BAĞLAN(MA)!
İnsanlar bir-birinə faydalı olmaq üçün vardır bu dünyada. Ona görə də ya onlara var olma səbəblərini öyrədəcəksən, ya da ki, etdiklərinə dözəcəksən.
İnsan yaşadığı dünyanın bir parçasıdır. O, tək deyil. Tək adamlıq bir dünyada yaşamır. Ona görə də hər birimiz təbiətlə, cəmiyyətlə və insanlarla münasibət halındayıq. Bu məsələdə eqoist davranmağa haqqımız yoxdur. Biri digərinə qarşı hər zaman məsuliyyət daşıyır. İnsan içərisində yaşadığı cəmiyyətə və ətrafındakı təbiətə qarşı həssas olma fəzilətinə sahib olmalıdır.
Yaşadığımız dünyaya faydalı ola bilmək üçün, əlbəttə, özümüzə dəyər verməliyik, özümüzü qoruyub inkişaf etdirməliyik və ən əsası öz qabiliyyətlərimiz və gücümüzdən xəbərdar olmalıyıq. Ancaq tam bu nöqtədə bir neçə xüsusa diqqət edilməlidir. Belə ki, insanın özünə verdiyi dəyər xudbinliyə səbəb olmamalıdır. Çünki xudbinlik bir xəstəlikdir. O, insanı tənhalaşdırır, ona əzab verir və iş əmsalını aşağı salır.
İnsanın bu dünyada ən böyük məqsədi başqaları üçün də faydalı ola bilməkdir. Məşhur bir çörəkçinin çörəyini yeyən biri yoxdursa, onun gördüyü işin heç bir əhəmiyyəti qalmaz. Ağıllı bir çörəkçi isə bişirdiyi çörəklərlə acların qarnını doyurduğunu, onların canına təpər bəxş etdiyini və onlara işləmək üçün bir fürsət verdiyini düşünər. Ona görə də o, bişirdiyi çörəyin ən təmiz, ən ləziz və faydalı çörək olmasını arzu edər və bunun üçün dayanmadan səy göstərər. Bundan sonrakı mərhələdə isə başqalarına faydalı olduğu üçün özünü xoşbəxt hiss edər. Faydalı insan xoşbəxt insandır tezisi ilə yaşayar.
Başqalarına faydası toxunan insanın uzun müddət bədbəxt olması da mümkün deyil. İnsan özünə faydalı olmaq istəyirsə, başqasına faydalı olmağın yolunu tapmalıdır. Xoşbəxt olmaq istəyən dayanmadan yeniliklərə imza atmalıdır. Yaxşı olmaq istəyən, yaxşılaşdırmalıdır. Sevilmək istəyən isə sevməlidir. Həyatda hər şey bu qədər sadədir. Tənhalığın və bədbəxtliyin təməlində insanın başqalarına qarşı yadlaşması, təbiətdən uzaqlaşması və yaradıcılıqdan imtina etməsi yatır.
İnsan təbiətdən və cəmiyyətdən uzaqlaşaraq öz var oluşunu rədd edər və bununla da ruhi və fiziki olaraq xəstəliyə məruz qalar. Təbiət hər an yenilənən və dəyişən bir sistem olaraq işləyir. İnsan yaşadığı təbiətlə iç-içə olduğu üçün bu funksiyanı özündə də təcrübədən keçirməlidir. Çünki dəyişikliyə qarşı dirənib heç bir halda özünü yeniləməyə hazır olmayanlar məğlub olub yox olmağa məhkum olarlar.
Digər tərəfdən, hər şeyin keçici olması həyatın ən gözəl tərəfidir. Bəlkə də, canlılara verilmiş ən böyük nemət budur. Bir şeyin hər zaman səninlə birlikdə olduğuna inanmaq isə səni bir gün məyus edər. Davamlı olaraq itirdiklərinə bağlı qalsan, heç bir zaman qazana bilməzsən. Qazandıqlarına bağlı qalsan, o zaman da itirməyə davam edərsən. Sevdiklərinə bağlansan, onları qoruya bilməzsən. Tənhalığa bağlansan, həyatına gözəllik qatan yeniliklərdən uzaq qalarsan. Beləliklə, eynilə təbiətdə olduğu kimi almağa və verməyə razı olmalısan. Bu zaman ətrafında baş verən dəyişikliklərə təslim olduğun üçün yaşamaq sənə daha rahat olacaq. Əsas olan hər şeyin keçici olduğunu bilmək və bunu qəbul etməkdir.
Mövsümlər keçib getdiyi kimi həyat da keçib gedər. Yaxşı hər zaman ömrünə hakim olmadığı kimi pis də ömür boyu həyatına hakim ola bilməz. Zənginlik də əbədi deyil, yoxsulluq da. Gənclik də keçib gedər, gözəllik də. Ömür boyu qazanmağa çalışdığın şöhrət və zəfər keçib getdiyi kimi duyduğun ağrılar da keçib gedər, acılar da. Sevdiklərin də gedər, sevmədiklərin də. Əlindəkilər də gedər, əldə etmək istədiklərin də. Sən daxil olmaqla heç nə qalıcı deyil bu dünyada. Bu dünya neçə-neçə insan və heyvan nəsilləri gördü. Onlar belə gəlib keçdilər. Dünyadakı təbiət belə itirdiyi şeyə bağlanıb qalmaz. Çünki o itirməz, verər və alar. Hər şey keçicidir. Mövsümlər, meyvələr, məhsullar və hər şey. Təbiətdə mülkiyyət anlayışı yoxdur. Heyvanlar mülkiyyətə sahib deyil. Sahib olduğun şeylər səni aldatmasın. Çünki onların hər biri keçici və müvəqqətidir. Sən özün də müvəqqətisən. Məqsədin unudulmamaq ola bilməz. Unudulacaqsan. Xidmətini et və get. Mülkiyyət və sahib olmaq önəmli deyil, önəmli olan vəfalı olmaq, yoluna dəstək olan hər şeyə hörmət etmək və onlara dəyər verməkdir. Etdiklərimizin sərmayəsini gedəcəyimiz dünyada artıqlaması ilə almaq ümidi ilə...
ŞƏRHLƏR