BAYRAMLARIN GƏTİRDİKLƏRİ!
Hər millətin, dövlətin, cəmiyyətin, dinin özünəməxsus bayram və şənlikləri vardır. Millətləri, dinləri uzun ömürlü edən amillərdən biri də məhz bu cür bayram və adət-ənənələrin yer aldığı dəyərlərdir. Öz dəyərlərini qoruyub mühafizə edə bilməyən, sahib çıxıb yaşada bilməyən cəmiyyətlər tarix səhnəsindən silinmiş və adı-sanı qalmamışdır. Odur ki, dünya səhnəsindən silinmək istəməyən və aləmə nümunə olmaq istəyən sivilizasiyalar öz dəyərlərinə sahib çıxmalı, onu yad təsirlərdən mühafizə edərək nəsillər boyu yaşatmağa səy göstərməlidir.
İslam mədəniyyəti hələ ilk günündən etibarən bütün din və mədəniyyətlərin diqqət mərkəzində olmuşdur. Tarix boyunca digər mədəniyyətlər onu öz təsirləri altına alaraq özününküləşdirmək üçün yorulmadan çalışmışdır. Ancaq gücünü vəhydən alan din ilə yoğrulmuş İslam mədəniyyəti hər zaman onların məkrli arzularını qursağında buraxmış, öz humanist anlayışı və xeyriyyəçi mənsubları ilə dünyaya qibtə etdirmişdir.
Danılmaz bir həqiqətdir ki, materialist zehniyyətlə qurulmuş, kapitalist sistemin hökm sürdüyü qlobal, sekulyar mədəniyyətdən İslam coğrafiyası da təsirlənmiş və əfsuslar olsun ki, öz dəyərlərinə, mədəniyyətlərinə yadlaşmağa başlamışdır. Artıq müasir dünyada yaşayan bəzi müsəlman cəmiyyətlərdə İslam mədəniyyətinin onurğa sütunu sayılan mənəvi dəyərlər bayağı kimi görülməkdə, fərqində olmadan öz mədəniyyətinə uzaq olan qərb mədəniyyətinin dəyərləri mənimsənməkdədir. Nəticədə özgə mədəniyyətlə yoğrulan nəsil bir müddət sonra adət-ənənəsinə, ulu babalarına və mədəniyyətinə yad olacaqdır. Beləliklə də, xarici görüntüsü bizdə, zehin və fikir dünyası isə başqa mədəniyyətlərin əsarətində olacaqdır. Əlbəttə ki, bu məqalədə bütün bu dəyərlərə toxunmaq mümkün görünmür. Bu yazımızda İslam mədəniyyətimizin, əsasən də dəyərlərimizin ən əsaslarından biri olan bayramlara, ələlxüsus da astanasında olduğumuz Ramazan bayramına təmas edəcəyik.
Bayram kəlməsi lüğətdə “sevinc və əylənmək günü” olaraq izah edilir. Bu gün həm sevinmək, həm də sevindirmək əsasdır. İslam dinində iki (dini) bayram vardır. Bunlardan biri Qurban, digəri isə Ramazan bayramıdır. Belə ki, İslamdan əvvəl müxtəlif günlərdə özlərinəməxsus bayram keçirən və əylənən dövrün insanlarına Hz. Peyğəmbər bir hədisində belə buyurmuşdur: “Artıq sizin də şənlik keçirəcəyiniz iki gününüz var. Allah cahiliyyə döründə əyləndiyiniz günlərin əvəzinə sizə onlardan daha xeyirlisini bəxş etdi. Bunlar Ramazan və Qurban bayramı günləridir”. (Nəsai, İydeyin, 1)
Bayramlar bayram kimi keçirildiyi zaman əsl sevinc mənbəyi olur. Bəs İslam nöqteyi-nəzərindən bayramlar necə olmalıdır? Hz. Peyğəmbərin mirası olan bayramları necə keçirməliyik ki, onu da sevindirmiş olaq, yad təsirlərdən qorumuş olaq?
Əvvəla onu qeyd edək ki, bayramlarda heç bir xüsusda həddi aşmamalı, israfa yol verilməməlidir. İstər yemək və ikramlar baxımından olsun, istərsə də əylənmək baxımından, İslam dini mötədilliyə əhəmiyyət verən dindir. Əylənərkən səs-küylə digərlərini incitmək, dəbdəbəli süfrələr açaraq həddindən artıq yeməklər bişirərək israfa yol vermək qəbuledilməzdir.
İslam dini bayramlarda həm yeməyi, həm də imkansızlara yedirməyi tövsiyə edir. Ramazanda verilən fitrə sədəqələri bunun ən bariz nümunəsidir. Bayram namazından əvvəl verilməsinin səbəbi də, imkansızların o günü bayram ab-havasında keçirməsini təmin etməkdir. İslam dini sevinci paylaşaraq çoxaltmağı, yetim və kimsəsizlərin başını oxşayaraq onların təbəssümü ilə, onlara xoş əhvali-ruhiyyə yaşadaraq əyləncə sevincini yaşamağı tövsiyə edir.
Bayramlarda yeni libaslar geyinmək nə qədər gözəldirsə, gücü yetməyən ehtiyac sahiblərini öz geyindiyindən geyindirmək onun iki qatı daha gözəldir. “Qonşusu ac ikən tox yatan bizdən deyildir”, - buyuran Hz. Peyğəmbərin hədisi bu ruhla yaşadığımız zaman məna qazanır.
Bayram ovqatlarını qonşularla paylaşmaq qonşuluq münasibətlərimizi möhkəmləndirdiyi kimi, onlarla bərabər bayramı qeyd etməyin zövqünü də yaşamış olarıq.
Bayram gününə bayram namazı ilə başlamaq və şirniyyatdan istifadə etmək Hz. Peyğəmbərin sünnəsindəndir. Ənəs ibn Malikin bildirdiyinə görə, Hz. Peyğəmbər bayram namazına çıxmadan əvvəl mütləq bir neçə dənə xurma yeyərdi (Buxari). Beləliklə, el arasında səsləndirilən bayram günü günortaya qədər oruc tutulması anlayışının Hz. Peyğəmbərin tətbiqatında olmadığı da görülmüş oldu.
Xülasə, israfın tüğyan etdiyi, ehtiyac sahiblərinə qayğı göstərilmədiyi, göstəriş və eqoizmin hökm sürdüyü, özündən keçərək digərlərinin haqqına girildiyi, haram məhlulların yer aldığı ikram süfrələri ilə bəzədilən bayramların yerinə, halal ruzilərlə bəzədilən, bayram ovqatlarının qonşularla paylaşıldığı, uşaqların sevindirildiyi, yetimlərin baş tacı edildiyi, qohum-əqrəbanın ziyarət edildiyi, könüllərin xoş edildiyi, namaz və dualarla yoğrulan bayramlar əsl bayramlardır. Başqalarını sevindirərək sevinməyi tövsiyə edən İslam dininə bu pəncərədən baxıldığı zaman bayram məna qazanır. Bayramınız bayram olsun!
ŞƏRHLƏR