KEÇMİŞİMİZDƏN QOPMADAN GƏLƏCƏYƏ BAXMAĞI BACARMALIYIQ
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru
Mehman İsmayılov:
“Keçmişimizdən qopmadan gələcəyə baxmağı bacarmalıyıq”.
İrfan: Mehman müəllim, xoş gördük sizi. Xüsusilə son vaxtlar milli-mənəvi dəyərlər mövzusu ilə tez-tez rastlaşırıq. Hər kəs milli, yaxud mənəvi dəyərlərdən bəhs edir. Biz də qərara gəldik ki, bu haqda birbaşa rəsmi qurum olan “Mənəvi Dəyərlərin Təbliği Fondu”na üz tutaq. Milli-mənəvi dəyərlər deyəndə nə başa düşməliyik, ümumi olaraq dəyərlər nəyi ifadə edir?
- İsmayılov: Dəyərlər mövzusu, ümumiyyətlə, insanın var olduğu tarixlə həmyaşıddır. İnsan yarandığı gündən bəri onun dəyərləri mövcud olub. Tarixə nəzər saldığımız zaman istər mədəni abidələr olsun, istərsə də dini abidələr, əlyazmalar və s. olsun, bütün tədqiqatlar bunu deməyə əsas verir. Çünki dəyər özü insanla bağlı bir məsələdir. Bu, insanın həm özü ilə, həm digərləri ilə, həm kainatla, həm də tanrı ilə münasibətlərindən doğur və bu baxımdan hər dövrdə öz aktuallığını qoruyur. Bu o demək deyil ki, bir dəyər təkcə bir xalqın məhsuludur. Elə dəyərlər var ki, bütün insanlığa məxsusdur. Bütün bunlarla yanaşı, lokal, yerli dəyərlər də var. Ümumiyyətlə, dəyərlər bir gündə ortaya çıxmır. Bir çox hallarda dünyada gedən proseslər nəticəsində xalqlara məxsus olan dəyərlər artıq ümumbəşəri dəyərlərə çevrilir. Bu, cəmiyyətdə davam edən uzun bir prosesdir. Hətta deyirlər ki, bir hərəkətin, davranışın, əməlin və s. dəyərə çevrilməsi üçün ən az üç nəslin dəyişməsi lazımdır. Dəyərlər çox geniş bir məfhumdur. Mənəvi dəyərlər isə dəyərlərin - maddi və mənəvi dəyərlərin - bir bölümünü təşkil edir. “Mənəvi” ifadəsi “məna” kökündən törəyib. Mənəvi dəyərlər insanın dünyanı anlamağa çalışması və ona məna verməyə çalışması nəticəsində ortaya çıxır. Buna görə də hər bir xalqın varlığında, keçmişində, kimliyində mənəvi dəyərlər çox mühüm yer tutur və bu məsələ bu gün də öz aktuallığını qoruyub saxlayır.
- Belə başa düşürük ki, mənəvi dəyərlər insanın məsələnin məğzindən agah olmağa çalışmasıdır. O zaman deyə bilərikmi ki, hər bir xalqın mənəvi dəyərləri əslində onun dünyagörüşünü əks etdirir?
- Əslində, hər bir xalqın dünyagörüşü, onu anlamağa çalışma cəhdi daha geniş bir məfhumdur. Bunun əsas sütunlarından biri də həmin o xalqın mənəvi dəyərləridir. Yəni mənəvi dəyərlər o xalqın dünyagörüşünün əsas dayaqlarından biridir. Bəzən mənəvi dəyərlər dedikdə ilk olaraq ağlımıza Şərq dünyası gəlir ki, bu yanlışdır. Halbuki, adi internetdən belə araşdırma etsək, rahatlıqla görə bilərik ki, bu heç də belə deyil; Qərbin ən aparıcı ölkələrində də universitet, lisey və bu kimi səviyyədə dəyərlərlə bağlı çox ciddi çalışmalar müşahidə edirik. Dəyərlər təlimi uşaqlıqdan etibarən başlayır. Əlbəttə, Şərq ilə Qərbin mənəvi dəyərlərində fərqli baxış bucağı ola bilər. Şərqin və Qərbin keçdiyi tarixi yolun özünəməxsus cəhətləri var. Amma ümumilikdə isə bir çoxu ümumbəşəri dəyərlərə söykənir. Məsələn, ədalət, yaxşılıq, mərhəmət və s. Bu sadaladıqlarımız hər yerdə yüksək dəyər sayılır. Ona görə də təhsildə bu məsələlərə daha geniş yer vermək zərurəti gündən-günə artır. Bizim böyük tarixi keçmişimiz var. Eyni zamanda bu günün dünyasına da inteqrasiya olunmağa çalışırıq. Keçmişdən gələcəyə bu gündən baxmalıyıq. Yəni bu gündən hər ikisini nəzərə almalıyıq. Düşünürəm ki, təhsildə bu məsələlərə əhəmiyyət verilməsi xüsusilə zəruridir. Bu bir həqiqətdir ki, istər orta məktəbdə, istərsə də ali məktəblərdə təhsil alan gənclərimizin dəyərlər və ümumilikdə mənəviyyat mövzusundakı fikirləri, yerli və ümumbəşəri dəyərlərlə bağlı baxışları istənilən səviyyədə deyil. Bu problemin üzərində daha çox durmaq lazımdır.
- Hər bir xalqın öz şairləri, yazarları, dahi şəxsiyyətləri var. Onun adı çəkiləndə həmin xalq, yaxud onun yaşadığı yer yada düşür. Bu mənada bizim də Nizami, Nəsimi, Füzuli kimi şəxsiyyətlərimiz var. Sizcə, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında bu kimi dahilərin nə kimi təsiri olmuşdur?
- Əlbəttə, dediyiniz kimi, hər bir xalqın tarixində simvola çevrilmiş müəyyən insanlar, əsərlər, abidələr, günlər və s. var. Bunlar o xalqın varlığı və kimliyi ilə sıx bağlıdır. Bizim tariximizdə də min illərdən bəri simvollaşan şəxsiyyətlər var. Mən burada xüsusilə bir nüansa diqqət çəkmək istəyirəm; bilirsiniz ki, xüsusilə də Qərb dünyasında ortaya çıxan modernləşmə - buna müasirləşmə də deyə bilərik - nə keçmişə bağlı qalmaqdır, nə də keçmişi tamamilə inkar etməkdir. Əslində Şərq toplumları üçün də bu belə olmalıdır. Təbii ki, tariximizdə çox böyük şəxsiyyətlər və digər məsələlər var, biz onlara söykənərək özümüzü ifadə edə bilərik. Amma bugünkü dünya hər cəmiyyətin yenilənməsini tələb edir. Bu prosesi hər yerdə müşahidə edirik. Məsələn, İngiltərədə bu gün də Şekspir yaşayır, amma onu günümüzə - XXI əsrin İngiltərəsinə də daşıya biliblər. Nizami, Nəsimi, Füzuli və digərlərinin çox mühüm əsərləri var, onlar Azərbaycan sərhədlərini aşaraq dünyanın hər yerində tanınırlar, amma biz sadəcə bununla kifayətlənməli deyilik. Onların fikirlərini zəmanəmizə daşıya bilməliyik. Bunu nə üçün deyirəm, onlar öz dövrünün mühüm insanları olublar, öz dövrlərinin şəraitindən təsirləniblər. Bu gün bizim yaşadığımız dünyada bizdən də tələb olunan şərtlər var, istəsək də, istəməsək də. Yaranmış mühitə uyğunlaşmalıyıq. Məhz bu uyğunlaşmada o dahi şəxsiyyətlər və onlardan öyrəndiklərimiz kənarda qalmamalıdır. Onlar bugünkü şəklə, bugünkü üsluba uyğun, metodlara uyğun təbliğ edilməlidir. Tutaq ki, “ədalət” mənəvi bir dəyərdir. Hansı ki, onun haqqında dahilərimizin əsərlərində oxuyuruq. Amma bu gün müasir dünyada ədalət məfhumunun çətiri çox genişlənib. Biz o çətirin altındakı ədalət anlayışına da ayaq uydurmalıyıq. Orada Nizaminin də yeri olmalıdır, digərlərinin də. Bununla kifayətlənməyib biz də öz töhfəmizi verməliyik.
- Çox gözəl qeyd etdiniz, Mehman müəllim, yəni təkcə keçmişdəki Nizamilərlə kifayətlənmək yox, yeni Nizamilərin meydana çıxması üçün çalışmalıyıq. Bu istiqamətdə, bilirik ki, “Mənəvi Dəyərlərin Təbliği Fondu” müəyyən fəaliyyətlər həyata keçirir. Son illərdə görülən işlərlə bağlı nələri qeyd etmək istərdiniz?
- Fondun yaranması Azərbaycanda mənəvi dəyərlərlə bağlı yeni bir təcrübə oldu. Əvvəla qeyd edim ki, biz hər il işlədikcə, bu sahədə fəaliyyət göstərdikcə həm öz nöqsanlarımızı yaxından görə bilir, həm də edə biləcəyimiz yeniliklərlə bağlı qənaətə gəlirik. Pandemiyadan əvvəl bölgələrdə bir çox tədbir həyata keçirmişik. Fond olaraq gənclərlə, məktəblilərlə dəyərlərimiz, tariximiz, dinimiz mövzusunda, keçmişimiz, bu günümüz və gələcəyimizin sintezi mövzusunda layihələrimiz olub. Çoxsaylı tədbirlər, müsabiqələr keçirmişik. Tanınmış şairlərimizin, yazıçılarımızın bölgələrə səfərlərini təşkil etmişik. Həmçinin gənclərin müxtəlif bölgələrə ekskursiyasını təşkil edərək fərqli adət-ənənələrin daha yaxından tanınmasına çalışmışıq. Bənzər layihəni din xadimlərimiz, fərqli dinlərin nümayəndələri üçün də təşkil etmişik, birgə təlimlər həyata keçirmişik. Bu tədbirləri sırf şəriət nöqteyi-nəzərindən deyil, həm də ölkəmizin mədəniyyəti nöqteyi-nəzərindən həyata keçirmişik. Mən düşünürəm ki, din xadimi öz dinini bilməklə yanaşı, tarixini də, mədəniyyətini də yaxşı bilməlidir. Bəzi onlayn müsabiqələr də keçirmişik. Məsələn, bu yaxınlarda başa çatan “Dəyərlərimizi paylaşaq” müsabiqəsini yeni bir üslubda həyata keçirdik. Sosial şəbəkələrdə aktiv olan gənclər status, foto və ya video vasitəsilə yaxşılıq, mərhəmət, doğruluq, ədalət kimi dəyərləri müəyyən etdiyimiz həştəqlərlə paylaşaraq yarışdılar. Ondan əvvəl “Tarixin şahidləri”, “Mənəvi mirasımız: Alban dini məbədlərimiz” müsabiqələri ilə tarixi abidələrimizə diqqət çəkdik. Məktəblər arasında “Mənəvi dəyərlər” adı altında intellektual yarışlar təşkil olundu, bunu on beş rayonda həyata keçirdik. Pandemiya dövründə bugünkü şərtlər altında o müsabiqələri davam etdirməyə çalışırıq. Məsələn, Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə “Zəfər yolu” adlı yeni layihəmiz var, hazırda davam edir. Bu layihəmizdə əsas məqamlardan biri də məhz “Vətənim Azərbaycandır” adlı esse yazı müsabiqəsidir ki, ölkəmizdəki bütün universitet tələbələri arasında keçiriləcək. Layihə çərçivəsində qazi və şəhid ailələrinin üzvlərinin iştirakı ilə gənclərimizlə görüşlər təşkil ediləcək. Bundan başqa, milli-mənəvi dəyərlərimizin təbliği və yaşadılmasına xidmət edən kitab nəşrlərimiz, film və videoçarxlarımız və bir çox fəaliyyətlərimiz davam edir.
- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik, Mehman müəllim.
- Mən də təşəkkür edirəm. Milli-mənəvi dəyərlərin təbliği istiqamətində apardığınız işlərdə sizə də uğurlar arzulayıram.
ŞƏRHLƏR