Müsahibə - QLOBALLAŞAN DÜNYADA MÜSƏLMAN
İstanbul Səbahəddin Zaim Universitetinin müəllimi Dr. Ahmed Hamdi Yıldırım:
“Niyyətimiz səmimi olarsa, bütün əməllərimiz dəyər qazanar və daha karlı bir ticarət etmiş olarıq”.
İrfan: Xoş gəlmisiniz, Əhməd bəy. Sizinlə görüşmə fürsəti əldə etmişkən bu günün müsəlmanı və onun İslama sarılma şüuru haqqında söhbət etmək istərdik. Qloballaşan dünyada müsəlmanın dünyagörüşü necə olmalıdır?
A.Hamdi Yıldırım: Çox təşəkkür edirəm. Əslində, qlobal dünya dediyimiz zaman möhtəvanı daraltmış oluruq. Çünki qlobal dünya deyiləndə təkcə içində yaşadığımız Yer kürəsi nəzərdə tutulur. Amma müsəlmanın üfüqü bu dünya ilə məhdud deyil. Biz Allaha həmd edərkən “aləmlərin rəbbinə həmd olsun” deyirik; Allah-Təala təkcə bu dünyanın deyil, bütün aləmlərin Rəbbidir. Bizim gözümüz bu dünyanın ötəsində, bir-iki dünya deyil, 18 min aləmin peyğəmbəri olan Hz. Muhammədin (s.ə.s) yolunda getmə arayışındadır. Necə ki, o Peyğəmbər (s.ə.s) haqqında Allah-Təala: “Biz səni aləmlərə rəhmət olaraq göndərdik”, - buyurur. Bu rəhmət ümmətinin təmsilçisi olaraq bizim düşüncəmizdə qlobal dünyaya dair maraq, həvəs və istəklər çox cüzi bir yerə sahibdir. Biz bu dünyaya müvəqqəti bir dayanacaq yeri kimi gəldiyimizə inanırıq. Əsl aid olduğumuz vətən, istiqrarlı əbədi məskənimiz, Allahın izni və yardımı ilə, cənnət olacaqdır. Uca Allah Adəm ilə Həvvanı “cənnətə yerləşin” əmri ilə taclandırmışdı. Sonra insan oğlu köçüb bu dünyaya, bir qürbət həyatına gəldi. Nə acıdır ki, bu dünyanı “əsil vətən” kimi görməyə başladıq. Bir qəflət aldanışı hər birimizi sardı. Halbuki müsəlmanın baxış tərzi bu dünya ilə məhdud bir kor baxış deyil. Müsəlmanın gözü çox yüksəklərdədir. Peyğəmbərimizin (s.ə.s) yanında bir nəfər utancaq bir şəkildə: “Ya Rəbbi, mənə də cənnətini lütf et!” - deyə dua etdiyi zaman belə buyurmuşdu: “Allahdan istədiyiniz zaman böyük bir istəklə istəyin, cənnətin ən yüksək mərtəbəsini istəyin!”.
- Bunu necə başa düşməliyik?
- Üz tutduğumuz ilah aləmlərin Rəbbidir, bitməz-tükənməz xəzinələrin sahibidir. Söhbət cənnətdən gedirsə, müsəlman onun ən üst mərtəbəsinə talib olmalıdır. Müsəlmanın gözündə bu fani dünya axirət istirahətgahında istifadə etmək üçün buradan ora götürə bildiyi şeylər qədər əhəmiyyət daşıyır. Allah-Təala buyurur: “Hər ölən kəs dünyaya bir daha qayıtmağı arzulayar”. Bu arzunun ən təməl nöqtəsi də: “Sədəqə verim, saleh kimsələrdən olum” arzusu olacaq. Bu ayə işığında dünya həyatına baxdığımız zaman bizim vəzifəmiz sədəqə paylamaqdır. “Sədəqə” kəlməsi “sidq” kəlməsindən törəmişdir. Əksər hallarda biz bunu pul vermək, maddi yardım göstərmək kimi başa düşsək də, əslində bu, dürüstlük, ixlaslı olmaq, səmimiyyət göstərmək deməkdir. Müsəlman “sidq” sahibi, sadiq insandır; özü ilə sözü bir olan insandır. Doğruluq müsəlmanın ayrılmaz vəsfidir. Pul vermək mənasında işlədilən sədəqə də müsəlmanın axirətə inancının təsdiqi deməkdir. Peyğəmbərimiz (s.ə.s): “Sədəqə burhandır”, - buyurur. Yəni sədəqə höccətdir, dəlildir. Nəyin dəlilidir? – O şəxsin axirətə imanının dəlilidir. Müsəlman bilir ki, Allah üçün verilən pul yeddiyə vurularaq, yeddi yüzə vurularaq axirətdə qarşısına çıxacaq. Buna görə də axirətə sərmayə qoyur.
- Axirətdə daha çox qazanclı çıxmaq üçün nələrə diqqət edilməlidir?
- İşçilərin nümayişlərdə, yaxud çıxışlarında istifadə etdikləri gözəl bir şüar var: “Eyni işə eyni maaş istəyirik”. Eyni işi görürüksə, qazancımız, aldığımız pul da eyni olmalıdır, deyirlər. Belə bir ədalətsizliyə heç kəs, hətta heyvanlar belə razı olmaz. Bu gün qlobal dünyada “fair-trade” deyə bir axım var. Bunu bizdə “ədalətli ticarət” deyə tərcümə edirlər. Əsas fəlsəfəsi budur ki, istehsalçıdan istehlakçıya çatana qədər bütün mərhələlərdə yer alan hər kəs öz haqqını əldə edəcək. İnsan öz işindən razı olarsa, aldığı məvacib onu qane edərsə, işinə canla-başla yanaşar, onun istehsal etdiyi mal keyfiyyətli olar. Amma bəzi ölkələrdəki kimi məcburiyyət səbəbi ilə qarın toxluğuna, səhhətini itirməsi bahasına işləyirsə, xəyanət etmə ehtimalı çoxalar. Dünyəvi mənada səmimiyyət, düzgünlük, ədalət belə bir nəticəni ortaya çıxardırsa, düşünün, Allah qatındakı nəticəsi nə olar?! Əgər biz “eyni işə eyni maaş” deyiriksə, o zaman eyni maaşı alanlardan da eyni işi gözləyərik, elə deyilmi?! Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Sadiq (dürüst, etibarlı) ticarətçi peyğəmbərlərlə bərabərdir”. Yəni onların axirətdəki qazancları, cənnətdəki mükafatları eyni olacaq. Demək ki, bu ikisinin vəzifələrində bir bənzərlik var.
- Tacir ilə peyğəmbərin vəzifəsi necə bir-birinə bənzəyə bilər?
- Tariximizdə qılıncla fəth edilən bir çox yerlər var. Qılıncla fəth edərsiniz, qapını açarsınız, lakin orada uzun müddət qala bilməzsiniz. Orada qala bilmək üçün sadiq olmaq, dürüst olmaq lazımdır. Qarşısındakı insanın “bu müsəlman məni, mənim mənfəətimi, mənim namusumu məndən daha çox düşünür” deyə fikirləşməsi lazımdır. Bu mənada dürüst olan, aldatmayan, xidmət etdiyi kimsənin məmnuniyyətini düşünən, xülasə, məqsədi pul qazanmaq yox, Allahın rizasını qazanmaq olan tacirin təsiri çox böyükdür. Könülləri, ürəkləri fəth edən bu insanlar səbəbilə nəinki müsəlman olan fərdlər, İslamı qəbul edən ölkələr belə var. Müsəlman, yeri gələndə, imanını itirməkdənsə pulda zərər etməyə üstünlük verə bilməlidir. Hər gün qarşımıza səmimi bir gülümsəməyə, xoş sözə möhtac olan bir çox insan çıxır. Bəzən beş qəpiklə, bir stəkan çayla da bir insanın könlünü almaq mümkün olur. Mühüm olan insanların könlünü qazanmağı istəməkdir. Bu, müştəri olar, işçi olar, iş verən olar, fərqi yoxdur. Niyyətimiz səmimi olarsa, bütün əməllərimiz dəyər qazanar və daha karlı bir ticarət etmiş olarıq.
- Bizə vaxt ayırıb dəyərli fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirik.
- Mən də təşəkkür edirəm, işinizdə uğurlar arzulayıram.
ŞƏRHLƏR