BİR QORXU SARDI ƏTRAFIMIZI...
Yer üzünə xəlifə olaraq gəlmişdi insan. O insan ki, elə mexanizm və keyfiyyətlərlə təchiz edilmişdi ki, istəsəydi, bəxş olunan o gücüylə yer üzünü haqqın, ədalətin hökm sürdüyü bir məkana çevirə biləcəkdi. Ancaq əsas missiyası bir kənarda qaldı və fəsad çıxarmağı üstün tutmağa başlayaraq xəlifəliyini unutdu. Hadisələrin mərkəzində yenə də insan dayanır...
Dünyanın qlobal təmizlik içinə qərq olduğu bir zamanda daxilimizi və xaricimizi təmizləyib yeni bir mərhələyə qədəm qoyacağımız yola doğru hazırlaşırıq. Geri dönüb baxdığımız zaman bir çox şeyin əvvəlki kimi olmayacağı görüləcək. Kimi keçmişini həsrətlə yad edəcək, kimi də aldığı dərsin təsiri ilə özünü qaydaya salaraq, vərdişlərindən vaz keçərək doğru istiqamət seçmək məcburiyyətində qalacaq. Özünü, əsli kökünü, aid olduğu mənsubiyyətini unutmadan sağlam dəyərləri ilə bu mərhələyə keçənlər hər mənada möhkəm qalmağı bacara biləcək, ayaqlarını daha sağlam yerə basacaqlar. Allahın verdiyinə qane olub bunun bir ilahi təqdir və nəsib olduğunu həyat prinsipi kimi görənlər uyğunlaşmağa çətinlik çəkməzlər.
Titrədik, qorxduq, ölüm qorxusu sardı bir anda hamımızı... Hansı ki, nə bomba partlayışı eşitdik, nə bir raket düşdü yaşadığımız yerə, nə də bir əzazilin bıçağı ilə başımız kəsildi. Bu mənzərələrin yaşandığı bölgələrdəki hadisələri izləyərkən “qədər” (!) deyərək düyməyə basıb kanalımızı dəyişdik. Bir anlıq da olsa, gözümüzü yumaraq təfəkkür moduna keçib “onların yerində biz də ola bilərdik” deyib həmhal olmağa cəhd etmədik. Mütləq edənlər də oldu, ancaq əks-sədası yeri-göyü titrədəcək səviyyəyə gəlmədiyi üçün cılız qaldı. Bəşəri dəyərlər beləcə səssizliyin ayaqları altında tapdandı və cəsarətini toplayıb səsini çıxartmaq istəyənlər də hədəf taxtasına oturduldu. Beləliklə, dünya bir böhranın eşiyinə gəldi çıxdı və qaçınılmaz son. Bəlkə də, bu gün olmasaydı, sabah olacaqdı. Bir çoxlarımız “bu, xəstəlik deyil, kimlərinsə oyunudur” deyib “Allahdan olmayan” olaraq görməyə çalışsa da, unutmamaq lazımdır ki, bir bəşər planı olsa belə, onların potensiallarını bu yöndə istifadə etmələri üçün də şeytan vasitəsilə ilahi icazələri mövcuddur. (!)
Birlik, bərabərlik, həmrəylik, başqa insanları düşünmək, ehtiyac içində qıvranan insanların dərdinə əlac olmaq kimi prinsiplər var ikən narsist, eqo mərkəzli düşüncə ilə həyat tərzi yaşamaq heç bir zaman qurtuluş vəsiləsi olmamış və ictimai fəsadları son dərəcə böyük olmuşdur.
İlahi xitabda yer alan: “heç düşünməzlərmi?”, “təfəkkür etməzlərmi?”, “ağıllarını işlətməzlərmi?” kimi suallar başqa bir varlığa deyil, məhz “əhsəni-təqvim” olan insana yönəldilmişdir. Çünki təfəkkür mexanizmini işlədə biləcək qabiliyyət yalnız ondadır. Ancaq bir çox hərəkəti güc göstərişinə çevrilmiş həmin insan sadəcə həyatda qalmaq, nəfəs almaq naminə bu gün oxuduğu o meydanı digər canlılara buraxmış, canının harayına düşmüşdür.
Materialist düşüncə tərəfdarlarının qəbul edə biləcəkləri bir şey olmasa da, yaşanan hər hadisənin dünya həyatımıza dair bir imtahan olduğunu dərk etməli, dərk etməklə qalmayıb, vədinə sədaqət göstərən bir insan profili şəkilləndirməliyik. Bu inanc və həqiqət unudulduğu zaman başımıza gələn hadisə dözüm və müqavimət göstərmə gücümüzü qırar və islah edilməsi çox çətin travmaya düşməmizə səbəb olar. Yalnız öz gücü ilə maddi zənginliklərə sahib olduğu inancı daşıyan insanların əlindəkilərini itirməsi öz pəncərəsindən baxarkən imtahan kimi görünmür ki, bunu dərk etsin. Baş olmaq, məğlubedilməz gücə və qüdrətə sahib olmaq hərisliyi ilə yaşayan insanların kiçik bir ayaq büdrəməsində yaşadıqları depressiv hal onlara görə imtahan məfhumu ilə izah edilə bilməz. Hər bir süni müsibətin təməlində bu ehtirasdan qurtula bilməyənlərin məqsədləri dayanır.
Daha əvvəl dünyada yaşanmış heç bir böhranda “nəfəs” almaq bu qədər çətin olmamışdı. Ciyərlərimizə çəkdiyimiz oksigenin sadəcə kimyəvi xüsusiyyətini və göstəricilərini öyrənmişdik, onun ilahi lütf olduğunu təfəkkür etməyi isə hər nədənsə daim təxirə salmaqla özümüzü aldatmışdıq. Yaşadığımız virus sindromunda isə aldığımız nəfəsimizi süzgəcdən keçirircəsinə “birdən oksigenlə birlikdə başqa bir parçacıq içimizə düşərsə” deyə əndişələndik. Hansı ki, içimizə düşəcək daha böyük dərdlərimizi unutmuşduq. Nəfəsimizin təmiz olmasına heç bu qədər həssas yanaşmamışdıq. Bu həssaslığın qalıcı olması halında insanlığı müsbət mənada fərqli bir nöqtəyə daşıyacağı inancına sarılmaq istəyir, insan. Nail olub olmayacağımız bəlli deyil, ancaq bu durumun bizi müsbət istiqamətə yönləndirəcəyinə inanmamıza əsas verəcək əlamətlər də özünü göstərir.
Kimlərsə ifsad edici qlobal plan içərisində ola bilər. Onların bir planı varsa, Allahın planı yoxdurmu? Onlar öz planlarını həyata keçirməyə çalışarkən, Allahın planında biz öz yerimizi görə bilirikmi və ya kimin planı içərisində yer almağı özümüzə rəva görürük? Məsələ budur!
Allah var! Kədər yoxdur!
Evə girəndə sellofanı içindəki çörəklə birlikdə ən təmiz yerə, çörək üçün ayırdığımız ən üst rəfə qoydum. Bilmirəm, ona verdiyim dəyəri başa düşdümü, yoxsa məndən incidimi, bu onun öz işidir. Amma mən insan olaraq özümüzü düşünməyə başladım: Biz öz dəyərimizi nə qədər dərk edirik? Can qəfəsində daşıdığımız könül quşu, beyin gücü, dil qabiliyyəti, bunların hamısı qiymətli əmanətlər deyilmi? İçimizdəki iman, sevgi, mərhəmət, yaxşılıq hissi, bunların hər biri ayrı bir zinət deyilmi? Bəs nədən narazıyıq? Razı qalmaq üçün heç bir məsuliyyət daşımadan küləkdə sovrulan içiboş bir həyat arzulayırıq? Yoxsa Allahın qüdrət əlində tutduğu canımızı, onun icazəsi ilə, külək kimi bir anda götürüb aparacaq əzrayılı gözləyirik?
ŞƏRHLƏR