Gecələr gündüz olmadan…

Gecələr gündüz olmadan…

Doldur o şərabdan, yenə doldur, yenə bir sun!
Dursun gecə, ey dost, onu durdur, nə olursun!
Vur uyqumu zəncirlərə vur, keçməsin anlar,
Varmaz gecənin fərqinə, varmaz uyuyanlar!

Mövlana Cəlaləddin Rumi

İnsan oğlu müəyyən bir zaman dilimində həyat sürür. Həyat sürdüyümüz və ömür adlandırdığımız bu zaman diliminin də bizə görə bölünən müəyyən zaman dilimləri var: səhər, günorta, gündüz, gecə, gün, həftə, ay, il və s. Bu zaman bölgümüzdə, bəlkə də, ən mühüm nüans gün anlayışımızda gizlidir. Çünki saniyələrin dəqiqəni, dəqiqələrin saatı tamamladığı bu dövriyyə gün ilə tamamlanır. Kiçik zaman vahidləri nisbətən böyük olan 24 saatlıq günü - sutkanı meydana gətirir. Günlərsə həftələr, aylar, illər olaraq ömür səhifələrini doldurur. Tez-tez işlətdiyimiz “ömürdən bir gün”, “fələkdən bir gün”, “ömür bir gündür, o da bu gündür”, “filan yaşdan gün aldı”, kimi deyimlər günün əhəmiyyətini və zaman dövriyyəmizdəki mühüm yerini göstərir. Əlbəttə ki, bu bir gün də gecə və gündüzdən ibarətdir. Allah-Təala Qurani-Kərimin bir çox ayəsində gecə və gündüzü yaratmasının hikmətlərinə diqqət çəkir. İlk növbədə bir-birini tamamlayan bu iki zaman diliminin bariz xüsusiyyəti isə gündüzün məişət təmini üçün əlverişli olması, gecəninsə istirahət, dincəlmə vasitəsi olduğudur. Gündüz hər şeyin açıq-aydın gün üzünə çıxdığı, gecə isə hər şeyin üzərinə qara bir örtünün çəkildiyi sirli məqamdır. Ən əsası isə odur ki, Yaradan həm gecəyə, həm də gündüzə and içərək hər ikisinin insan həyatındakı dəyərinə diqqət çəkir.

Bir müsəlman üçün gündüz və gecənin müəyyən saatlarında əda edəcəyi fərz namazlar vardır. Ramazan ayı ərzində oruc tutmaq üçün də gündüz və gecənin müəyyən vaxtları mühüm rol oynayır. Həcc ibadəti əsnasında şeytanın Minada məhz günəş çıxdıqdan sonra, yəni gündüz daşlanması, gecəninsə Müzdəlifədə keçirilməsi əbəs yerə deyil. Deməli, əlimizdə bir gündüz, bir gecə var. Allahın rizasını qazanmamız üçün səy göstərəcəyimiz zaman dilimi bu ikisindən ibarətdir. Gündüzümüz qədər gecəmiz də dəyərlidir. Allah dostlarından Bəyazid Bəstami həzrətləri boş yerə deməyib ki: “Gecələr mənim üçün gündüz olmadan heç bir sirdən agah olmadım”.

Qüdsi hədislərin birində belə buyurulur: “Kim mənim dostuma düşmənlik edərsə, mən ona qarşı hərb elan edərəm. Qulum ona əmr etdiyim fərzlərdən daha sevimli bir əməllə mənə yaxınlaşa bilməz. Qulum (fərzlərə əlavə olaraq) nafilə ibadətlərlə də durmadan mənə yaxınlaşarsa, mən onu sevərəm. Qulumu sevdikdə isə (sanki) eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən bir şey istəsə, mütləq verərəm, mənə sığınsa, onu qoruyaram”. (Buxari, Riqaq, 38) Bu hədisi-şərif çərçivəsində nafilə ibadətləri dəyərləndirərkən gecə qılınan təhəccüd namazının xüsusi bir yerinin olduğunu vurğulamaq lazımdır. Gecənin əhya edilməsinin ən gözəl yolu olan təhəccüd namazının nə qədər əhəmiyyətli olduğunu Hz. Peyğəmbərə ilahi təlimat olan “Gecənin bir vaxtı oyanıb sənə xas olan əlavə namazı (təhəccüd namazını) qıl! Ola bilsin ki, Rəbbin səni tərifə layiq bir məqama ucaltsın” (əl-İsra, 79) ayəsində görmək mümkündür. Ümumiyyətlə, bütün peyğəmbərlərin və Allah dostlarının həyatına baxdığımız zaman gecələri mütləq surətdə ibadətlə keçirdiklərinə şahid oluruq. Hz. Peyğəmbərin çox sevdiyi səhabəsi Abdullah bin Ömər haqda “Abdullah necə də gözəl adamdır, bir də gecələr namaz qılsa lap yaxşı olar” ifadəsi kamil insan olmaq yolunda gecə namazlarının, yəni gecəni ibadətlə keçirməyin əvəzsiz vasitə olduğunu bildirir.

Gecələri əhya etməkdən söz açarkən bu günlərdə gəlişini qeyd etdiyimiz “üç aylar” mövsümünü də xüsusi vurğulamaq lazımdır. Çünki İslam aləmində “üç aylar” adlandırılan və müstəsna fəzilətlərlə dolu olan Rəcəb, Şaban və Ramazan mövsümü savab dəftərimizi dolduracağımız ələdüşməz fürsət məqamıdır. Allah-Təalanın biz bəndələrinə ilahi lütfünün gərəyi olaraq hər il yaşatdığı bu üç ayı gözəl dəyərləndirərək ondan istifadə etməksə bizim öz əlimizdədir. Unutmamaq lazımdır ki, Həzrət Peyğəmbərin mübarək Meracının, hədisi-şəriflərində fəzilətindən söz açdığı Bəraət gecəsinin, Qurani-Kərimin nazil olduğu Qədr gecəsinin yer aldığı bu üç aylarda Allahın rəhmət və bərəkəti sərhəd tanımaz. Bəlkə işlənən kiçik bir əməlin qarşılığının yüzlərlə, minlərlə misli ilə dəyərləndirildiyini düşünərək bu mübarək üç ayların gecələrini əhya etmək əməl dəftərimizi bol savab və həsənatla dolduracaqdır. Məhz bu gecələri Quran tilavəti, təhəccüd namazı, zikr və təfəkkürlə keçirərək eyni zamanda ömrümüzün geri qalan digər günlərini də necə əhya edəcəyimizin təlimini yaşamış olacağıq. Həzrət Peyğəmbər (s.ə.s) hədisi-şərifində cənnətə girməyin yollarını belə göstərir: “Ey insanlar! Salamı yayın, yemək yedirin, qohumlarınızla əlaqənizi davam etdirin. İnsanlar yuxuda olarkən namaz qılın. Bu sayədə sağ-salamat cənnətə girərsiniz”. (Tirmizi, Qiyamət, 42)

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz