BİR HƏDİS

BİR HƏDİS

عَنْ أَنَسِ بْنِ مَالِكٍ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: يَهْرَمُ ابْنُ آدَمَ وَيَشُبُّ مِنْهُ اثْنَتَانِ: الحِرْصُ عَلَى العُمُرِ وَالحِرْصُ عَلَى الْمَالِ

Ənəs ibn Malikdən (r.a) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Adəm oğlu yaşlandıqca onda iki şey gəncləşər: Mal-mülk toplamaq həvəsi və uzun yaşamaq arzusu”. (Tirmizi, Qiyamət, 22)

İnsanın dünyaya meyil etməsi sadəcə gənclik dövrü ilə məhdud deyildir. Qeyd etdiyimiz hədisi-şərifdən də anlaşıldığı kimi, insan yaşlandıqdan sonra da həyatın cazibəsinə aldanıb nəfsinin tələsinə düşə bilər. Bunun belə olmaması üçün insanın gənc yaşlardan nəfsini tərbiyə etməsinə ehtiyac vardır. Gəncliyində nəfsini tərbiyə etməyən bir insanın yaşlandıqdan sonra özünə hakim olması çox çətin olur. Bu çətinliyin başında həm mal-mülk sevgisi, həm də çox yaşamaq arzusu gəlir. Qurani-Kərimdə Uca Allah: "İnsanlar yalnız: "İman gətirdik!" - deməklə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı güman edirlər?" - buyurmuşdur. (əl-Ənkəbut, 29/2) Ayədən də anlaşıldığı kimi, insan həyatına davam etdikcə onun qarşısına müxtəlif sınaqlar çıxar. Bu imtahanda insandan dünyanın müvəqqəti olduğunu, əsl və əbədi həyatın isə axirət həyatı olduğunu dərk etməsi gözlənilir.

Mal-mülk, məqam, şan-şöhrət, dəbdəbəli həyat kimi insanın dünyada tamah saldığı bir çox şey olsa da, bunların arasında, demək olar ki, bütün dövrlərdə birinci yeri mal-mülk sevgisi tutmuşdur. Bəlkə də, elə bu səbəblədir ki, Allah Rəsulu (s.ə.s) bir hədisində bu məsələyə belə diqqət çəkmişdir: "Hər ümmətin bir fitnəsi (imtahanı) var. Mənim ümmətimin fitnəsi isə mal-mülkdür". (Tirmizi, Zöhd, 26)

Hədisin diqqət çəkdiyi ikinci xüsus insanın çox yaşamaq arzusudur. İnsan yaşadığı mühitə uyğunlaşan bir varlıqdır. İllər keçdikcə bir ağac misalı həyatın dərinliklərinə doğru kök atar. Bu köklər dərinləşdikcə insanın həyatdan qopması da çətinləşər. Bu səbəblə də o, yaşa dolduqca həyata daha çox bağlanar və yaşadıqca ölümü özünə yaxın görməz. Halbuki onun qaçdığı ölüm mütləq onu yaxalayacaqdır. (əl-Cümə, 62/8)

Təbiətdə baş verən proseslər, nəsillərin dəyişməsi, yaşıllıqlara bürünən nəbatat aləminin fəslin dəyişməsi ilə sapsarı saralması və buna bənzər bir çox nümunələr əslində onun üçün bir ibrət səhnəsidir. Lakin gəncliyində özünü təfəkkürə alışdırmayan bir insan üçün yaşlandıqdan sonra bunları düşünməsi də çətin olur və yaşadıqca yaşamaq istəyir. Ölümü özünə o qədər uzaq təsəvvür edir ki, ölüm ona yaxınlaşınca ağlını itirəcək nöqtəyə qədər gəlib çatır. Çünki ölümdən sonrası üçün əlində heç bir şey yoxdur. Halbuki Uca Allah zamanında ona: "Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır", - buyurmuşdur. (əl-Bəqərə, 2/197)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz