mən də bu qarmağa ilişdim. Yazını açmadan əvvəl ağlımdan: “baxaq görək üfüqümüzü açacaq kitablar hansılardır?” – deyə sual keçdi. “Üfüq açan kitablar”ın qəzet səhifələrində nə işi var? Yolda tapılan yolda itər, qəzet səhifələri ilə gələn də qəzet səhifələri ilə gedər. Yazını açanda qarşıma üfüq açacağı deyilən və oxunması tövsiyə edilən bu beş kitab çıxdı:
1- Paulo Koelyo – “Kimyagər”
2- Madeline Miller – “Sirseya”
3- Edmondo De Amiçis – “Uşaq qəlbi”
4- Emanuel Bove – “Dostlarım”
5- İlber Ortaylı – “Bir ömür necə yaşanar”
Bu yaşıma qədər yuxarıda tövsiyə edilən və üfüq açacağı deyilən beş kitabdan ikisini oxumuşdum. Elə isə üfüqümün yarıdan çoxu qaranlıq qalıb. Atam-anam, nənəm-babam və tanıdığım bir çox insan bu kitabları oxudumu? Heç birini oxumadılar. Elə isə onlar üfüqsüz yaşayıb, üfüqsüz öldülər?!..
Üfüq açacağı deyilən kitablardan birini belə siyahıya baxmadan təxmin edə bilməmişdim. Tövsiyə edilən beş kitabdan dördünün müəllifi xarici yazıçılardır. Deməli, türk-islam coğrafiyasında Mövlanadan Yunus Əmrəyə, Füzulidən Nəsimiyə, Əhməd Yəsəvidən Mehmed Akif Ersoya qədər dini, milli və yerli sufilərdən, aşiqlərdən, ozanlardan, elm adamlarından heç biri üfüq aça bilmir?!
Onlar üfüq açacaq qabiliyyətdə deyildilər?!
“Üfüqünüzü açacaq kitablar” yazısını açmadan əvvəl ağlımda bir siyahı tutmuşdum. Birinci yerdə Qurani-Kərim olacaq/olmalıdır. Quran bizə özünü tanıdarkən “qaranlıqdan aydınlığa çıxardan” ifadəsinə vurğu edir. Quran yoxdursa, o mühit qaranlıqdır. Kafirlərin xüsusiyyəti qaranlıq içində əllərinin köməyi ilə yeriməyə çalışmaq, okeanlarda üzmək yerinə kiçik hovuzlarda çapalamaqdır.
İkinci yerdə, əlbəttə, Həzrət Muhammədin (s.ə.s) sözləri yer alacaq. Vida xütbəsində: “Sizə iki əmanət qoyub gedirəm, o iki əmanətə möhkəm sarılsanız, yolunuzu azmazsınız”, - buyurulur. Quran və sünnə müsəlmana təkcə üfüqü deyil, üfüqlərin də arxasını göstərir, üfüqlərin ardından xəbər verir.
Mahmud Toptaş xoca bir söhbətində deyir, özündən mütləq oxunmalı olan 10 kitab hansılardır, deyə soruşan birinə birdən ona qədər “Qurani-Kərim” yazmışdı.
Kitablara iman Qurani-Kərimin üfüq açıcı olduğuna inanmaq və ona görə üfüq açıcı kitablar siyahısında birinci yerə qoymaq deməkdir.
Peyğəmbərlərə iman peyğəmbərlərin həyatlarını və sözlərini üfüq açıcı olaraq qəbul etmək və tövsiyə siyahısında ikinci yerə yazmaq deməkdir.
Quru-quru kitablara və peyğəmbərlərə inandım deməklə iman olmaz. İman dəlil tələb edir, özünü göstərmək istəyir. “Lə iləhə illallah” sözü digər süni ilahcıqları rədd edir. Belə demək mümkündürsə, bu deyil, bu da deyil, heç biri deyil, mənim ilahım təkcə Allahdır vurğusu edilir. Üfüq açan kitablar siyahısında da birinci yerə o deyil, bu deyil, bunlar heç deyil deyərək, üfüq açdığı iddia edilən kitablar rədd edilərək yalnız Qurani-Kərim yazılmalıdır. Limonat, portağal suyu, pomidor suyu, ayran, qımız, qimran (dəvə südü) şəfalı olsa da, heç biri suyun yerini tuta bilməz. Göydən yağmaz, su kimi ümumi ola bilməz. Suyun yerini ancaq su tutar. Suyun boşluğunu sudan başqa heç bir şey doldura bilməz. Su bir nömrəli içməli mayedir. Quran və sünnə sudur, bahar yağışıdır.
Televizorda yemək proqramları var. Tərtəmiz gözəl mətbəxlərdə tərtəmiz alətlərlə yeməkdən şirniyyata, salatdan qoğala hər şeyin bişirilməsini tətbiqi olaraq göstərirlər. Əksər hallarda belə proqramlarda mütəxəssislər, həkimlər, dietoloqlar iştirak edir, elə hazırlanmalıdır, belə bişirilməlidir, orqanik olmalıdır deyərək uzun-uzadı ürküdücü məlumatlar verirlər. Müəyyən ölçüdə haqlıdırlar, əlbəttə. Amma müəyyən həddən sonra qorxunun silah kimi istifadə olunması yoluyla insanlarda fikir qarışıqlığı yaradılmamalıdır. Proqramda süfrəyə qoyulacaq ispanağın bazardan evə gətiriləndə sirkəli su ilə yuyulmasından orqanik olmasına, bıçaqla kəsilməməsindən həddən artıq istiliyə məruz buraxılmamasına qədər bütün detallar anladılır. İspanaq bir dəstə göyərti olsa da, haqqında danışdıqca danışırlar. Bəs niyə ispanaq haqqında danışarkən birinci maddə olaraq halal pul ilə alınması dilə gətirilmir?!
“Süfrəyə qoyulan çörək haram olmamalıdır” demək üçün mütləq molla olmaq lazımdır? Halal-haram sözü din xadimi olmayan şəxslərin ağzından çıxa bilməzmi? Qidalanma xüsusunda birinci sırada nəyə yer verməliyik? Əlbəttə ki, sağlam, orqanik və nizamlı qidalanmaq, ucuz və keyfiyyətli qidalanmaq bu siyahıda yer alacaq. Lakin halal və haram həssasiyyəti bu siyahıda neçənci yerdə olacaq? Üfüq açacaq kitablar siyahısında birinci sıraya Qurani-Kərimi yazmamaq ilə mətbəxdə yeyilən-içilən qidaların necəliyi haqqında danışarkən halal olmasını birinci sıraya qoymamaq eyni dünyəviləşməyin fərqli təzahürləridir. Yemək necə olmalıdır, deyə soruşulanda acı, duzlu, soğansız, sirkəli, ətli, ətsiz kimi onlarla cavab verilir. Müsəlmana yaraşan cavabın ilk sözü “loğmanın halallığı” olmalıdır.
-->
ŞƏRHLƏR