Rəğaib qəndili

Rəğaib qəndili

Zaman məfhumuna dinimizdə böyük əhəmiyyət verilməkdədir. Hətta Qurani-Kərimdə “Əsr” (zaman) adında müstəqil bir surə vardır. Allah-Təala zamana, vaxta and içərək insanların vəziyyəti haqqında məlumat verir. Müqəddəs kitabımız Qurani-Kərimə nəzər yetirdikdə Allah-Təalanın üzərinə and verdiyi nadir şeylərin olduğunu görərik. Bu da üzərinə and verilən şeylərin qiymət və dəyərindən xəbər verməkdədir. Məhz zaman, Allah qatında qiyməti və dəyəri uca, insanlar üçün də əvəzolunmaz və bahabiçilməz bir nemətdir.

Zamanlar içində elə bir zaman və məqamlar var ki, onların dəyər və qiyməti digərlərindən daha fəzilətlidir. Məsələn, aylardan üç aylar və Məhərrəm, günlərdən cümə, gecələrdən Qədr və digər mübarək gecələr. Məhz belə mübarək gün və gecələrdən biri də Rəğaib gecəsidir.

Mübarək üç aylar başladıqda ilk əhya gecəsi olan Rəğaib gecəsinin feyz və bərəkətindən istifadə etmək fürsəti önümüzə çıxır. Rəğaib qəndili üç ayların başlanğıcı olan Rəcəb ayının ilk cümə axşamında əhya edilən bir gecədir.

Rəğaib, ərəbcə bir kəlmə olub “rəğabə” kökündən gəlməkdədir. “Rəğabə” hər hansı bir şeyi istəmək, arzulamaq, rəğbət göstərərək ona qarşı meyil etmək və onu əldə etmək üçün çalışmaq mənalarına gəlir.

Rəğaib kəlməsi bu şəkli ilə (Rəğaib gecəsi mənasında) Qurani-Kərimdə keçməmiş, ancaq bu sözdən meydana gələn müxtəlif sözlər Qurani-Kərimdə səkkiz yerdə keçməklə “rəğabə”ni (meyil etmək, istəmək) ifadə edən məna üçün işlədilmişdir.

Dini termin olaraq Rəğaib İslam aləmində hörmətlə yad edilən, dəyər verilən beş mübarək gecədən biridir. Hicri təqvimə görə yeddinci ay olan Rəcəb ayının  ilk cümə gecəsi qeyd edilən bu gecə müsəlmanlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Ariflər Rəğaibi rəhmət, fəzilət və bərəkətin ruhlara düşən ilk çilləsi adlandıraraq, ruha baharın gəlmə zamanı kimi tərənnüm etmişlər. Bu gecəni və müstəsna zamanı qiymətləndirmək, onun feyz və bərəkətindən istifadə etmək müsəlmanlar üçün mənəvi bir fürsət olmuşdur.

Onu da qeyd etmək lazımdır ki, dinimizdə sırf bu gecəyə xas xüsusi bir ibadət şəkli yoxdur. Bu gecəni nafilə ibadətlərlə, qəza namazları, Quran tilavəti, salavat və zikrlə keçirmək daha yaxşı və fəzilətli davranış olar. Dünyamızın yanlışa meyl etdiyi, pisliyin, yalanın, qul haqqı yeməyin, zəifləri əzməyin fərasət sayıldığı, bunları etməyənlərin gücsüz, bacarıqsız və fərasətsiz kimi görüldüyü bir zamanda doğruya, halala, haqqa, ədalətə və mərdliyə rəğbət etmək ən böyük qazancımızdır. Hamının etdiyinə deyil, Haqqın dediyinə rəğbət etmək insanlığımız və islamlığımız üçün ən əhəmiyyətli məsələlərdəndir.

Məhz bu cür müqəddəs gün və gecələrdə nəfs mühasibəsi aparmalı, “mən kiməm?”, “nə üçün yaradılmışam?”, “Rəbbimin buyurduğu yol ilə gedirəmmi?”, “insanlığa, ölkəmə, xalqıma və müsəlmanlara hansı xidmət və yaxşılıqlarım var” və s. kimi suallarla müsəlmanın qulluq həyatında olması lazım olanları yoxlamalıyıq.

Nəfs mühasibəsi varlığımızın və şəxsiyyətimizin əsasını təşkil edən əxlaqi dəyərlərimizi itirmə təhlükəsinə qarşı ən yaxşı yoldur. İnancımızın bizə təkidlə vurğuladığı bu yolu tərk və ya ehmal etmək varlığımızı dəyərsizləşdirər. İnsan varlığının dəyərsizləşməsi isə həm mənəvi yöndən, həm də düzgün bir həyat tərzi baxımından nizamın pozulmasına gətirib çıxardar.

Bu mənada Rəğaib qəndili yaxşını arzu etmək və yaxşı olmaq yolunda şəxsiyyətimizdə yenilənmə edərək bu yöndəki nöqsanlarımızı düzəltmək və aradan qaldırmaq üçün gözəl bir vəsilə ola bilər. İlahi rizanın əldə edilməsi üçün bəxş edilmiş fürsətlərə rəğbətlə yanaşmaq, belə fürsət anlarının mənəvi ab-havasından istifadə edərək qəlbimizi saflaşdırmaq, təqva yönündə irəliləmək və əldə edilən mənəvi duyğuları ilin bütün günlərində davam etdirməyə çalışmaq hər bir müsəlman üçün həyat qayəsi olmalıdır.

Bir gün Həzrət Ömər (r.a) Ubey bin Kabdan (r.a) “təqva”nın nə olduğunu soruşur. Ubey (r.a) ona:

- Sən heç tikanlı bir yolda addımladınmı, ey Ömər? – deyir.

Həzrət Ömər:

- Bəli, addımladım, - deyir. Bu səfər Ubey:

- Bəs nə etdin? – deyə soruşur. Həzrət Ömər:

- Paltarımın ətəyini yığdım və tikanlar mənə zərər verməsin deyə diqqətimi cəmləyib hərəkət etdim, - cavabını verir. Bundan sonra Ubey bin Kab (r.a) belə deyir:

- Bax, təqva budur.

Yəni təqva möminin günah və haram tikanlarına ilişməkdən diqqətlə özünü qorumasıdır. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz