SUAL? - CAVAB!
Sual: Əməlsiz iman yoxdurmu, yəni əməlsizlik küfrdürmü? Əməldə əskiklik və yaxud əməli tamamilə tərk etmək müsəlmanı dindən çıxardarmı?
Cavab: Əvvəla qeyd edək ki, İslam yalnız etiqadi əsaslardan ibarət olan bir din deyil. İslam ibadət həyatı ilə birgə bütün həyatı əhatə edən dəyərlər toplusunu özündə cəmləşdirir. Belə olan təqdirdə İslamda iman və əməlin birgəliyi mühüm əhəmiyyət kəsb edir. İslam alimləri imanı tərif edərkən “dil ilə iqrar, qəlblə təsdiq və üzvlərlə əməl” kimi qeyd etmişlər. Lakin dinin əmrlərini yerinə yetirməyən və qadağalarından çəkinməyənləri küfrlə ittiham etməmişlər. Odur ki, qəlbi ilə təsdiq etdiyi halda günah işləyən bir müsəlman kamil mömin yox, qüsurlu və günahkar mömin sayılmışdır. Alimlərin fikrincə, inkar olmadığı müddətcə böyük günah işləyən müsəlmanı təkfir etmək, yəni kafir və ya inkarçı adlandırmaq olmaz. Çünki inancın və əqidənin əsas ünsürü və rüknü qəlbən təsdiqdir. Bu səbəbdən İslam alimləri iman və əməlin bir-birindən fərqli olduğunu dilə gətirərək, aşağıda qeyd edilən ayələrlə bunu dəlilləndirmişlər:
- “Bəqərə” surəsinin 277-ci ayəsində Uca Allah: “İman gətirənlər və saleh əməllər edənlər” buyuraraq “və” bağlayıcısı ilə iman və əməli bir-birindən fərqləndirmişdir. Belə ki, bu ayədə əvvəlcə iman, sonra da əməl qeyd edilmişdir. Əgər əməl imanın bir hissəsi olsaydı, bunlar ayrı-ayrı qeyd edilməzdi.
- “Tövbə” surəsinin 18-ci ayəsində Uca Allah: “Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namazı qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayanlar abadlaşdırarlar. Ümid edilir ki, onlar doğru yolda gedənlərdən olarlar” buyuraraq namaz qılmaq və zəkat vermək kimi əməlləri imanla yanaşı vurğulamışdır.
- Qurani-Kərimdə “iman” gətirmək itaət əmrindən əvvəl qeyd edilmişdir. Məsələn, “Ənfal” surəsinin 20-ci ayəsində Uca Allah belə buyurur: “Ey iman gətirənlər, Allaha və Onun Peyğəmbərinə itaət edin! (Quranı) eşitdiyiniz halda, ondan üz çevirməyin!” Görüldüyü kimi, bu ayədə əvvəlcə iman gətirənlərə səslənilmiş, sonra möminlərin tabe olacağı əmr və qadağalar qeyd edilmişdir. Müsbət və ya mənfi hərəkətlərin imandan ayrı şeylər olduğu açıq-aydın ifadə edilmişdir.
- Qurani-Kərimdə bəzi ayələrdə imanın Uca Allahın dərgahında etibarlı olması üçün əməl şərti qoşulmuşdur. Məsələn, Uca Allah “Taha” surəsinin 112-ci ayəsində belə buyurur: “Hər kim mömin olaraq saleh əməllər etmişsə, o nə haqsızlığa məruz qalmaqdan, nə də (əməllərinin) əskilməsindən qorxar”. Məhz bu ayədə əməlin etibarlılığı üçün iman şərti qoşulmuşdur. Odur ki, əgər əməllər imandan bir cüz, onun bir hissəsi olsaydı, yaxud imanın ünsürü və rüknü qəbul edilsəydi, şübhəsiz ki, iman əmələ bağlanardı. Belə olan təqdirdə əməl olmasa, iman da olmazdı. Lakin ayədə mömin olmaq və yaxşı işlər görmək ayrı-ayrı qeyd edilmişdir. Beləliklə, iman və əməlin ayrı-ayrı şeylər olduğu vurğulanmışdır.
- Qurani-Kərimdə bəzi ayələrdə böyük günah imanla birlikdə qeyd edilmişdir. Belə ki, Uca Allah “Hücürat” surəsinin 9-cu ayəsində belə buyurur: “Əgər iki mömin dəstə bir-biri ilə vuruşarsa, dərhal onları barışdırın! Əgər onlardan biri digərinə hücum edərsə, (həmin dəstə) Allahın əmrinə qayıdana qədər hücum edən dəstə ilə vuruşun! Əgər (o dəstə Allahın əmrinə) qayıdarsa, onları ədalətlə barışdırın və (hər bir işdə) ədalətli olun! Şübhəsiz ki, Allah ədalətli olanları sevər”. Məhz bu ayədə böyük günah olan öldürmə cinayətini işləyənlərdən “möminlər” deyə bəhs edilmişdir. Əgər əməllər imanın bir hissəsi olsaydı, yaxşı əməl sahibi olmayanın imanı da olmazdı. Odur ki, bu ayədən aydın olur ki, Uca Allah böyük günah işləyənləri də mömin kimi tövsif etmiş və onları qeyri-mömin adlandırmamışdır. Beləliklə, iman və əməlin ayrı şeylər olduğu vurğulanmışdır.
Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iman ilə əməl bir-birindən fərqlidir. İmanı olduğu halda fərzlərdən bəzisini tərk edən müsəlman günahkar mömindir və onun əzaba düçar olması və yaxud bağışlanması Uca Allahın əlindədir. Əgər Allah ona cəza verərsə, bu, günahı ucbatındandır. Günahını bağışladığı təqdirdə isə onu əfv edər. Lakin vurğulamaq lazımdır ki, imanın kamil olması üçün yalnız qəlbin təsdiqi kifayət deyil. Qəlbdə olan iman nurunun daim işıq saçması üçün onun ibadət və saleh əməllərə ehtiyacı var. Məhz iman ibadət və saleh əməllər sayəsində qüvvətlənir və kamilləşir. “Məryəm” surəsinin 76-cı ayəsində Uca Allah: “Allah doğru yolda olanların hidayətini/doğruluğunu, düzgünlüyünü artırar”, – buyuraraq düzgün yolda olanların bu yolda irəliləyə bilməsi üçün düzgünlüklərinin artması və çoxalması şərtini qoşmuşdur. Buradan aydın olur ki, əməl imanın bir hissəsi olmasa da, imanın kamilliyi üçün ibadətlər, saleh əməllər, eləcə də ilahi əmr və qadağalara əməl etmək qaçınılmazdır.
ŞƏRHLƏR