İNSAN OLMAĞIN SİRRİ
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzərində bir xəlifə yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda Sən orada (yer üzərində) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah (c.c) onlara): “Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu”. (əl-Bəqərə, 30)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Abdullah ibn Amr bunları anlatmışdı: “Mən Rəsulullahın (s.ə.s) Kəbəni təvaf edərkən belə söylədiyini duydum: “(Ey Kəbə!) Sən necə də təmizsən, ətrin də nə gözəldir. Sən necə də ucasan, hörmətin də çox böyükdür. Muhammədin (s.ə.s) nəfsini qüdrət əlində tutan Allaha (c.c) and olsun ki, möminin Allah (c.c) qatındakı hörməti sənin hörmətindən daha böyükdür. Möminin malının, qanının hörməti də belədir. Biz mömin haqqında sadəcə gözəl zənn sahibiyik”. (Kutubi-Sittə, 7139)
Rəsulullahın (s.ə.s) mömin haqqında söyləmiş olduğu bilgilərin əslində nəyi ifadə etdiyini anlamaq üçün Kəbənin Allah (c.c) qatındakı mövqeyinə nəzər yetirmək kifayət edər. Uca Allah (c.c) Qurani-Kərimdə Beytullahının izzətini belə bildirir: “Həqiqətən, insanlar üçün ilk bina edilən ev Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır”. (Ali-İmran, 96-97). Bununla yanaşı, Rəsulullahın (s.ə.s): “Yerdəki ismi Beytullah, yeddi qat göyləri əhatə edən ehtişamı ilə oralardakı ismi Beytul-məmur olan əzəmətli Haqqa yönəliş mərkəzini hər gün, bir daha növbəsi yetişməyəcəyi şərti ilə, 70000 mələyin xüsusi bir vəcdlə təvaf etməsini” bildirməsi, Kəbənin Allah (c.c) qatındakı mövqeyini ustalıqla sərgiləməkdədir. Bu ehtişamın üzərində Uca Yaradanın qatında daha şərəfli bir dərəcəyə layiq görülən varlıq isə yalnız hər şeyini Rəbbinə fəda etmiş, Ona təslimiyyətdə zəfər dastanı yazmış, Ona qulluqda tayı-bərabəri olmayan əxlaq və ədəb zənginliyini, maddi və mənəvi imkanlarını Rəbbinin rizası istiqamətində səfərbər edərək əmsalsız qulluğu ilə bəşəriyyəti kamil insan olmağın sirrinə dəvət edən bir Allah dostu ola bilər. Məhz insan olmanın Haqq qatındakı ağılları heyran buraxan sirrinə daha anlamlı bir tərzdə açıqlama gətirən və bu məqsədlə də: “Bir-birini sevməkdə, bir-birinə acımaqda və bir-birinə arxa-dayaq durmaqda möminlər tək bir vücud kimidirlər” (Buxarı, Ədəb, 27) hədisini açıqlayan Sədi Şirazi həzrətləri belə buyurur: “Bəli, Adəm oğulları bir bədənin, bir vücudun əzaları kimidirlər. Çünki yaradılışları bir mayadandır, eyni maddədən yaradılmışlar. Günün birində vücuddakı əzalardan biri ağrıyarsa, digər əzalar da narahat olar. Başqalarının dərdləri və acıları ilə həmdərd olmazsansa sən “insan” deyə adlanmağa layiq deyilsən”.
Mövlana həzrətləri də kamil insan olma sirrinə yanaşma keyfiyyətinin yaşanılacaq hala gəlməsi üçün Adəm övladından tələb edilən fədakarlığın ölçüsünü anlamaq və həyata keçirmək naminə hər birimizi həqiqətləri əks etdirən aynanın önünə dəvət edir: “Özünə bax, özünə! Sözünə bax, əməlinə, əxlaqına, tərbiyənə bax! Mənliyinə bax, mənliyinə! Başqalarının gizli-açıq hallarını araşdırma, kim nə yemiş, nə geymiş. Bunlardan axı sənə nə? Sən özünü bilik ilə, sevgi ilə, şəfqət ilə bəslə. Ancaq o zaman insan olmanın sirrinə, heybətinə yetişə bilərsən”.
“Hər kim bu qapıya gəlirsə, çörəyini və suyunu verin, adını, dinini soruşmayın. Çünki Uca Allahın (c.c) qatında ruh daşımağa layiq olan hər kəs, əlbəttə ki, Əbül-Həsənin süfrəsində ruzi yeməyə layiqdir”, - deyən Əbül-Həsən Xəraqani həzrətlərinin insan olma sirrini anlama istiqamətindəki əxlaqi intibahına heyrətlənməmək mümkün deyil. Rəbbimizin, Adəm övladını kamil bir insana çevirən bu rəhmət əxlaqının ümmətin hər bir fərdinə xas bir keyfiyyətə çevrilməməsini merac gecəsi Rəsuluna şikayət edərcəsinə bildirməsi, Uca Allahın sonsuz rəhmətinə müqabil şükrümüzün nə qədər cılız və yetərsiz olduğunu göstərən ibrət tablosudur: “Mən onlara təqdir etdiyim ruzini və əməlləri başqalarına verməyəcəyim halda onlar məndən sabahın ruzisini və əməllərini istəyirlər. Hüzurumda Mənə xəyanət edərək başqasına şükür edirlər. İzzət Mənə məxsusdur və ancaq Mən izzət verirəm! Onlarsa izzəti Məndən başqasından istəyirlər. Mən cəhənnəmi kafirlər üçün yaratdım. Onlar isə özlərini cahil və nadan davranışları ilə oraya atmağa çalışırlar. Ümmətinə söylə! Onlara ehsan edilən bu qədər yaxşılıqlardan dolayı birinə təşəkkür və məhəbbət edəcəklərsə, buna layiq olan ancaq Mənəm!”
ŞƏRHLƏR