XƏMSƏ YURDUNDA

XƏMSƏ YURDUNDA

Azərbaycanın qədim mədəniyyət beşiyi, ədəbiyyat yurdu, dövlətçilik mayası sayılan tarixi şəhərlərindən birinə - Gəncəyə üz tutduq. Nizami ilində Nizami elinə baş çəkmədən olmaz dedik. Dahi şairin, böyük şeyxin hüzuruna çıxıb mənəviyyatından hissə almaq, əziz xatirəsini yada salmaq misilsiz bir nemət və böyük şərəfdir.

Yolüstü rayonları və kəndləri keçdikcə Gəncəyə yaxınlaşdığımızı hiss edirik. Və nəhayət, qala qapılarından Qədim Gəncə şəhərinin ərazisinə daxil oluruq. Budur, yolun sağ kənarında (məqbərə olan tərəfdə) ard-arda düzülən gözoxşayan “Xəmsə” kitab abidələri gələnləri salamlayır, hər bir əsərin qəhrəmanlarını və mahiyyətini xatırladaraq ziyarətçiləri mənən dahi şairin hüzuruna çıxmağa hazırlayır...

Sirlər xəzinəsi. Həyatın ayrı-ayrı sahələrini əhatə edən, cəmiyyətin müxtəlif təbəqələrini rəngarəng surətlərlə əks etdirən, həm keçmişi xatırladan, həm də gələcək üçün idealist fikirlər aşılayan bir əsərdir. İnsanları düşündürən, narahat edən bir çox problemlərə işıq tutaraq çıxış yolu göstərən, ilahi mənbədən qidalanaraq rəhmət nuru saçan bir çıraqdır. Bizim poema kimi xarakterizə etdiyimiz “Sirlər xəzinəsi” və ümumiyyətlə “Xəmsə” bir çox mənbələrdə Nizaminin məsnəvisi kimi qeyd olunur. Tövhidlə, minacatla başlayan, Hz. Peyğəmbərə (s.ə.s) nəti-şərif ilə davam edən, İslam dininin əhkamlarını sadalayan ədəbi əsəri tərif etmək üçün bundan daha gözəl ifadə varmı? Var-dövlətə aldanmamaq, güc və səltənətə arxalanmamaq onun hakimiyyət təsvirində əsas xüsusiyyətlərdən biridir. İdeal hökmdarın sözdən heykəlini ucaldan şair həqiqi ədalət təməlləri əsasında dünyəvi və üxrəvi xoşbəxtliyin yolunu göstərir. Bunun üçün gah keçmişə yelkən açıb Nuşirəvanı bayquşlarla söhbətə cəlb edir, gah öz dövründə küçəyə çıxıb Sultan Səncərin yolunu kəsərək qoca bir qarının ağzından həqiqətləri dilə gətirir. İman, iradə, sədaqət, ləyaqət, sevgi, hörmət, halal zəhmət... demək olar ki, bütün əxlaqi keyfiyyətlərin sirlərini bu xəzinədə tapmaq mümkündür.

Xosrov və Şirin. Əsər ilk baxışda böyük bir məhəbbət dastanı təəssüratı yaratsa da, onun sətir altlarında insan iradəsinin gücünü, dünyəvi ehtirasların ictimai həyatda yaşada biləcəyi faciələri, böyük zəhmət və yuxusuz gecələr bahasına əldə edilə biləcək nemətləri və ədalətlə hökm edilən ölkədə nail olunacaq rifah düşüncələrini hiss etməmək mümkün deyil. Şirinin dili ilə Xosrova ədalət dərsi verərkən şair əslində bütün əsrlərə, bütün insanlığa səslənirdi. Əsərlə şair eyni zamanda qadına hörmətin də yüksək pilləsini və ideal ölçülərini bir mədəniyyət iftixarı kimi sərgiləyərək dövründə dünyanın qaranlıq guşələrinə işıq saçmaqdadır. Sirlər xəzinəsi kimi Uca Yaradanın tərifi, ona dua, minacat və Peyğəmbərinə sevgi dolu beytlərlə başlayan əsər öz möhtəvası ilə İslam mədəni təfəkkürünün ən bariz nümunələrindən birini ortaya qoyur.

Leyli və Məcnun. Bu ifadə Şərqin hər bir guşəsində doğma bir ad kimi xoş təsir bağışlayır. Nizami Gəncəvi də bu mövzu ilə əlaqədar bir çox mənbələri araşdıraraq Şərqin müştərək əfsanəsini qələmi ilə bəzəmiş, füsunkar dəst-xətti ilə söz möhrünü vurmuşdur. Allahı dünya gözü ilə görə bilmədikləri halda məhəbbəti ilə yanan Haqq aşiqlərinin sevdası cismən qovuşa bilmədiyi Leylanın eşqi ilə dəli-divanə olan Məcnunu xatırlatmırmı?

Yeddi gözəl. Dünya nemətlərinin gözəlliyi əslində onları yaradanın gözəlliyindən xəbər verir. “Yeddi gün” bütün həftəni əhatə etdiyi kimi, “yeddi” rəqəmi də insanın bütün həyatı, bütöv bir tarix deməkdir. Aldadıcı dünya nemətləri, şəhvət düşkünlüyü, təkəbbür kimi mənfi təmayüllər qarşısında insanın öz nəfsinin tələsinə düşüb-düşməməsi onun ağlının və imanın təlqin etdiyi qaydalara riayət edib-etməməsindən asılıdır. Elə hər əsərin girişində və demək olar ki, hər bir səhifəsində verilən ilahi dəvət mesajları da bütün məsələyə bu prizmadan baxmağı təlqin edir.

İskəndərnamə. İskəndər öz hökmranlığı ilə dünyanın şərqi-qərbi, yuxarısı-aşağısı, hər yanına hakimiyyət möhrünü vurduğu kimi, Nizami Gəncəvi də yaradıcılığını “İskəndərnamə” ilə yekunlaşdırıb qazandığı dərin həyat təcrübəsini hər yönü ilə “Xəmsə”nin bu son halqasına nəqş etmişdir. İskəndərin timsalında təşəxxüs etdirdiyi ədalət anlayışı əslində sakinləri xoşbəxt bir dünya üçün şairin qurduğu xəyalların, daşıdığı ümidlərin və iman etdiyi ilahi çıxış yolunun mənzuməsidir.

Yolumuza davam edirik. Və nəhayət, torpağın bağrından çıxıb göylərə ucalan əzəmətli məqbərənin silueti görünür. Məqbərəyə yaxınlaşdıqca şairin dühası insanın gözündə, könlündə və bütün varlığında böyüdükcə böyüyür...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz