Üç aylar

Üç aylar

اللهم بارك لنا فى رجب و شعبان و بلغنا رمضان

 “Allahım! Rəcəb və Şaban aylarını bizim üçün mübarək (bərəkətli) elə, bizi Ramazana qovuşdur”.

Sevimli Peyğəmbərimizin (s.ə.s) bu mübarək duası ilə yola çıxırıq. Hədəfimiz Ramazan ayıdır. Bu ayların fəzilət və hikmətlərini bildiyimiz üçün, bunlardan məhrum qalmaq istəmirik. Bir səfərdir, üç aylar. Ömrün hər ilində yaşanan, məna aləminə aparan bir səfər. Hər gecədə, hər həftədə Allah-Təalanın qullarına ikram və ehsanları vardır. İl ərzində də “üç aylar” eyni şəkildə bol bərəkət və savabların müşahidə zamanlarıdır. İçərisində mübarək gecələrin olduğu, müxtəlif hikmətlərin yaşandığı bu zaman kəsiyini qəflət və boşluqlarla keçirmək kiçik bir ömür üçün böyük itki deməkdir.

Ramazana doğru gedən elə bir yol ki, o yolun sonunda çox qiymətli bir gecə və böyük bir bayram vardır. Əvvəlindəki bu mübarək günlər bizim üçün bir məşq və hazırlıq  zamanıdır. İstər ara-sıra oruc məşğələsi, istər gecə ibadətləri, istər Qurani-Kərim tilavətinin kamilləşdirilməsi və zikrlərin qəlblərimizə təsiri, istərsə də bu mövsümdə çoxalan yardımlaşma duyğuları, sədəqə və zəkat hesablamaları; günləri faydalı keçirməyə xidmət edən bütün bu təmrinlər Allaha gedən yolda ruhun incəlməsi və dünyadan bir az sıyrılaraq dincəlməsi üçün əsl fürsətdir. Çünki Ramazana nə qədər kamil bir mənəvi haləti-ruhiyyə ilə qovuşsaq, hikmətindən və fəzilətlərindən bir o qədər istifadə etmək imkanımız olacaqdır.

Bu mübarək aylardakı yaşayışımız digər aylardan, əlbəttə ki, fərqli olacaqdır. Hz.Peyğəmbər (s.ə.s) və əshabının bu zamanlardakı yaşayışlarına baxdığımız zaman ibadət şövqünün artışını, Quran ilə daha çox həmhal olduqlarını, yoxsullara sədəqələrin daha çox yönləndirildiyini görürük. Digər aylara nisbətlə oruclarında artış olduğu da rəvayətlərdə bildirilməkdədir. Bu səbəblə həyatımızda bəzən sürətlənmələr, ibadət və itaət yönündə ciddi səylər olmalı, oturmuş vəziyyətdəyiksə ayağa qalxmalı, yeriyiriksə sanki sürətlənərək qaçmalıyıq. Çünki müsəlmana oturmaq, yavaşlamaq, yerində saymaq, tənbəllik yaraşmaz. Allahın bunda rizası yoxdur. Hesab gününə ən gözəl hazırlıq çalışmaları bu aylardan başlayır. Sanki Rəbbimiz bu aylar ilə bizi motivasiya edir və həqiqətən istifadə edənlər həyatlarındakı dəyişikliyi çox rahatlıqla müşahidə edə bilirlər. Hesab gününə inanan mömin Allah-Təalanın hüzuruna hesabsız, mühasibəsiz çıxmaz, çıxmamalıdır.

Hərdən dünya məşğələlərindən vücudumuz yorğun və halsız qalır. Texnologiyanın çoxalması və irəliləməsinə baxmayaraq bolluğa alışan insan oğlu ruhi və mənəvi cəhətdən daha çox böhran yaşamağa başlayır. Günah yükləri də bu yorğunluğu artırmaqdadır. Elə bu mübarək üç aylar vücudumuzun ibadətlə, qəlbin də Allah ilə olan irtibatı sayəsində dinc və zində qalacağı zamanlardır.  Fərzlərə belə ciddiyyətsiz yanaşıldığı zəmanəmizdə sünnələrə, nafilə ibadətlərə əhəmiyyət verərək Allaha olan qulluq şövqümüzü artıra bilərik.

Şübhəsiz ki, mömin olaraq həmişə ətrafımıza faydalı olmağa çalışmışıq. İndi isə özümüzə də faydalı olma zamanıdır. Gözümüzü, dilimizi, qulaqlarımızı maddi dünyadan bir az da olsa sıyıraraq qəlb dünyamıza, daxili aləmimizə yönələ və mənəvi istiqamətdə yol qət edə, dərəcələr əldə edə bilərik.

Hədisi-şərifdə belə buyurulur: “Rəcəb Allahın ayı, Şaban mənim ayım, Ramazan isə ümmətimin ayıdır”. (Kənzül-Ümmal, XII/310)

Başqa bir rəvayətdə isə buna bənzər bir ifadə ilə belə buyurulmaqdadır: “Ramazan Allahın ayı, Şaban mənim ayımdır. Şaban təmizləyər, Ramazan kəffarə olar”. (Kənzül-Ümmal, XIII/466)

Aylar haqqında bu ifadələr bizə Allahın rizasını necə qazana biləcəyimizi göstərmək üçündür. Əlbəttə, Allahın ayında Allah üçün daha çox qulluq edəcəyik, Peyğəmbərimizin (s.ə.s) ayında ona layiq ümmət olmağa çalışacaq, ümmətin ayında isə yenə ümmətin faydası üçün əmək sərf edəcəyik. Bəlkə də, bu sayədə Allahın sevdiyi qullardan olma şərəfini əldə edə bilərik.

Adətlərdən gələn bayramlarda sinəmizdə bir həyəcan olur. Bu həyəcan sadəcə günün, fəslin, ilin dəyişməsi ilə sönür. Çünki içində ibadət həyəcanı yoxdur. Sanki məhz bəzəkli süfrələr, şəkillər, yemək növləri ilə bir yarış meydana gəlməkdədir. Bütün bunlar bitdiyi zaman elə bil heç biri olmamış kimi normal həyata davam edirik. Ancaq üç aylar və bu kimi mənəvi zaman dilimləri ibadətin yüksək ölçülər qazandırdığı bərəkətli anlardır. Gəlişi ilə bərəkətini seyr edirik, içində ikən ruh aləmimizi dirçəldirik, getdikdən sonra isə mənəvi həzzinin həsrətini çəkir, qazandırdığı gözəl xislətlər ilə şəxsiyyətimizi formalaşdırırıq. Və bu hal uzun müddət bizi ruhən qidalandırır.

Bu bərəkətli vaxtlarda ibadətlərin məna qazanması üçün onların çoxaldılması, keyfiyyətinin artırılması, qiyam, rüku və səcdələrin dərin təfəkkür iqlimində yaşanması vacibdir.

Üç ayların bütün İslam aləmi, eləcə də xalqımız üçün xeyirlərə vəsilə olmasını diləyirik!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz