RAMAZANA DOĞRU
Ramazani-Şərif hicri-qəməri aylardan yeganə aydır ki, Qurani-Kərimdə hörmətlə xatırlanır. Bu ayın fəzilətinə fəzilət qatan, onu hörmətli edən amillərdən biri müqəddəs Qurani-Kərimin məhz Ramazan ayında nazil olmasıdır. Allah-Təala bu barədə belə buyurur:
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir...”. (əl-Bəqərə, 185)
Mübarək ayənin şərhindən aydın olur ki, hidayət kitabı, insanları düzgünlüyə dəvət edən Qurani-Kərim Ramazan ayında nazil edilmişdir. Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının hər saatı Uca Allahın dərgahında qiymətli və dəyərlidir. Elə isə bu ayı özünəməxsus şəkildə qarşılamaq lazımdır. Bu aya qovuşmaq üçün, necə deyərlər, öncədən hazırlıq görməyimiz çox mühümdür.
Ramazana hazırlıq mahiyyətində edəcəyimiz ilk iş tövbədir. Unutmayaq ki, tövbəni yalnız günahkarlar etmir. Günah işlətmək bəşəri xüsusiyyətlərdəndir. Peyğəmbərlər xaric heç kim məsum deyildir. Allah-Təala Rəsulullahın (s.ə.s) əvvəlki və sonrakı günahlarını bağışladığı halda Peyğəmbərimiz Rəbbindən bir anlıq da olsun qəflətdə olmayıb. Allah ona özü və ümməti üçün bağışlanmasını istəməyi əmr edib. Hz. Peyğəmbər (s.ə.s) gündə 70 və ya 100 dəfə tövbə və istiğfar edərdi. Ümumiyyətlə, bütün peyğəmbərlər və möminlər Allaha dua və istiğfar ediblər. Ramazan ayında tövbə və istiğfarı xüsusilə artırmalıyıq.
Ramazana yaxınlaşdıqca Qurani-Kərimi daha çox oxumağa çalışmalıyıq. Çünki Ramazan elə Quran ayıdır. Quranı oxumaqda əsas məqsədimiz onu həyatımızın düsturuna çevirmək olmalıdır. Daha dəqiq desək, onunla yaşayıb ona əməl etməliyik. Quranın dediklərinə əməl etmək üçün ondakı mənaları və Allahın bu ayələrlə bizə nə demək istədiyini başa düşmək lazımdır. Bu isə yalnız onu oxumaqla mümkün deyildir. Allah-Təala bir ayədə buyurur: “Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?!” (Muhamməd, 24)
Ramazana hazırlıq mahiyyətində edəcəyimiz digər bir əməl nafilə olaraq müəyyən günlərdə əlavə oruc tutmaqdır. Peyğəmbərimiz (s.ə.s) Ramazandan öncə xüsusilə mübarək Rəcəb və Şaban aylarında daha çox oruc tutardı.
Bir gün Üsamə ibn Zeyd (r.a) Peyğəmbərimizə (s.ə.s) belə demişdi: “Ey Allahın Rəsulu, mən sənin Şaban ayında oruc tutduğun kimi digər aylarda oruc tutduğunu görmədim”. Peyğəmbərimiz (s.ə.s) cavabında buyurdu: “Bu ay Rəcəb və Ramazan ayı arasında olub insanların qafil olduğu bir aydır. Həmçinin bu ay əməllərin aləmlərin Rəbbi olan Allaha tərəf qalxdığı bir aydır və mən də istəyirəm ki, əməllərim mən oruclu olduğum halda qalxsın”. (Müslim, Siyam 176)
Ümumiyyətlə, Allah Rəsulu (s.ə.s) Ramazana hazırlıq baxımından Rəcəb və Şaban aylarında xeyir əməlləri artırardı. Çünki bu cür xeyir mövsümlərinə yaxınlaşdıqca şeytan insanı tənbəlləşdirir və ona vəsvəsələr edərək sanki belə deyir: “Tərk etdiklərinin əvəzini Ramazanda çıxarsan… Ramazanda daha çox ibadət edərsən...”. Halbuki Ramazan ayı girdikdən sonra da bir çox müsəlman tənbəllik edərək artıq o aydakı xeyirləri əldə edə bilmir. Ramazanın bərəkətini əldə etmək istəyən, Allahın məğfirətini qazanmaq istəyən kəs Şaban ayından etibarən Ramazana hazırlığa başlamalıdır.
Ramazan öncəsi edəcəyimiz digər bir xeyir əməl sədəqə verməkdir. İbn Abbas (r.a) belə rəvayət edir: “Allahın elçisi insanların ən səxavətlisi idi. Ramazan ayında Cəbrayıl (a.s) ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrayıl (a.s) Ramazan ayının hər gecəsində Peyğəmbər (s.ə.s) ilə görüşər, onunla birgə Quranı oxuyub təkrar edərdi. Odur ki, bu günlərdə Allahın elçisi (s.ə.s) xeyirxah işlər görməkdə maneəsiz əsən küləkdən daha comərd olardı”. (Səhih əl-Buxari, 6)
Bildiyiniz kimi, zəkat ibadətini yerinə yetirə bilməyimiz üçün müəyyən miqdarda mala sahib olmağımız şərtdir. Bunun üçün zəkat, yalnız varlı müsəlmanların yerinə yetirəcəyi bir ibadətdir. Sədəqə isə bir az fərqlidir. Hər bir müsəlman səmimiyyəti və sədaqəti nisbətində sədəqə verə bilər. Sədəqə vermək üçün müəyyən bir mala sahib olmaq kimi bir şərt yoxdur. Hətta sədəqə yalnız mal ilə verilən bir ibadət də deyil. Hz. Peyğəmbərin (s.ə.s) ifadəsiylə desək: “(Müsəlmanın) qardaşına göstərəcəyi təbəssüm sədəqədir. Yaxşılığı əmr edib pislikdən çəkindirmək sədəqədir. Yolunu azana yol göstərmək sədəqədir. Gözü görməyən kimsəyə kömək göstərmək sədəqədir. Yoldan daş, tikan, sümük (kimi şeylər) götürüb kənara atmaq sədəqədir...” (Tirmizi, Birr, 36, 1956)
Elə isə gəlin Ramazana elə indidən hazırlaşaq. Tövbə edərək, çoxlu Quran oxuyaraq, nafilə oruclar tutaraq, sədəqə verərək Ramazanı qarşılamağa hazır olaq. Elə edək ki, mübarək aya qovuşduğumuz zaman üzümüz ağ olsun. Elə edək ki, bu bərəkətli aya xoş gəldin deyə bilək.
Allahım, bu duyğu və düşüncələrlə bizi Ramazana qovuşdur!
ŞƏRHLƏR