Peyğəmbərimizin möcüzələri
Hər bir peyğəmbərin özünəməxsus möcüzələri olmuşdur ki, xalqı heyrətləndirsin və iman etməkdə çətinlik çəkənlər üçün arxasındakı ilahi qüvvəni sübut etsin. Peyğəmbərimizin (s.ə.s) peyğəmbərliyini isbat edən möcüzələr, ümumiyyətlə, üç şəkildə qruplaşdırılır:
- Mənəvi (əqli) möcüzə olan Qurani-Kərim: Qurani-Kərim hər dövrdəki ağıl sahibi insana xitab edən böyük və əbədi bir möcüzədir. Digər peyğəmbərlərin möcüzələri onların dövrü keçəndən sonra bitdiyi və yalnız o dövrdə yaşayanlar müşahidə etdiyi halda, Quran möcüzəsi qiyamətə qədər davam edəcək bir möcüzədir. Hz. Peyğəmbər (s.ə.s) bir hədisində: “Heç bir peyğəmbər yoxdur ki, onlara öz zamanlarındakı insanların inandıqları bir möcüzə verilmiş olmasın. Mənə möcüzə olaraq verilən isə ancaq Allahın mənə vəhy etdiyidir”, - buyurmuşdur.
Qurani-Kərim həm söz, həm də məna cəhətdən möcüzədir. O, ərəb ədəbiyyatının zirvədə olduğu bir dövrdə enmiş, ərəblərə özünün bir bənzərini gətirmələri üçün meydan oxumuş, onları üslubu, heyranedici nəzmi, fəsahət və bəlağəti ilə aciz qoymuşdur. Ümmi olan – başqa hansısa bir alim, yaxud məktəbdən oxu-yazı təhsili görməmiş olan Hz. Peyğəmbərin sırf Allahdan aldığı vəhy ilə insanlara bildirdiyi Quran ən yüksək gerçəkləri əhatə etməkdədir. Elm və texnikanın sonradan aşkarladığı bir çox həqiqətləri Quran əsrlərcə əvvəl xəbər vermiş, heç bir görüş və elmi inkişaf onun ümumi məzmunu ilə tərs düşməmişdir.
Quranın bu xüsusiyyətləri ilə yanaşı, onun insan ürəyində meydana gətirdiyi dərin təsir, gətirdiyi hökm və təlimlərin ülviliyi də onun möcüzə olduğunu göstərir. Çünki Uca Allah oxuma-yazma bilməyən peyğəmbərini onunla dəstəkləmiş, Hz. Peyğəmbər (s.ə.s) də könülləri onunla yumşaltmış, nümunəvi insan və nümunəvi cəmiyyət modelini hazırlayarkən özünə tabe olanları onunla öyrətmişdir.
- Hissi möcüzələr: Hz. Peyğəmbərin (s.ə.s) yaşadığı dövrdə insanlara göstərdiyi, duyğu orqanlarıyla qəbul edilə bilən fövqəladə hadisələrə hissi möcüzə deyilir. Hz. Peyğəmbərin bu cür möcüzələrinin ən məşhurları bunlardır:
- a) Bir gecə Məkkədəki Məscidi-Həramdan Qüdsdəki Məscidi-Əqsaya getməsi ilə başlayan İsra və Merac möcüzəsi. (əl-İsra, 1)
- b) Ayın iki parçaya ayrılması. (əl-Qəmər,1; Buxari,Təfsir 54/1; Əhməd ibn Hənbəl, Müsnəd, 4/81,82) Bu möcüzənin Peyğəmbərimizə (s.ə.s) Əbu Cəhl və başqa müşriklərin “Əgər doğru söyləyirsənsə, ayı iki yerə böl” demələrindən sonra baş verdiyi təfsir alimlərinin əksəriyyətinin ittifaqı ilə sabitdir. Abdullah ibn Abbas, Ənəs ibn Malik və Abdullah ibn Ömər (r.ənhum) da bu görüşü qəbul və təsdiq etmişlər.
- c) İlk dövrlərdə yanında xütbə oxuduğu xurma kötüyünün minbər düzəldildikdən sonra Hz. Peyğəmbərin minbərə çıxışında inilti səsi ilə ağlamağa başlaması və bunun müqabilində Hz. Peyğəmbərin (s.ə.s) kötüyün yanına yaxınlaşaraq əlini ona sürtməsi ilə kötüyün susması hadisəsi.
- d) Xeybər fəthində bir Yəhudi qadının Hz. Peyğəmbəri (s.ə.s) öldürmək məqsədi ilə ona qızardılmış zəhərli qoyun əti təqdim etdiyi əsnada ətin özünün zəhərli olduğunu bildirməsi.
- Xəbəri möcüzələr: Bu cür möcüzələr Hz. Peyğəmbərin (s.ə.s) hər hansı bir təlim və təhsildən keçmədiyi halda keçmiş və gələcəyə dair vermiş olduğu xəbərləri bildirir.
- a) Peyğəmbər (s.ə.s) əvvəlki ümmətlərin tarixini oxumadığı halda yəhudi və xristian alimlərin keçmiş peyğəmbərlər və əvvəlki ümmətlər haqqındakı müxtəlif suallarını vəhylə cavablandırmışdır.
- b) Bədr döyüşü günü düşmən ordusundan kimlərin harada öldürüləcəklərini əvvəlcədən xəbər vermiş və dediyi kimi də olmuşdur. (Müslim, Cənnət, 17)
- c) Qurandakı “Yaxında o (müşrik) birliyi pozulacaq və onlar dönüb qaçacaqlar” (əl-Qəmər, 45) ayəsi Məkkədə enmiş, ayənin xəbər verdiyi hadisə isə Bədr döyüşündə gerçəkləşmişdir.
ç) Yenə Qurani-Kərimdəki “Quranı sənə fərz edən Allah, əlbəttə, səni qayıdacağın yerə (Məkkəyə) qaytaracaqdır...” (əl-Qasas, 85) ayəsində xəbər verilən hadisə Məkkənin fəthi ilə gerçəkləşmişdir.
- d) Peyğəmbərimiz (s.ə.s) bir hədisində: “Yer üzü önümdə bükülmüş və onun şərqi ilə qərbi mənə göstərilmişdir. Ümmətimin hakimiyyəti mənə bükülüb göstərildiyi yerlərə qədər çatacaq”, (Əbu Davud, Fitən, 1) - buyurmuşdur. Həqiqətən də, belə olmuş, İslamın səsi dünyanın hər tərəfinə yayılmış, şərqdə və qərbdə olduqca geniş ərazilər müsəlmanların hakimiyyətində olmuşdur.
ŞƏRHLƏR