ALLAHI SEVİNDİRƏN MÜALİCƏLƏR

ALLAHI SEVİNDİRƏN MÜALİCƏLƏR

Bəlkə də, başlıqdakı addan təəccüblənəcəksiniz, bəlkə də, yanlış bir ad qoyulduğunu düşünəcəksiniz. Bəlkələri, bəlkə də, çoxaltmaq olar, amma məsələnin həllinə diqqət yetirsək, bəlkələrin həllini tapmış olarıq. Normal halda bizlər də dəryada damla olaraq cəmiyyətimizdə yer alan bir fərdik.  Fərdlərin toplusundan cəmiyyət əmələ gəlirsə, deməli, fərdlərin sağlam olmasından da sağlam cəmiyyət əmələ gələcəkdir.

Bizlər bir fərd olaraq hamı kimi deyir, gülür, qidalanır, həyatımıza davam edirik. Bəzimiz inanclı kimsələrik, bəzimiz isə 5 günlük dünyadır deyib bacardığımız qədər kef çəkərək yaşayırıq. Əvvəlcə götürək qidalanmağımızı. Bəzilərimiz yemək üçün yaşayırıqsa,  bəzilərimiz də yaşamaq üçün yeyirik. Fikrimin əsl qayəsi elə yaşamaq üçün yeyənlərdir. Yaşamaq bizə nə verəcək; oğul, uşaq, nəvə, nəticə və sonda ölüm, elə deyilmi?

Əgər son ölümdürsə  və ölümü  əsl həyatın oyanışı kimi görürüksə, deməli, ölüm üçün yaşamaq lazımdır. Məsələn, əvvəlcə götürək qidalanma sistemimizi. Stolun üstündə sinidə alma, armud və ya üzüm var, bunlardan birini yemək istəyirik. Tutalım, almanı yemək istəyirik və yeyirik, bir müddət sonra üzümü  yemək istəyirik və yeyirik. Bunları yeyəndə nəsə düşünmək lazımdırmı? Yəqin ki, düşünəcəksiniz ki, ürəyim istədi, mən də yedim. Amma olmazmı ki, məsələn, üzümü  istədikdə qəlbinizdə üzümün  Quranda adının olmasını düşünərək yeyəsiniz və yaxud heyvanı yeyəndə, heyva haqqında Peyğəmbərimizin (s.ə.s) “heyva qəlbi fərəhləndirir” hədisini anaraq yeyəsiniz. Əlbəttə, olar.

Qidalanmaq sağlamlığın əsasını, bünövrəsini qoyan bir daşdır. Üzümü yedikdə cismimizi qidalandırırıq, amma üzümü yeyəndə həm də Quranda üzüm haqqında Yasin surəsində “xurma bağları və üzümlüklər yaratdıq” deyə bəhs olunduğunu düşünsəniz və ya sadəcə Quranda yer aldığını düşünüb yesəniz olarmı, olar. Deməli,  üzümü onsuz da yeyəcəksiniz. Əgər ki, düşünərək həm qidalanıram, həm də dinimi və ya sünnəni  yaşayıram və bundan dolayı üzümü yeyirəm deyə düşünsəniz, baxın onda cisimlə bərabər ruh da qidalanmış olar.

İndi isə keçək xəstələndikdə müalicələrimizə. Məsələn, möhkəm qızdırmanız var, tərlədici dərmanlar içirsiniz. Halınız bir az  pisləşən kimi, Allaha dua da edirsiniz, amma Allahın şəfa üçün bizlərə bildirdiyi müalicələri unudursunuz. Həmin qızdırma vaxtı dərmanlarla yanaşı, bol-bol zəncəfil çayı içə bilərikmi, bəli, içə bilərik. Zəncəfil də tərlədicidir, həm də adı Quranda keçir. Və yaxud həcəmət etdirə bilərikmi, bəli, etdirə bilərik. Həcəmət insanın ağırlığını, soyuqdəyməsini ən tez aradan qaldıran müalicələrdən biridir. Əgər bizlər ən azından kimyəvi dərmanlarla yanaşı, zəncəfildən,  həcəmətdən və ya bu kimi Quran və sünnədə yer alan vasitələrdən istifadə edərək şəfa axtararıqsa,  onda biz müalicə ilə yanaşı, həm də Allahı sevindirmiş olarıq. 

Hədislərdə, insan Allaha doğru bir addım atanda Allahın insana doğru qaça-qaça gəldiyi buyurulur. Yəni insan etdiyi günah əməlindən sonra dərindən peşmançılıq keçirib tövbə edərsə, onda Allahı sevindirmiş olur. Heç bilirsinizmi ki, Peyğəmbərimiz (s.ə.s) Allahı sevindirməyi necə təsvir etmişdir? Hədisdə belə rəvayət olunur, bir səhrada dəvə üstündə gedən birisi dəvəsini itirir; səhrada dəvə itirmək ölmək deməkdir, çünki bütün ərzaqlar dəvənin üstündədir və həm də minik olaraq lazımdır. Nə qədər axtarırsa dəvəsini tapmır. Oturub ölümünü gözlədiyi an başını qaldırır ki, dəvəsi başının üstündədir. Bu səhnəyə insan oğlu nə qədər çox sevinirsə, biz insanlar günah əməlindən tövbə edəndə Allah ondan da çox sevinir.

Deməli, həm qidalananda israf etməsək, sünnəyə uyğun qidalansaq, paylaşmağı bacarsaq və həm də müalicələrimizdə şəfanı Allahdan istəyərək Allahın sevdiyi səbəblərdən yapışsaq, Allahı sevindirmiş olarıq. Əgər sən bu gün Allahı sevindirir və bu əməllərinə davam edirsənsə,  sabah Allah səni insanlara sevdirəcək, birisi gün axirətdə günahlarını gizlədərək səni cənnətinə qoymaq istəyəcəkdir. Bundan daha gözəl nemət ola bilərmi?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz