Ədəb bir damladır

Ədəb bir damladır

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edirsiniz və Allaha inanırsınız”. (Ali-İmran, 110) 

Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

 Axır zamanın görünməmiş əxlaqsızlıq və həyasızlıq zilləti ilə yüklənmiş çərxi-fələyi kamil bir iman, həya və ədəb ilə yoğrulmuş insanlıq sərmayəsindən böyük parçalar qopararaq dünyamızı misli olmayan bir ədəbsizlik terrorunun əsarətinə doğru sürükləyir. Rəbbinə səmimi qulluğu ilə kainatdakı hər bir varlığa təmiz imanı, ədəbi və həyası ilə diriliş həyatı bəxş edən insan kimliyinin ərsəyə gəlməsi naminə Rəsulullah (s.ə.s) başda olmaqla Onun varislərinin inanılmaz əziyyətlər bahasına  bəşəriyyətə bəxş etmiş olduqları bu əvəzsiz nemətin sürətlə tənəzzülə uğraması, Nəbəvi əxlaqa könül vermiş hər bir kəsin vicdan məsuliyyətini sızlatmaqdadır. Dünya imtahan meydanı elan edildikdən etibarən ədəbli insan yetişdirmə fəaliyyətləri bir an olsun durmamış, bu gün davam etdiyi kimi, sabah da bu çalışmalar davam edəcəkdir. Xüsusi olaraq qeyd edək ki, Allahın (c.c) əxlaqı ilə əxlaqlanmış, maddi və mənəvi bütövlüyü ilə kainatın şərəf vəsiləsi olan insan övladını ədəbsizlik böhranından qurtararaq ədəbin və əxlaqın mənəvi ehtişamını tam gücü ilə dirçəldən Rəsulullahın (s.ə.s): “Heç bir kimsə Mənim Allah yolunda məruz qaldığım əza və cəfanın bir mislinə tuş gəlməmişdir”, (Kənzül-ümmal) - şəklindəki  sərhəd tanımayan fədakarlığı bizi bu mötəbər nemətin qədrini layiqincə qiymətləndirməyə səsləməkdədir. Bu böyük zəhmətin qiymətini və dəyərini çox gözəl anlayan Allah dostları ədəbsizlik zillətinin ümmətin itaət əxlaqına qənim kəsilməməsi üçün düşündürücü, qəlblərə təsir edici bütün təbliğat vasitələrindən ustalıqla istifadə etmişlər. Allah dostlarının sevənlərini irşad edərkən insanlarla yanaşı, canlı və cansız, görünən bütün varlıqlara qarşı nəzakət və ədəb qaydalarının tətbiq edilməsinə ciddi önəm vermələri ədəb əhlinin nəzərindən əsla qaçmamalıdır. Zamanın bənzərsiz alimlərindən olan Somuncu Babaya tələbəsi bir gün maraqlı bir sual ünvanlayır:

“Ustadım! Bilirəm ki, un nemətdir;  yerə, küncə-bucağa atma deyirsən, atmaram! Amma nə üçün odun parçasını da yerə yavaş qoy deyirsən?”

Ustadı belə buyurur: “Bu dünyada yaradılan hər şeyin ruhu var, övladım. “Onlar cansızdır”- deyərək, Allahın (c.c) məxluqatına qarşı nəzakətlə davranış ədəbindən özünü məhrum eyləmə”.

Rəsulullahın (s.ə.s) ümmət dərdindən, ümmət nigarançılığından önəmli pay alan Allah ərlərinin ədəbə olduqca böyük önəm vermələri bizlərə miras olaraq buraxdıqları nəsihətlərindən və hər birimizi ədəb əhli olmağa dəvətlərindən də aydın şəkildə görülməkdədir. Abdulqadir Gilani həzrətləri bu haqda belə buyurur: “İmanın beş qoruyucu qalxanı var: Birincisi yəqindir (doğruluğunda şübhə olmayan sağlam bilgi). İkincisi ixlas, üçüncüsü fərz ibadətlər, dördüncüsü sünnələr, beşincisi isə ədəb və həyadır. Qul həyasını və ədəbini qorumağa davam etdiyi müddət ərzində şeytanın ona yaxınlaşmaq ümidi olmaz. Qul həya və ədəbini tərk edincə şeytan onun imanını sarsıtmaq üçün əvvəl sünnələrinə, sonra fərzlərinə, daha sonra ixlasına, sonunda da yəqininə göz dikər. Bu səbəbdən də bir insanın dəstəmazından, namazından, alış-verişindən tutmuş hər işində həya və ədəb ölçülərini mühafizə etməsi önəmlidir”.

Rəsulullahın (s.ə.s) həya və ədəb təhsilindən keçərək qulluq həyatının diriliş dastanını yazan səhabə nəsli bu istiqamətdə Onun bütün nəsihətlərini can qulağı ilə dinləyərək  ədəbli yaşama eşqinin bir an olsun sönməsinə imkan vermirdilər. Həya və ədəbin kamal nöqtəsinə ucalması üçün səhabə toplumunu bu istiqamətdə daha ali dərəcələrə dəvət edən Allah Rəsulu (s.ə.s) bir söhbətində buyurdu: “Allahdan haqqı ilə həya edin!” Səhabələr: “Ey Allahın Rəsulu! Zatən biz həyalı davranırıq, əlhamdulillah”, - dedilər. Rəsulullah (s.ə.s) bu sözünü belə açıqladı: “Bu həya şəkli sizin anladığınız utanma növündən ibarət deyil. Fəqət Allahdan haqqı ilə həya etmək baş və başda olan orqanları (göz, qulaq, ağız, burun), qarın və onun nahiyəsindəki orqanları hər cür günah və haramlardan qorumaqla, ölümü və torpaq altında çürüməyi daim xatırlamaqla mümkündür. Axirəti istəyən kimsə dünyanın bəzəyini tərk edər. Kim bu şəkildə davranarsa, Allahdan (c.c) haqqı ilə həya etmiş olar”. (Tirmizi, Sifətül-qiyamət, 2458)

Rəsulullahın (s.ə.s) bu muradını yaşayaraq açıqlayan Abdulqadir Gilani həzrətləri buyurur: “Ədəbdən məhrum olan hər bir zaman dilimi Allahın nəzərində sevilmədiyindən, belə anlar lənətə layiq olar. Bu səbəbdən Allaha (c.c) qarşı daim və bütün zamanlarda ədəbli olmaq lazımdır”.

Bir sözlə, Hz. Əlinin (r.a) buyurduğu kimi: “Ədəb vicdanlarda tutulan bir damladır! Qorunmadığı zaman damlayaraq sahibini tərk edər”. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz