ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ - 10 noyabr bəyanatından sonra

ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ - 10 noyabr bəyanatından sonra

ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ

10 noyabr bəyanatından sonra

44 günlük müharibəyə son qoyan məlum 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından artıq bir ildən çox vaxt keçib. Fikrimizcə, bu razılaşma ilə bağlı ilkin nəticələri söyləmək olar.

   Öncə qeyd edək ki, bu müqavilənin əsas müddəalarından biri olan atəşkəs rejiminə, ideal şəkildə olmasa da, əməl olunmaqdadır. Söhbət məlum atəşkəsdən sonra cəbhə boyu gedən irimiqyaslı döyüş əməliyyatlarına son qoyulmasından gedir.

   Razılaşmanın başqa ən vacib müddəaları Kəlbəcər, Ağdam və Laçından işğalçı qüvvələrin çıxarılmasıdır ki, bu prosesdə ən vacib olan məqam adı çəkilən rayonların itkisiz Azərbaycana qaytarılmasıdır. Düzdür, Laçında hələlik Azərbaycanın suverenliyi tam bərpa olunmayıb, amma Xankəndi-Gorus avtomobil yolu 2023-cü ildə istifadəyə veriləndən sonra bu rayonda da Azərbaycanın suverenliyinin tam şəkildə bərqərar olunacağı gözlənilir.

Sənəddə əks olunan digər vacib məsələ iki ölkə arasında kommunikasiya xətlərinin açılmasıdır ki, Ermənistan obyektiv olaraq təzyiqlər altında bu prosesə qatılmaqdadır. Hal-hazırda Zəngəzur dəhlizinin, yoxsa kommunikasiya xəttinin açılması məsələsində əsas maneə ondan istifadə qaydaları arasında olan ziddiyyətlərdir. Məlum olduğu kimi, Ermənistan bu dəhlizdə gömrük postları qurub Naxçıvana gedəcək mal və məhsullardan rüsum götürmək niyyətindədir. Bunun qarşılığında isə Azərbaycan haqlı olaraq Laçın dəhlizində eyni rejimi Ermənistan üçün tətbiq edəcəyini bildirib. Ölkəmiz hal-hazırda Zəngəzur dəhlizinin Azərbaycan hissəsində aktiv şəkildə avtomobil və dəmiryolu tikintisi ilə məşğuldur. Ermənistan isə rəsmi şəkildə Mehri dəhlizinin istifadəyə verilməsi üçün 200 milyon dollardan çox vəsaitə ehtiyac olduğunu dilə gətirib və ilkin olaraq görünən odur ki, rəsmi İrəvan kommunikasiya xətlərinin açılması məsələsində prinsipial mövqe tutur.

Məhz 2020-ci il 10 noyabr bəyanatı sonucda Ermənistan və Türkiyə arasında ilkin kontaktların qurulmasına səbəb oldu. Məlum olduğu kimi, artıq bu ilin yanvar ayının 14-də Moskvada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşüb doxsan dəqiqə ərzində ikitərəfli münasibətlərin qurulması ilə bağlı görüş keçiriblər. Bu prosesdə maraqlı olan məqam rəsmi Ankaranın yaxınlaşmanın Azərbaycanla razılaşdırılmış şəraitdə həyata keçəcəyini bildirməsidir. İstənilən halda, Türkiyə-Ermənistan arasında ilkin kontaktların qurulması Azərbaycanın milli maraqlarına cavab verir və yeri gəlmişkən, rəsmi Azərbaycan bu prosesə müsbət yanaşdığını bildirib.

Rəsmi Bakını narahat edən məsələlərdən biri 10 noyabr bəyanatının 4-cü bəndində nəzərdə tutulan erməni silahlı qüvvələrinin hələ də bölgədən çıxarılmamasıdır. Razılaşmaya görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Azərbaycan Müdafiə Nazirliyi bu maddənin yerinə yetirilməsi üçün Rusiyaya bir neçə dəfə müraciət edib və böyük ehtimalla Azərbaycan prezidenti İlham Əliyev bu məsələni RF prezidenti Vladimir Putinlə təkbətək görüşlərində qaldırıb. Ermənistan isə hesab edir ki, bu bənd azad olunmuş yeddi rayona aiddir.

Narahatlıq doğuran digər məlum məsələ isə razılaşmanın hərbi əsir, girovlar və digər saxlanılan şəxslərin və cəsədlərin mübadiləsinə aid 8-ci bəndi ilə bağlıdır. Azərbaycan ötən ilki müharibədən sonra saxlanılıb mühakimə edilən bir qrup şəxsdən başqa bütün erməni hərbçilərin qaytarıldığını bildirir. Vətən müharibəsi bitəndən sonra Azərbaycan ölkə ərazisinə girən 62 erməni hərbçini saxlamış, onları Azərbaycan Cinayət Məcəlləsi əsasında mühakimə etmişdi. Sonradan onların bəziləri ölkələrinə geri qaytarılıb. Ermənistan isə onları hərbi əsir sayaraq Azərbaycanı 10 noyabr razılaşmasına əməl etməməkdə ittiham edir.

Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasından danışmaq hələ tezdir. Yaxın illərdə qarşıda sərhədlərin delimitasiya və demarkasiya olunması, eləcə də Xankəndi, Ağdərə, Əsgəran və Dağlıq Qarabağın digər yerlərində Azərbaycanın suverenliyinin bərqərar olunması kimi strateji problemlər durur. Bundan sonra rəsmi Bakı böyük ehtimalla mövcud geosiyasi reallıqları nəzərə almaqla, münaqişənin diplomatik yolla həll edilməsi yoluna üstünlük verəcək.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz