Xocalı
İnsan tarixlə yaşayır, yaşadıqca tarix yazır. Yazdığı hər səhifənin öz dəyəri, öz ağırlığı var. Bu səhifələr arasında sevinc səhifələri də var, hüzn səhifələri də; qürur səhifələri də var, ibrət səhifələri də. Buradakı sətirlərin, kəlmələrin hər biri həyat təcrübəmizi əks etdirən məhək daşı kimi hadisələrlə formalaşır. Davamlı təkrarlanan tarixin növbəti səhifəsinə yazacaqlarımızı müəyyənləşdirmək və təxmin etmək üçün keçmiş səhifələri bir-iki vərəq geriyə doğru vərəqləmək kifayətdir. Yetər ki, o səhifələrdəki gerçəkləri təhrif etməyək, həqiqət payını unutmayaq.
Tariximizin parlaq səhifələri, şanlı zəfər günləri saysız olduğu kimi, bizi kədərləndirən, xatırladıqca qəhərə boğan hadisələr də az deyil. “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə başladı bu xalqın yaxın tarixdəki ayrılıq dolu, ağrı-acı dolu günləri. Həm öz müqəddəratını öz əli ilə təyin etmək hüququna həsrət, həm də özü özünün bir yarısına həsrət qaldı o gündən bəri,
“31 mart soyqırımı” ilə yalnızlığı, çarəsizliyi, öz yurdumuza hakim olmamağın acısını iliklərimizə qədər hiss etdik,
“ADR-in Sovet qüvvələri tərəfindən işğalı” ilə yaramız daha da dərinləşdi, Zəngəzur və Göyçəyə həsrət qaldıq, Qarabağ bağrımızda qara dağ oldu,
“37-38-ci illərin repressiyaları” yüksək nüfuzlu ziyalı təbəqəsini xalqından və həyatdan qopardaraq onu mənəviyyatsız, ruhsuz, millilikdən və yerlilikdən uzaq bir məfkurəyə məhkum qoydu,
“Qanlı Yanvar hadisələri”ndə yenidən oyanışın və özə qayıdışın qarşısını kəsmək üçün dəmirdən bir sədd çəkmək istədilər azad ruhlu insanların qarşısına və o səddi ancaq yüzlərlə insanın qanı bahasına yıxmaq mümkün oldu, hüzn və sevinc bir-birinə qarışdı,
Və “Qarabağ müharibəsi” - əsası yüz il əvvəldən qoyulan məkrli planın işləməyə davam etməsi nəticəsində minlərlə insanımızın qətlə yetirilməsi, bir milyon yurddaşımızın öz doğma yurd-yuvasından didərgin düşməsi, neçə-neçə rayonumuzun, kəndimizin bütün infrastrukturunun məhv edilməsi (bunu işğal altındakı torpaqlarımızı azad etdiyimiz zaman daha yaxşı dərk etdik)... Otuz il boyunca böyük bir fəlakət çökdü bütün Azərbaycanın üstünə. Çox şükür, 2020-ci ildə şanlı bir zəfərlə sonlandırdıq bu ağrılı, acılı dövrü. Lakin hələ də müharibənin acı xatirələri, ağır nəticələri içimizi sızlatmağa, könlümüzü yandırmağa davam edir. Və hər ilin fevral ayında müharibənin ən acı səhifələrindən biri - “Xocalı faciəsi” gəlib dayanır gözümüzün qabağında; ağ-qara şəkillərdə donub qalan insanların çarəsizliyi, gözü yaşlı anaların fəryadı, günahsız körpələrin solğun baxışları, yalınayaq qocaların açıq qalan gözləri...
1992-ci il, fevral ayı, 25-dən 26-a keçən soyuq bir qış gecəsi. Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə iki saatdan bəri top atəşi altında olan Xocalı şəhərinə daxil olur. Gecənin yarısı, saat 12:00 – 01:00 arası. Bir aydır elektrik enerjisindən məhrum qalan şəhərdə vəziyyət onsuz da acınacaqlı idi. Gecənin soyuğuna və zülmət qaranlığa baxmayaraq canlarını qurtarmaq üçün dağ-dərə yolu ilə Ağdam istiqamətinə yola düşdükdən sonra qarşısı kəsilib qətliama məruz qalanlar bir yanda, evlərini tərk etməyərək son məqama qədər şəhərdə qalan və əsir düşən, günlərlə ac-susuz saxlanaraq, işgəncələrə məruz qalaraq həyatları qaralanlar bir yanda... O qanlı soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qocalar olmaqla, 613 Xocalı sakini qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüşdü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Belə bir faciəni unutmaq olarmı?
Unutmamalıyıq! Çünki fələyin təkrarlarla dolu çərxi fırlanıb yenidən bizi hər qarış torpağımızı qanımız bahasına qorumaqla sınadığı zaman bizə ən böyük zərbənin haradan gələ biləcəyini əvvəlcədən bilməliyik.
Unutmamalıyıq! Çünki o torpaqların hər qarışına qəhrəman əsgərlərimizin, doğma el-obasını qoruyan igidlərimizin, şəhidlərimizin al qanı hopub. Onların şərəfli qanı ilə sulanıb bu vətənin gülü də, tikanı da.
Unutmamalıyıq! Çünki tarixin o qaranlıq səhifələrinə qanla atılan parlaq imzaların üstü heç vaxt küllənməməli, külləndirilməməlidir. O imzalar vaxtı gələndə köz kimi qızarar və vətən eşqi ilə yanacaq könülləri yenidən alovlandırıb düşməni külə döndərər, bugünkü kimi.
Şelli dağı heç vaxt unutmayacaq; o ah-nalələri, qar üstündə qanlı iz sala-sala ona pənah gətirən ayağıyalın, yarıac, müdafiəsiz, çarəsiz xocalıları. Biz də unutmarıq!
Qarqar çayı unutmayacaq; qaranlıq gecədə meşə yolu ilə gəlib onun soyuq sularından keçməyə məcbur qalan, islaq paltarları ilə keçərək əsə-əsə yenidən qaranlıq meşədə gözdən itən insanların iniltilərini, buza dönən titrək nəfəslərini və arxalarınca odlanan güllə səslərini. Biz də unutmarıq!
Əgər unutsaq, son damla qanına kimi vuruşan, Əlif kimi dik dayanıb əsla əyilməyən qəhrəman şəhidlərimiz yaxamızdan yapışmazmı? Günlərlə, həftələrlə əsirlikdə qalıb olmazın işgəncələrə məruz qalan Dürdanələri, Valehləri və saysız məzlumları, onların dadına çatmaq üçün həyatını ortaya qoyan Allahverdiləri unutmaq vicdanımızı narahat etməzmi? O kadrları çəkərkən için-için ağlayan, əlində kamerası titrəyən Çingizin fəryadı bizə qənim olmazmı?..
ŞƏRHLƏR