Gənclik solmadan
2 fevral Gənclər Günü münasibətilə
Hansı mövzu olursa olsun, bir xüsusu əsla unutmayaq ki: “bu dünya axirətin tarlasıdır”. Yəni bu dünyada ikram olunan bütün nemətlər əslində o kəsin axirət yurdunu qazana bilməsi üçün bir imtahan məqsədi ilə təqdim olunmuşdur. Təkasür surəsinin 8-ci ayəsində, insanın qiyamət günü ona lütf edilən bütün nemətlərdən mütləq hesaba çəkiləcəyi, sorğu-sual olunacağı buyurulur. Bu nemətlərdən biri də gənclikdir. İmam Rəbbaninin (r.aleyh) bu xüsusdakı nəsihətində dediyi kimi: “Vaxtların ən şərəflisi olan gənclik çağı ən fəzilətli əməllər üçün xərclənməlidir”.
Bəli, insanın həyatında yaşadığı fərqli dövrlərdən/çağlardan biri də gənclik dövrüdür. Allahın bizlərə lütf etdiyi saysız nemətlərindən biridir, gənclik neməti. Çünki gənclik insanın bədən, ruh, zehin və fiziki cəhətdən ən güclü olduğu çağdır. İnsanın ən çalışqan və ən məhsuldar olduğu dövr gənclik dövrüdür. Ancaq digər nemətlər kimi gənclik neməti də insanın əlində əbədi qalmaz. İllər keçdikcə Allah-Təalanın lütf etdiyi gənclik neməti yavaş-yavaş insanı tərk etməyə başlayar. Bir də görər ki, əvvəllər olan gücü itməyə başlayıb, gözlər əvvəlki kimi görmür, saçlar ağarır, bel bükülür, yaddaş da zəifləyir. Yəni gənclik bir mənada “göz açıb yumana qədər”dir. Nə olub bitdiyi çox da başa düşülmədən keçib gedər.
İnsan qocalanda düşünməyə başlayar və görüləcək çox şeyin olduğunu anlayar, ancaq iş-işdən keçmiş olar. Çünki bunları edəcək nə gücü qalıb, nə də zamanı. Həmin o vaxt gəncliyin və gənclik günlərinin nə qədər qiymətli olduğunu anlayar. Lakin gəncliyini Allahın və Rəsulunun buyurduğu kimi keçirməyibsə, orada peşmanlıq başlayar.
Elə bu səbəblə yaşı hələ gənc olanlar bu illərini tənbəlliklə, boş və faydasız işlərlə keçirməməli, dünya və axirət səadətini qazana bilmək üçün çalışmalıdırlar. İnsan gəncliyində oxumalıdır, elm və bacarıq sahibi olmalıdır - özünə, ata-anasına, ailə və övladına, xalqına və vətəninə faydalı olmalıdır. Əlbəttə ki, bu fürsət əldə ikən gəncliyin qiymətini bilib ona görə qiymətləndirmək lazımdır.
Peyğəmbərimiz (s.ə.s) yeddi sinif insanın məhşər günü Allah-Təalanın kölgəsində kölgələnəcəyini xəbər verir. Bu siniflərin biri də gəncliyini Allaha iman və itaət ilə keçirən, günah işlərdən uzaq duran, Rəbbinin və Rəsulunun əmrlərindən kənara çıxmayan gənclərdir.
Gənclər! Gəncliyiniz solmadan onun qiymətini bilin və əsla idealsız bir həyat yaşamayın. Ancaq bu ideallarınızın mərkəzində də daim Allah-Təalanın rizası/razılığı olmalıdır, unutmayın!
Məsələn, getdiyiniz/girdiyiniz mühitlərə uymaq/uyğunlaşmaq əvəzinə, harada olursunuzsa olun, çalışın (çalışmalıyıq) ki, daim sahib olduğumuz o möhtəşəm İslam şəxsiyyət və xarakterini əks etdirək, bunun üçün səy göstərək.
Dostlarınızı saleh insanlardan seçməyə çalışın. Çünki insan qafillərlə (yəni dünyaya dalıb axirətini unudanlarla) oturub-durduqca onlardakı qəflət zəhərindən -özü hiss etmədən- təsirlənər.
İmam Qəzzali (r.aleyh) nəsihətlərindən birində belə buyurur: “Övladım! Son dərəcə diqqət edəcəyin bir xüsus varsa, o da kimlərlə bərabər olmağındır. Bunu yaxşı bil ki, bir səbət sağlam alma içindəki bir çürük almanı sağlamlaşdıra bilməz. Lakin çürük bir alma hamısını çürüdə bilər. Bunun üçün daim salehlərlə/sadiqlərlə bərabər ol!”
İnsan gənclik dövrünə aldanaraq günahlara dalmamalıdır. Çünki bu güc-qüvvətin arxasından şübhəsiz bir zəiflik və tükənmə dövrü gələcəkdir. Qocalıqda olan peşmanlıq isə əldən qaçırılan fürsətləri geri gətirməyəcək, ruhun həsrət və iztirabını sakitləşdirə bilməyəcəkdir.
Həmçinin: “Əşi hələ çox gəncəm, qarşımda uzun illər var, vaxtı çatanda tövbə edib salehlərdən olaram” kimi nəfsani və şeytani düşüncələrə yol verməmək lazımdır. Çünki ölümün yaşı yoxdur. Hər kəs ölə biləcək yaşdadır. Yolumuz bir qəbiristanlığa düşəndə bizdən daha erkən yaşda vəfat edən neçə-neçə insanların qəbirləri ilə qarşılaşırıq.
Belə düşüncədə olan gənclərə Muhamməd Məsum Sərhəndinin (r.aleyh) gənc bir tələbəsinə etdiyi bu nəsihəti necə də mənalıdır: “Övladım! Ömrün ən qiymətli zamanı gənclik günləridir. İnsanın güclü-qüvvətli, əzalarının möhkəm olduğu bu günlər keçər və ömrün ən zəif vaxtı gəlib çatar. Ancaq çox təəssüf ki, insanlar ən şərəfli qazanc olan mərifətullahı gəlib-gəlməyəcəyi bəlli olmayan qocalıq vaxtına saxlayırlar. Ömrün ən şərəfli vaxtlarını ən rəzil şey olan həva və həvəsə sərf edirlər. Unutma ki, “Sabah edərəm deyənlər, həlak oldu!””.
Bəli, əzizlər! Dünyanın baharı hər il yenidən gələr. Lakin ömrün baharı olan gənclik əsla geri dönməz. Əgər gənclik Quran və Sünnə istiqamətində yaşanmazsa (qiymətləndilməzsə), sabah əldə yalnız «ah ilə vay» qalar.
ŞƏRHLƏR