KORONAVİRUS VƏ YENİ DÜNYA: KÖHNƏ LÜĞƏTƏ MÜRACİƏT

KORONAVİRUS VƏ YENİ DÜNYA: KÖHNƏ LÜĞƏTƏ MÜRACİƏT

İllərdir “Sənaye 4.0”, “Cəmiyyət 5.0”, əşyaların interneti, robot “işçilərdən” ibarət qaranlıq fabriklər, ağıllı şəhərlər, süni intellekt, siber fiziki sistemlər, “big data”, bulud texnologiyası, dərialtı mikro çip kimi hələ də bizim cəmiyyətlərin alışa bilmədiyi sehrli anlayışlar bütün dünyanı yavaş-yavaş dəyişirdi. “Yavaş-yavaş dəyişirdi” dedim, çünki bir çox futurist və intellektualın fikrincə artıq koronavirusdan (Covid-19) sonra bu sürət olduqca yüksək olacaq. Məqsədim mövcud vəziyyətin və vəd edilən Yeni Dünyanın bulanıq şəklini az da olsa aydınlaşdırmağa çalışmaqdır. Bunun üçün də köhnə, amma tək-tək araşdırıb oxusaq, bu günləri və gələcəyi izah etməkdə bizə kömək edəcək bəzi anlayışların kiçik, izahlı lüğətini təqdim etmək istəyirəm:

Böyük Qardaş“Big Brother” sanki dərimizin altına yerləşdirilmiş çiplə hamımızı görən, eşidən, izləyən, kontrol edən, kiminlə nə danışdığımızı, nə etməyə hazırlaşdığımızı bilən, elə bil “big data” və bulud texnologiyası ilə işləyən, onun üçün istifadə olunan sifətlərdən də anlaşılacağı kimi, yarı tanrılaşdırılmış bir varlıqdır: “Big Brother is watching you” (Böyük Qardaş səni izləyir). Bu anlayış bizə Corc Oruelin 1949-cu ildə yazdığı məşhur “1984” distopik romanından miras qalıb. Böyük Qardaşı daha yaxından tanımaq üçün Patrik Radden Kifin “Eschelon” kitabı və Daniel Con Karuzonun “Qartal göz” (“Eagle eye”, 2008) filmi kimi mənbələrə müraciət edə bilərsiniz.

Panoptikan: “Panopticon” (“pan” bütün, “opticon” müşahidə etmək) ingilis mütəfəkkir Ceremi Bentamın 1780-ci illərdə ortaya qoyduğu dairəvi bir həbsxana modelidir. Həbsxana elə dizayn edilib ki, onun kameralarındakı məhbusların bütün hərəkətləri mərkəzdəki qüllədə yerləşdirilmiş mühafizəçi tərəfindən rahatlıqla görülə bilir. Panoptikan Mişel Fuko tərəfindən populyarlaşdırıldı və bir idarəetmə sistemi kimi də qəbul edildi. Əsas məqsəd çox az insan və resursla maksimum çox insanı kontrol, idarə etməkdir.

Leviatan: “Leviathan” 1651-ci ildə Tomas Hobbsun yazdığı bir romanın adıdır və bu ad xristianlığın müqəddəs kitablar toplusu olan Bibliyadakı nəhəng bir varlıqdan (div, canavar) alınıb. Xülasə, əsər İngiltərədə vətəndaş müharibəsinin olduğu illərdə yazılıb və problemin sadəcə bölünməz, tək bir dövlətin varlığı ilə həll edilə biləcəyi deyilir. Leviatan yüzlərlə insandan (oxu: vətəndaş) ibarət bir varlıqdır (oxu: dövlət), yəni bu insanlar bir yerdə yaşaya bilmək üçün birləşib, razılığa gəlib, yeni haqlar əldə etmək üçün bir çox haqqından imtina edib dövlət yaradırlar. Leviatan (dövlət) də vətəndaşları qorumağa, bir bütün halında qalmağa çalışır.

Sosial müqavilə: 1762-ci ildə Jan Jak Russo tərəfindən yazılmış “Sosial müqavilə” (“The Social Contract”) əsərində də elə “Leviathan”da olduğu kimi insanlar bir yerə yığışıb böyük bir müqavilə bağlayır və qəbul edilmiş ümumi qaydalara tabe olacaqlarına, hətta özlərindən sonra gələcək və bu sistemin bir parçası olacaq insanların adına da söz verirlər. Düşünün ki, atalarımızın imzaladığı müqavilənin şərtlərini yerinə yetirməyə borcluyuq, əks halda cəzalandırılacağıq (həbs, maddi cəza və s.). Bu, bir az da bərzəx aləmində bizdən soruşulan suallara verdiyimiz, amma daha sonra xatırlamadığımız “bəli” cavabına və onun tələblərinə də bənzəyir. Əslində xaosdan qurtuluşun da, hələ ki, ən mükəmməl yolu budur.

İstisna hal: “State of exception” italyan mütəfəkkir Corco Aqamben tərəfindən 2000-ci illərdə ortaya atılıb. Bu yaxınlarda koronavirus haqqında bir müsahibəsində Aqamben qeyd edirdi ki, bu, istisna hal və onun idarəetmə fəlsəfəsini həyata keçirmək üçün ideal bir vəziyyətdir. Daha əvvəl bu rolu terror hadisələri, indi isə bir yoluxucu xəstəlik oynayır. Normal halda insanlar heç cür qəbul etməyəcəyi şeyləri qəbul etmək məcburiyyətində qalır. Misal üçün, hamı evdə qalır, sadəcə günün və ya həftənin müəyyən saatlarında icazə alaraq və sadəcə ərzaq, dərman kimi həyati əhəmiyyətli ehtiyaclar üçün evlərini tərk edə bilir. Yaxud da, normal halda bir vaksinin insanın üstündə yoxlanılmasına bu qədər tez icazə verilməzdi, amma belə istisna halda bütün bəşəriyyət vaksinin ilk dəfə insan üzərində test edilməsini canlı izlədi.

Son olaraq bunu deyə bilərəm ki, insanların təbii olaraq daha çox izlənib kontrol ediləcəyi, Yuval Noy Hararinin deyimi ilə, insanlara məhrəmiyyətlə sağlamlıq/təhlükəsizlik arasında seçim etmək imkanının verilməyəcəyi, bunun üçün bildiyimiz və yeni tanış olacağımız bir çox texnoloji yeniliyin həyatımıza, hətta bədənimizə daxil olacağı, istisna hallarla idarə edilməyə alışacağımız bir dövrün astanasındayıq. Burada ədalətsiz bir şey olduğunu da düşünmürəm. Çünki bir vətəndaş və bəşəriyyətin parçası olaraq lap başlanğıcda biz özümüz buna icazə vermişdik.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz