SƏN DƏ YÜKSƏL!
İslam dininə görə dəyər və dərəcə insanın Allah dərgahındakı yerinə görə ölçülür. Bu dərəcələr fərqli-fərqlidir. Hətta peyğəmbərlər arasında da müəyyən dərəcələr vardır. Belə ki, Qurani-Kərimdə uca Allah belə buyurmuşdur: “Biz o peyğəmbərlərin bəzilərini digərlərindən üstün etdik. Allah onlardan bəziləri ilə danışmış, bəzilərinin də dərəcələrini yüksəltmişdir”. (əl-Bəqərə 2/253)
Hz. Peyğəmbərin (s.ə.s) Allah dərgahındakı dəyərini ifadə edən ən əhəmiyyətli hadisələrdən biri Merac hadisəsidir. “Merac” kəlməsi ərəbcə “yüksəlmək”, “dırmanmaq”, “ucalmaq” mənasına gələn “uruc” kəlməsindən törəmişdir. Merac hadisəsi bəziləri üçün imanı gücləndirmə vasitəsi olduğu kimi, bəzilərinin də şübhələrini artırmışdır. Peyğəmbərlərin möcüzələrinə “dırnaqarası” baxanlar üçün bu həqiqət heç bir şey ifadə etmir. Fəqət Hz. Peyğəmbərlə (s.ə.s) əlaqəli bütün məsələlərdə Hz. Əbu Bəkr sədaqəti göstərənlər üçün Merac təslimiyyət və yüksəlmə səbəbidir. Meraca sözün əsl mənasında inanan hər bir insan namaz və digər ibadətlərlə Allahın dərgahına yüksələ biləcəyini bilən biridir.
Meracda Hz. Peyğəmbər (s.ə.s) böyük mələklərdən Hz. Cəbrayılın göstərişi ilə xüsusi miniklə Allahın dərgahına yüksəlmişdir. Fəqət bu yüksəlmə keyfiyyəti bilinməyən, bizim idrakımızın fövqündə bir yüksəlmədir. Bəs bu yüksəlmə əsnasında nə baş verdi?
Meracla əlaqəli bir çox hədis rəvayət edilmişdir. Bunlardan biri də Buxari və Müslimin rəvayət etdiyi uzun bir hədisdir. Rəvayətdə deyilir ki, Merac əsnasında yeddi qat səmanın hər bir qatında Hz. Peyğəmbər (s.ə.s) bir peyğəmbərlə görüşmüşdür. Birinci qatında Hz. Adəm, ikincidə Hz. Yəhya və Hz. İsa, üçüncüdə Hz. Yusuf, dördüncüdə Hz. İdris, beşincidə Hz. Harun, altıncıda Hz. Musa, yeddincidə isə İbrahim əleyhissalamla görüşmüşdür. Bu görüşmələrdən sonra məna aləmində Hz. Peyğəmbər (s.ə.s) Allahın hüzuruna çıxdı. Ondan bəzi əmrlər aldı və müxtəlif mükafatlarla onun hüzurundan ayrıldı. Yaşadığı bu metafizik təcrübə sayəsində Hz. Peyğəmbərin (s.ə.s) sahibsiz olmadığına dair inancı və etimadı təzələnmişdir.
Merac səyahəti əsnasında Hz. Peyğəmbərə (s.ə.s) verilən mükafatları belə sıralaya bilərik:
- Namaz. Qeyd olunan uzun rəvayətdə diqqət çəkən bir məqam da namazla əlaqəlidir. Belə ki, Allah tərəfindən əlli vaxt olaraq fərz qılınan namaz, Hz. Peyğəmbərin (s.ə.s) mahiyyəti bilinməyən xüsusi xahişi ilə beş vaxtla məhdudlaşdırılmışdır. Ancaq beş vaxtla məhdudlaşdırılan namaza 50 vaxt namazın savabı yazılacağı Allah tərəfindən bildirilmişdir. Yəni hər bir namaz üçün 10 vaxt namazın savabı veriləcəkdir.
- Bəqərə surəsinin son iki ayəsi: İslam ədəbiyyatında “Əmənər-rasulü” adı ilə məşhur olan bu ayələr xüsusilə işa namazının yekununda oxunur.
- Ümmətindən şərik qoşmayan bəndələrin bağışlanacağı müjdəsi. Bəzi rəvayətlərdə cənnətə girən ilk ümmətin məhz Hz. Peyğəmbərimizin (s.ə.s) ümməti olacağı müjdələnmişdir.
Həmçinin Hz. Peyğəmbər (s.ə.s) Meracda Uca Allahın lüftü ilə bəzi hadisələrə şahid olmuş, müəyyən mənzərələr seyr etmişdir. Bu mənzərələrin seyr etdirilməsinin məqsədi həmin arqumentlərdən təbliğ vasitəsi kimi istifadə edilməsidir. Bunlardan diqqəti cəlb edən bəzilərini qeyd etmək istərdik:
- a) Allah Rəsulu (s.ə.s) Meracda bir dəstəyə baş çəkdi və gördü ki, onların dodaqları dəvə dodaqları kimidir. Oradakı vəzifəlilər onların dodaqlarını kəsib ağızlarına oddan daş qoyurdu. Hz. Peyğəmbər (s.ə.s): “Ey Cəbrayıl, bunlar kimdir?” – deyə soruşdu. Hz. Cəbrayıl da: “Bunlar yetimlərin malını haqsız yerə yeyənlərdir”, – deyə cavab verdi.
- b) Hz. Peyğəmbər (s.ə.s) bundan başqa mis dırnaqları ilə üzlərini və bağırlarını qazıyan bir camaat gördü. Onlara: “Yediyiniz kimi yeyin!” – deyilirdi. Hz. Peyğəmbər (s.ə.s): “Ey Cəbrayıl, bunlar kimdir?” – dedi. Hz. Cəbrayıl: “Bunlar insanların ətini yeyən və sözlə (iftira, qeybət və s.) namusuna təcavüz edən sözgəzdirən və fitnəçilərdir”, – dedi.
- c) Hz. Peyğəmbər (s.ə.s) başqa bir rəvayətində bunu da əlavə edir: “Bir camaat da gördüm ki, qabaqlarına bir süfrə qoyulmuşdu; süfrənin üstündə ən gözəl ətdən kabablar var idi. Ətrafına isə leş düzülmüşdü. Onlar gözəl əti bir kənara qoyub leşləri yeməyə başladılar. “Bunlar kimdir, ey Cəbrayıl?” – dedim. O: “Bunlar zina edənlərdir. Allahın halal etdiyini qoyub haram buyurduğunu yeyirlər”, – dedi.
- d) Bir rəvayətdə də Hz. Peyğəmbər (s.ə.s) belə demişdir: “Bir dəstə qadının köksündən, bir dəstə qadının isə ayaqlarından baş aşağı asıldığını gördüm. Ey Cəbrayıl! Bunlar kimdir?” - dedim. O da: “Bunlar zina edən və uşaqlarını öldürən qadınlardır”, – buyurdu”.
Xülasə, necə ki, Peyğəmbərimiz (s.ə.s) Allahın lütfü ilə onun dərgahına yüksəlmişdir, möminlər də yuxarıda sadaladığımız pis əməllərdən çəkinərək və ələlxüsus məqsədinə müvafiq namaz qılaraq Allahın hüzuruna (mənən) yüksələ bilərlər.
Hər namazımızın merac olması təmənnası ilə.
ŞƏRHLƏR