Gülxan Bəydəmir - “Xəttatlıqla məşğul olduqca yaşadığımı hiss edirəm”.

Gülxan Bəydəmir - “Xəttatlıqla məşğul olduqca yaşadığımı hiss edirəm”.

Gülxan Bəydəmir

Gülxan Bəydəmir 1950-ci ildə Şamaxı rayonunun Ərəbşalbaş kəndində anadan olub. Uşaqlıqdan rəssamlığa həvəsi olub. Hərbi xidmətdə ikən Xarkovski vilayət rəssamlarının müsabiqəsində akvaril mənzərəsi ilə ikinci yeri qazanıb(1972). 1976-cı ildə Dövlət Rəssamlıq məktəbini bitirib. Sonrakı illərdə bir çox rəsm sərgilərində uğur qazanıb. Eyni zamanda Azərbaycanda unudulmaqda olan daş üzərində oyma sənəti ilə məşğul olub və bu sahədə bir çox sənətkarlar yetişdirib. 1995-ci ildə Türkiyəyə gedərək orada İslam təsəvvüfü ilə tanış olub və xətt sənəti ilə məşğul olmağa başlayıb. 2006-cı ildə İstanbulda keçirilən xətt müsabiqəsində “Əhməd-Muhamməd” adlı əsəri birinci yerə layiq görülüb. Növbəti illərdə də Azərbaycanda, Türkiyədə və bir çox xarici ölkədə xəttatlıqla bağlı müsabiqələrdə iştirak edərək mükafatla təltif olunub.

 

“Xəttatlıqla məşğul olduqca yaşadığımı hiss edirəm”.

İrfan: Gülxan bəy, uzun zamandır ki, xəttatlıqla məşğulsunuz. Hardasa unudulmağa üz tutmuş olan bu qədim sənətimizi yenidən dirçəltmək üçün çalışırsınız. Hətta kiçik bir ev muzeyi də qurmusunuz. Əvvəla necə olub xəttatlığa meyil etdiyinizi, bu sənətə necə başladığınızı öyrənmək bizim üçün maraqlı olardı.

G.Bəydəmir: Dağlardan axan su hara gedər? Su öz yolunu tapar və gedəcəyi, qovuşacağı dəryaya üz tutar. Bu da belə bir şeydir. Özümdən asılı olmayaraq bunu istəmişəm, bu sahəyə yönəlmişəm. Yəni plan qurmadan, bunu qarşıma məqsəd qoymadan eləcə həvəsim olub, gəlib bu sahəyə çıxmışam. Əlbəttə, burada rəssamlıqla məşğul olmağımın da bir payı olub. Həmçinin uzun illər daş üzərində oyma sənəti ilə məşğul olmuşam. İlk olaraq daş üzərindəki kitabələr məndə xəttatlığa maraq oyatdı. Türkiyə ilə sərhədlərimiz açıldıqdan sonra bunun üçün imkan yarandı və ilk fürsətdə bu işin arxasınca düşdüm.

- Neçənci ildən xəttatlığa başlamısınız?

- 1993-cü ildən etibarən qarşıma çıxan xətt yazılarına baxaraq eynisini çəkməyə çalışırdım. Türkiyəyə köçəndən sonra (1995-ci il) əvvəlcə öz-özümə yazmağa başladım. Rəssamlığımdan istifadə edib şəklini çəkirdim, deyirdim ki, nə gözəl yazıram. 2003-cü ildə Kamil Nazik adlı xəttatla tanışlıqdan sonra xəttatlığın anatomiyasını başa düşdüm, gördüm ki, mən hələ heç nə bilmirəm, xətt tamamilə başqa bir şeydir. Bir neçə il onun yanına xəttatlıq dərslərinə getdim. Onda bildim ki, müəllimsiz xətti öyrənmək mümkün deyil. Sonra dünya şöhrətli xəttat Davud Bektaşla tanış oldum. Onun işləri həqiqətən digərlərindən çox seçilirdi. Dünyanın bir nömrəli xəttatlarındandır. İki ilə yaxın da onun dərslərinə getdim. Sonra özümü inkişaf etdirmək üçün öz-özümə çalışdım. Daha böyük ölçülərdə xətt yazıları yazmağa başladım. Bu da əvvəllər rəssam olmağımdan qaynaqlanır, daha böyük tablolar ərsəyə gətirmək istəyirdim.

- Rəssamlığınız necə, o sahədə də çalışmalarınız var?

- Düzdür, ilk illərdə oldu. Sovet dövründə bir çox sərgilərdə iştirak etmişəm, mükafatlarım olub. Sonra Ankarada da sərgim oldu. Amma gördüm ki, məni xətt daha çox çəkir. Şəkil ilə xətt arasında çox fərq var. Neçə il idi ki, Quranı özüm yazmaq istəyirdim. Bu arzumu gerçəkləşdirmək üçün xəttatlığı öyrənməli idim. Quran yazısını - ərəb dilini öyrənə bilmədim, artıq yaşım xeyli çox idi. Buna görə də hərflərə baxıb şəkillərini, eynisini çəkirdim. Xəttatlığı öyrəndikdən sonra Quranı yazmağa başladım və altı ilə yazıb bitirdim.

- Bir səhifəni yazmaq üçün nə qədər vaxt sərf etmisiniz?

- Bir günə elə ancaq bir səhifə yazırdım. Amma hər gün də yaza bilmirdim. Çünki başqa işlərim də var. Artıq bir il olar ki, Quranın tamamını yazıb bitirmişəm.

- Quranı yazdığınız kağızlara baxırıq, elə bil xüsusi kağızlardır.

- Xətt üçün xüsusi kağızlar olur ki, boya kənara yayılmasın. Bu kağızlar çox baha olduğu üçün onları özüm hazırladım. Mətbəədən adi kağızları istədiyim ölçüdə kəsdirib aldım. O kağızlara yumurtanın ağını çəkdim. Sonra kağızı qurudub ütülədim ki, əyri yeri qalmasın. Sonra da xüsusi şüşə alət var, onunla sumbata kimi sürtüb hamarlamışam ki, üstündə kələ-kötür yerləri qalmasın, qələm hərəkət edərkən ilişməsin. Bu iş üçün (bütün Quran kağızları üçün) beş yüz dənə yumurta işlətmişəm. Yoxsa bildiyimiz kağızlara yazmaq olmaz, boyanı çəkər. Həm də kağızın şax qalmasını təmin edir, yeyilməsinin qarşısını alır. Bir də ki, bu kağızın üstündə xəta etsən, silmək də olur, dərhal silib düzəldə bilirsən. Yazını da hisdən düzəldilən hazır boya ilə yazmışam.

- Quranı yazarkən hansı xətti əsas götürmüsünüz?

- Hafiz Osman xəttinə baxıb yazmışam. Amma bəzi dəyişikliklər etdim, belə deyim, oxunuş üçün çox iç-içə olan yerləri sadələşdirmişəm, daha rahat oxunacaq şəkildə yazmışam. Bəzi kəlmələrdə hərəkələr elə qoyulmuşdu ki, ərəbcə bilməyən adam hansı hərfə aid olduğunu ayırd etməkdə çətinlik çəkirdi, mən onları daha dəqiq işləmişəm. Bu işin əhli olan xocalara göstərdim, dedilər ki, bəli, bu yazı daha rahat, daha oxunaqlıdır.

- Bir az əvvəl şəkil ilə xətt arasında, yəni rəssamlıq ilə xəttatlıq arasında fərq olduğunu demişdiniz. Bu fərqi necə izah edərdiniz?

- Əvvəla xəttatlıqda çox böyük məsuliyyət var. Bir nöqtəni belə gözdən qaçırmamalısan. Rəssamlıqda isə özünü unudursan, rola girirsən, ətrafdan üzülüb çəkdiyin şəklin içində ayrı bir əhvali-ruhiyyəyə bürünürsən. Xəttatlıqda ilahi xitabın mənəvi havasını hiss edirsən, müraqibə halında işləyirsən, bunun ruh halı digərindən fərqlidir. Tarix boyu məşhur xəttatlar olub. Məsələn, Sami əfəndi var, böyük xəttat olub, xəttatların piri sayılır. Bir sərgidə onun əsərini də nümayiş etdirirlər. Məşhur rəssamlar ən dəyərli əsər kimi gəlib onun əsərinin qarşısına yığışırlar. Onun xətt əsərində müəllifin daxili həyəcanını hiss etmişdilər. Böyük yazılarda bu belədir, hərfi yazdıqca oradakı cizgilərə ürəyinin döyüntüləri əks edir. O cizgiləri əsil peşəkarlar hiss edirlər.

- Xəttatlıqla məşğul olarkən nə hiss edirsiniz?

- Hiss edirsən ki, yaşayırsan. Başqa vaxt isə sadəcə mövcudsan. Xəttatlıq sanki adamı bu dünyadan qopardır. Bir var var olmaq; inəklər də var, bu, hər kəs üçün adi haldır. Bir də yaşamaq var, yaşadığını hiss etmək, dərk etmək ayrı bir duyğudur.

- Hər adam xəttat ola bilərmi?

- Birinci növbədə bunun üçün həvəs, yəni eşq lazımdır. Qabiliyyət ondan sonra gəlir. Mən hələ orta məktəbdə oxuyanda gözəl şəkillər çəkirdim, hamı deyirdi ki, rəssamdır. Rəssamlığı bitirdikdən sonra gördüm ki, yox, mənim axtardığım, içimdəki boşluğu dolduracaq şey bu deyil. Xəttatlıq üçün onu həqiqətən istəmək, duyğu kimi hiss etmək lazımdır.

- Ən böyük kompozisiyanız hansıdır?

- Bu üç metrlik əlif ən böyüyüdür (xətt nümunələrinin sərgiləndiyi otaqda uzun “əlif” yazısını göstərir). Amma ən əsası “Əhməd-Muhamməd” yazısı idi, Türkiyədə birincilik qazanmışdı (2006). Ən yaxşı yazım o sayılır. Sonra, Həzrət Mövlanaya həsr etdiyim kompozisiya da çox bəyənildi, o da birinci yeri tutdu (2007).

- Yüzdən çox əsəriniz var. Yazılarınızdan satırsınızmı?

- Xeyr, belə əsərlərimi satmağa əlim gəlmir. Amma çox istəyən olsa, nüsxəsini çəkib verirəm. Bilirsiniz, xətt əsərinə qiymət qoymaq olmur, bunun əsas dəyəri mənəvi yönüdür.

- Bəs insanlarımızda xəttatlığa maraq nə səviyyədədir?

- Məncə, Azərbaycan xalqı dünyada ən istedadlı xalqdır. Ona hansı sahədə şərait yaratsan, o sahədə böyük uğur əldə edir. Xəttatlığa da meyli olan gənclər var. Hətta bunun üçün şərait təşkil edilsə, dərs keçmək üçün yer təmin edilsə, xəttatlıq dərsləri verməyi düşünürəm. Mən bu sahədə çox yaxşı bir sənətkar olduğumu iddia etmirəm. Böyük xəttatlarla müqayisədə mən heç xəttat sayılmaram. Mən sadəcə yazıram. İnsan öyrətdikcə özü də öyrənir. Baxın, yüz ildən çoxdur, Azərbaycandan tanınmış bir xəttat çıxmayıb. Amma bu sənətimizi yaşatmaq lazımdır. Bunu gələcək nəsillərə öyrətmək üçün əlimizdən gələni etməliyik. Mən öz evimi xətt muzeyi kimi istifadəyə verməyə hazıram. Amma dərs keçmək üçün xüsusi şərait təmin edilməlidir. Allah ömür verərsə, bunu həyata keçirmək üçün çalışacağam.

- Ən böyük arzunuz nədir?

- İstəyirəm bildiklərimi gələcək nəsillərə öyrədim, tələbə yetişdirim. Bir də ki, rəssamlıqla xətt sənətini birləşdirmək, birgə kompozisiyalar çəkmək istəyirəm.

- Allah ömür versin, inşallah, arzularınızı gerçəkləşdirərsiniz.

- Təşəkkür edirəm, Allah sizi də işinizdə müvəffəq etsin.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz