KÖNÜL ALMAQ
KÖNÜL ALMAQ
Bakıdan İstanbula, oradan da Bişkekə üzümdə təbəssümə səbəb olan bir qutu gəldi. “Yarım alma - könül alma” deyiblər. Ağırlığı 100 qrama çatmayan yarım alma ilə könül almaq mümkündürsə, içi dolu bu qutu Bişkekdə yaşayan hər kəsin könlünü almağa yetər.
Sevgi və məhəbbət bolluq və bərəkət mənasına gələn kövsərdir. Könül yoxdursa, qış başlayar. “Hədiyyələşin ki, sevginiz artsın” (Muvatta, Hüsnül-xulq, 16) – buyuran Rəsulullaha məxluqatın sayı qədər salət və salam olsun. Əslində, bir-birimizə qarşı sevgimiz imanımızın dəlilidir. Sevgi varsa, iman da var. Sevgi yoxdursa, iman da olmaz. Sevginin olmadığı bir ailə nə qədər davam edə bilər?
İman etmədikcə cənnətə girə bilmərik. Bir-birimizi sevmədikcə də iman etmiş olmarıq. Hədiyyələşmə sayəsində sevginin artması cənnətə girməyin asanlaşmasıdır. “Mən gözəl sevməyə gəldim, əkmək yeməyə deyil” deyən Neyzən Tevfikə də salam olsun.
Hədisi-şərifdə yarım xurma ilə də olsa əliaçıqlıq tövsiyə edilir. Yarım xurma da yarım alma kimidir. Xatırlandığını bilmək insanın əhvalını yüksəldir. Atalar: “Yetər ki, dostum məni xatırlasın; səbəb soğan qabığı olsa da, eybi yoxdur”, - deyiblər. Yarım almadan, yarım xurmadan gəlib soğan qabığına çıxdıq. Bəzən soğan qabığı da insana xoş təsir bağışlayır. Bir neçə qramlıq soğan qabığından keçək möminin möminə təbəssümünə; möminin möminə xoş söz söyləməsi belə sədəqə sayılmışdır. Əlimizdə telefon var; səsli və ya görüntülü zəng edərək təbəssüm və gözəl söz göndərə biləcəyimiz halda göndərmiriksə, içimiz quraqlaşıb, bahar könlümüzü tərk edib. Muhamməd (s.ə.s) bahardır; Əbu Cəhl isə qış. Əlimizdə, dilimizdə bahar var, yoxsa üşüdən, donduran, titrədən qış?! Hər möminin yaradılanlara özlərini yaxşı hiss etdirmək vəzifəsi var. Aclar, xəstələr, sağlamlar, küçə heyvanları, dağdakı vəhşi heyvanlar... Fərqi yoxdur, yaradılan hər kəsə və hər şeyə özünü yaxşı hiss etdirmək, gözəl duyğular yaşatmaq borcumuzdur.
Meşok dolusu salam göndərən Afiqə xalanın göndərdiyi meşok olduğu kimi qalır; heç köhnəlmədi, tozlanmadı. Hər kəs meşok dolusu salam göndərə bilməz. Meşokun yanına Afiqə xalanın qiymətli oğlundan gələn qutu da əlavə olundu. Bu məqamda Tamara xalanı yada salmasam, olmaz; ondan da tez-tez “dünya dolusu salamlar” gəlir. İnsan ayaqda dayanmasına, gəzə bilməsinə, danışmasına heyrətlənməlidir. Bunların hamısı salamla, dua ilə, lütflə gerçəkləşir. Allah diləməzsə, yarpaq tərpənməz. Allah izn verməzsə, insan üzünə qonan çibini də qova bilməz. Reanimasiya şöbələri bu sözü isbat etmək üçün kifayət edər.
Şah Nəqşbənd həzrətlərinə bir gün sual verirlər:
- Niyə sizdə kəramət görülmür?
Belə cavab verir:
- Əzizim, belimizdə bu qədər günah donqarı var ikən hələ də ayaq üstə gəzirik, bundan daha böyük kəramət var?
Yar gələndə toz olmasın deyə küçələrə su səpilən diyardan gələn zənbildə nə olar? Azərçay ilə başlayacağam. “Samovara od salmışam...”. Ayağının tozlanmaması istənən yara qazda qaynamış yox, məhz samovar çayı verilər. “Stəkana qənd salmışam”, - deyə davam edir mahnı; yar əlini qaldırıb əziyyət çəkməsin, qəndini mən atım, hətta çayını da mən qarışdırım deyən incə ruhlu insanlar diyarında çayın yanı rəngbərəng mürəbbələr və şirniyyatlarla dolar, əlbəttə. Qutudan Bakı paxlavası çıxır. Bu diyardan və bu diyarın gözəl insanlarından sevməyi və sevilməyi öyrənirəm. Azərçay paketinin üstündə “doğma çay” sözünü axtarıram. Tapa bilmirəm. Niyə yazmayıblar? “Doğma çay” ifadəsi sanki məni şüalandırıb keçmişə aparır, birlikdə çay içilən insanları xatırladır...
Köhnələr sevməyən, sevilməyən, “ancaq mən, ancaq mən” deyən insanlara: “Şəkəri bölüşmək şəkərdən daha şirindir”, - deyərdilər. Yazıçı Alev Alatlı bir müsahibəsində “qıtlıq Allahdan, aclıq insanlardandır” demişdi. Bir il əvvəl insanlar “korona” səbəbi ilə marketləri talan etmiş, evlərinə aylarla, illərlə yetəcək qədər qida məhsulları doldurmuşdular. Sonra da xarab olduğu üçün zibilliyə atdılar.
Qlobal istiləşmənin və siyasətin dünyada aclığı və qida bahalılaşmasını artıracağının müzakirə edildiyi bu günlərdə bu möhtəşəm söz niyə bir imamdan, qazıdan, müftidən, ilahiyyatçıdan çıxmadı? Qırğızıstanda qar və yağışın azlığından şikayətlənən bir dostuma: “Allah ac qoymaz; bu torpaqlarda alma və ərik çox yetişirdi, bundan sonra hər yanda xurma yetişər, insanlar yenə də ac qalmazlar”, - dedim. Bir şey çatışmazsa, yerinə başqa bir şey çatar.
Dünyada və axirətdə Allah tərəfindən insana “iqra” (oxu) əmri verilmişdir. Dünyadakı “iqra” Ələq surəsindəki: “Səni yaradan Rəbbinin adı ilə oxu!” əmridir. Axirətdəki “iqra” isə İsra surəsinin 14-cü ayəsində keçir: “İndi kitabını (əməl dəftərini) oxu! Bu gün hesaba çəkilməyin üçün sən özün özünə kifayətsən!”. İnsana ilk əmr də, son əmr də “iqra!” əmridir. Hər insan sağ və sol çiyinlərindəki mələklərə həyatının kitabını yazdırır. Həyatımız iki “iqra!” (oxu!) arasında keçir.
Kitabımızın hər dəm eşq və məhəbbət yazması duası ilə...
ŞƏRHLƏR