QÜDSDƏ MERAC SEVİNCİ
Qızmar bir iyul günü xaçlılar tərəfindən ələ keçirilən Qüds artıq 100 ilə yaxın idi ki, tapdaq altında inləyirdi. Uşaq, qadın, qoca demədən kütləvi soyqırımın yaşandığı o işğal gününün yaraları sızladıqca Məscidi-Əqsa qan ağlayırdı. Səlibçilərin Qübbətüs-Səxranın günbəzinə sancdığı böyük xaç müsəlmanların şərəf və ləyaqətini ayaqlar altına atmışdı. Peyğəmbərlər şəhəri olan mübarək torpaq 88 ildir ki, azan səsinə həsrət qalmışdı. İki sevgilinin qovuşduğu Merac günü iki aləmin astanası olan bərəkətli Məscidi-Əqsa keçmişin həsrəti ilə yanıb tutuşurdu...
Məscidi-Əqsa üçün yanıb tutuşan könüllər də vardı. Dualar vardı səmaya yüksələn. Həsrətin göz yaşları vardı. Və bir sərkərdə vardı salam yurdunu əmin-amanlığına xələl gətirən, qüdsiyyətini ləkələyən xaçlılardan təmizləmək üçün gecələr gözünə yuxu getməyən, gülməyi özünə haram bilən... Ümmətin əyilən başını dikəldəcək, məyus çöhrələrə təbəssüm etdirəcək bir sərkərdə vardı...
Döyüşdən-döyüşə atılan, zəfərdən-zəfərə yürüyən cəsur sərkərdənin yalnız bir qayğısı vardı. Eynilə 636-cı ildə şəhəri fəth edən adil xəlifə Ömər bin Xəttab kimi o da bu müqəddəs bölgəni qana bulamaq istəmirdi. Çünki müsəlmanların gözündə Qüds də eynilə Məkkə və Mədinə kimi həram bölgə idi. Franklara yazdığı məktubda şəhəri sülh yolu ilə təslim etmələrini tələb edərək bunun qarşılığında əvəzsiz vədlər etsə də, qarşı tərəf əvvəlki ehtişamına güvənərək təklifi rədd etmişdi.
Allah üçün işğalçılarla sonuna qədər savaşmağa and içən sərkərdəni isə yolundan döndərəcək heç bir maneə yox idi. Qarış-qarış irəliləyirdi. Həlledici Hittin zəfərindən sonra xaçlıların mərkəzinə çevrilən Akka liman şəhəri, Cəlilə, Hayfa və Nazaret ard-arda fəth olunaraq yenidən müsəlmanların hakimiyyəti altına girmişdi. Askalan, Qəzza və Beytlehemi də ələ keçirən İslam orduları nəhayət, Qüdsü mühasirəyə almışdılar. Tarixin gedişatını dəyişən bir çox hadisəyə şahid olan mübarək Zeytun dağı indi İslam ordularına ev sahibliyi etməyin sevincini yaşayırdı. Fəthə sayılı günlər qalmışdı. Sonunda frankların aman diləməsi və sülh şərtlərini irəli sürməsi ilə qəlbi imanla dolu təvazökar sərkərdənin arzusu çin oldu.
Təqvim 2 oktyabr 1187-ci ili göstərirdi. Hicri 583-cü ilin 27 Rəcəb günü...
O gün İslamın vüqarını təmsil edən müzəffər sərkərdə yaşlı gözlərlə şəhər qapılarından içəri girərkən bütün müsəlman dünyası sevinc içində idi. O gün Məscidi-Əqsanın sevincinin həddi-hüdudu yox idi. Mübarək şəhərdə ikiqat Merac sevinci yaşanırdı. Bəlkə də Məscidi-Əqsa ən sevgilini Meraca uğurladığı günkü qədər sevincli idi. Qübbətüs-Səxranın üzərindəki xaç endirilmiş, yenidən kilsədən məscidə çevrilmiş, sərkərdə və bacısı tərəfindən gül suyu ilə yuyularaq Merac gecəsi üçün hazırlanmışdı. Komandan və yoldaşları yaşlı gözlərlə bir məbəddən digərinə girib səcdə və dualar edərkən aman verilmiş franklar şəhərdə əşyalarını satıb gəldikləri yerə qayıtmağa hazırlaşırdılar. 88 il bundan əvvəl səlibçilər tərəfindən ələ keçirilən şəhərlə bugünkü şəhər arasında çox fərq vardı. Yəhudi, müsəlman və xristian demədən qılıncdan keçirilən sakinləri bu gün aman verilmişlər əvəz edirdi. Hətta fidyəsini verə bilməyən qocaların və dulların heç bir qarşılıq ödəmədən azad bir şəkildə şəhəri tərk etməsi, bütün xristianların, hətta frankların belə istədikləri vaxt həcc məqsədilə Qüdsə gəlməsi üçün verilən izin fərmanı tarixə bir daha İslamın gülər üzünü sərgiləyirdi. Mübarək şəhərin daşına, torpağına hopmuş günahsız insanların qanını sevinc göz yaşları yuyurdu...
Şam qazısı Muhyiddin bin Zəkinin bir həftə sonra Məscidi-Əqsa minbərindən həyəcanlı və titrək səsi ilə oxuduğu cümə xütbəsi bu tarixi ana şahidlik edirdi:
“İslama bu zəfəri verən və yüz il sonra onu yenidən haqq yolda müzəffər edən Allaha həmd olsun. Fəthi gerçəkləşdirmək üçün seçdiyi bu ordunun şanı uca olsun. Bu ümməti düşdüyü gülünc durumdan qurtarıb ona əvvəlki ehtiramını geri qaytaran Əyyub oğlu Səlahəddin Yusuf, Allahın salamı sənin üzərinə olsun!..”
ŞƏRHLƏR