TƏHƏCCÜD

TƏHƏCCÜD

Uca Allah müsəlmanlara bir gün boyunca - gecə və gündüz qılacaqları beş vaxt namazı fərz buyurduqdan sonra onları Allaha yaxınlaşdıracaq olan nafilə və sünnə namazları qılmaqda sərbəst buraxmışdır. Şübhəsiz ki, hər bir müsəlman öz gündəlik dünyəvi işləri ilə yanaşı, Allaha yaxınlaşmaq və Onun razılığını qazanmaq məqsədi ilə gündüz və gecə saatlarına aid olan sünnə və nafilə ibadət və zikrlərə davam etməyə çalışmalıdır.

Bütöv bir gün ərzində bəndəni Uca Allaha yaxınlaşdıracaq, Onun sevgisini və razılığını qazandıracaq ən fəzilətli nafilə ibadət təhəccüd namazıdır. Allah Rəsulu (s.ə.s) bir hədisində bu namazın fəziləti haqqında belə buyurur: “Ramazan orucundan sonra ən fəzilətli oruc Allahın ayı sayılan Məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan sonra ən fəzilətli namaz isə gecə qılınan (təhəccüd) namazıdır”. (Tirmizi, Salət, 305; Nəsai, Salət, 9)

Təhəccüd - gecə qalxmaq, gecə oyanıb ibadət etmək mənalarına gəlir. Yatsı (işa) namazından sonra yatmadan və ya bir az yatıb oyandıqdan sonra qılınan namaza ümumi mənada “gecə namazı (salətul-leyl)” deyilir. Gecənin üçdə ikisini yatıb, son üçdə birində qalxaraq imsak vaxtına (Gecənin bitib sübhün yaxınlaşdığı, oruc tutarkən yemək-içməyin bitdiyi vaxt) qədər qılınan gecə namazı isə təhəccüd adlanır. Təhəccüd namazını iki, dörd və ya səkkiz rükət qılmaq olar. Bu namazı qılarkən iki rükətdə bir salam verərək qılmaq daha fəzilətlidir. Uca Allah Qurani-Kərimdə təhəccüd namazı ilə əlaqəli ayədə belə buyurur:(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) ucaltsın”. (əl-İsra, 79)  Başqa ayələrdə isə:Onlar qorxu və ümid içində Rəbbinə dua etmək üçün yataqdan qalxar və onlara verdiyimiz ruzidən infaq edərlər”. (əs-Səcdə, 16); Rəhmanın (xalis) qulları o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman: “Salam!”- deyərlər. Onlar gecəni də Rəbbi üçün səcdə və qiyamda (namaz qılaraq) keçirərlər”, (əl-Furqan, 63-64) - buyurulmaqdadır.

Həzrət Aişə (r.anhə) nəql edir: “Peyğəmbərimiz (s.ə.s) gecələr ayaqları şişənə qədər namaz qılardı. Ondan: “Ey Allahın Rəsulu, Allah Sənin keçmiş və gələcək günahlarını bağışladığı halda, niyə bu qədər ibadət edirsən?” – deyə soruşdum. Buyurdu ki: “Bəs mən çox şükür edən bir bəndə olmağı arzu etməyim?” (Buxari, Təhəccüd, 6)

Allah Rəsulu (s.ə.s.) bir hədisində belə buyurur: Rəbbimiz hər gecənin son üçdə birində dünya səmasına (rəhməti ilə) təcəlli edər və: “Mənə dua edin, duanızı qəbul edim, bir şey istəyin, verim, bağışlanma diləyin, əfv edim… - deyə buyurar”. (Buxari, Dəavat, 14)

Səhabələrdən Cabir (r.a) nəql edir: “Allah Rəsulunun (s.ə.s) belə buyurduğunu eşitdim: “Gecələrdə elə bir gizli vaxt var ki, bir müsəlman həmin vaxt Allahdan dün­ya və axirətə dair xeyirli bir şey diləsə, Uca Allah onun ar­zusunu mütləq yerinə yetirər. Bu lütf hər gecəyə aiddir”. (Müslim, Sa­lətül-müsafirin 166)

Təhəccüd namazını sübh namazının vaxtına qədər qılmaq olar. Sübh namazının vaxtı girdikdən sonra artıq sübh namazının sünnəsindən başqa nafilə namaz qılmaq məkruhdur.

Təhəccüd namazına qalxdığımız zaman bu duanı oxumaq sünnədir:

“Allahım! Sən mənim Rəbbimsən, Səndən başqa ilah yoxdur. Məni Sən yaratdın, mən Sənin qulunam. Gücüm çatdığı qədər Sənə verdiyim sözü və əhdimi yerinə yetirirəm. Əməllərimin şərindən Sənə sığınıram. Mənə verdiyin nemətləri təsdiq, günahları isə etiraf edirəm. Məni bağışla, Səndən başqa günahları bağışlayacaq heç kimsə yoxdur”. (Buxari, Dəavat, 2)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz