BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ثُمَّ اللهُ يُنْشِئُ النَّشْأَةَ الْآخِرَةَ إِنَّ اللهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

“De: “Yer üzündə gəzib dolaşın və Allahın ilk dəfə necə yaratdığına bir baxın! Sonra Allah axirətdə də belə yaradacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir”. (əl-Ənkəbut, 29/20)

Uca Allahın Qurani-Kərimdəki əmrlərindən biri də ibrət almaq və təfəkkür etmək məqsədilə səyahət etməkdir. Allah-Təala bu ayeyi-kərimədə bizdən yer üzündə gəzib dolaşmağı və gördüklərimizdən ibrət almağımızı istəyir. Dünyanın fərqli yerlərinə səyahət edən bir insan Allah-Təalanın bir çox diyarlarda fərqli rənglərə sahib və fərqli dillərdə danışan insanlar yaratdığına şahid olar və Onun qüdrətini daha dərindən dərk edər. Eləcə də səyahət edilən yerin təbiətindəki xariqüladəlikləri müşahidə edən kimsə Uca Allahın elminin və gücünün sonsuzluğunu, həmçinin Allahın bütün bunları təkrar yaratmağa da qadir olduğunu daha yaxşı anlayar.

Yer üzündə gəzib dolaşmağın məqsədlərindən biri Allahın qüdrətinin şahidi olmaqdırsa, digər bir məqsədi də keçmişdən ibrət götürməkdir. Çünki başqa bir ayədə Allah-Təala: “Onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi?” (Fatir, 35/44) – buyurur. Qurandan və tarixdən məlumdur ki, tarixdə neçə-neçə qövmlər və onların ehtişamlı sarayları yox olmuş və sadəcə izləri qalmışdır. Lakin günümüzdə səyahətə və turizmə fərqli şəkildə yanaşıldığı üçün Qurani-Kərimdəki bu əmrlər layiqincə dərk edilmir. Yer üzünün hansı nöqtəsinə səfər etsək, Qurandakı xəbərdarlıqları xatırladan bir mənzərə ilə qarşılaşarıq. Bu şüurla edilən bir səyahət insana dünyadakı hər şeyin fani olduğunu xatırlatmasına kifayət edər. Ancaq təəssüf ki, günümüzdə səyahətin əsl məqsədi, Quran buyruğunun əksinə, dünyanın faniliyini unutmaq və dünyadan zövq almaqdır. Halbuki yer üzündə səyahət etmək bu dünyanın həqiqətləri ilə üzləşməkdir. Bir mömin səyahət əsnasında və xüsusən də tarixi yerləri gəzərkən Quranın tövsiyə etdiyi ibrət gözü ilə ətrafına baxarsa, bu dünyanın ondan əvvəlkilərin heç birinə qalmadığını və onlardan geriyə sadəcə həmin abidələrin qaldığını dərindən hiss edər.

Qeyd edək ki, ömrünün bir hissəsini səyahət etməklə keçirən Peyğəmbərimizin (s.ə.s) məhz həftənin cümə axşamı günləri səyahətə çıxdığı rəvayət olunur (Buxari, “Cihad”, 103). Digər bir rəvayətə görə, Rəsulullah (s.ə.s) səyahətlə bağlı olaraq: “Allahım, ümmətimə erkən başlamağı bərəkətli et!” – şəklində dua edərmiş (Əbu Davud, “Cihad”, 85). Nəticə etibarilə, hər bir mömin səyahət edərkən Həzrət Peyğəmbərin (s.ə.s) sünnəsinə riayət edərək ətrafına həm ibrət gözü ilə, həm də Allahın qüdrətini düşünərək nəzər salmalıdır ki, bu səyahəti səmərəli və bərəkətli olsun.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz