İRSİMİZİN İZİNDƏ
Dünyada tarixin axışına, mədəni irsin formalaşmasına təkan verən müəyyən şəxsiyyətlər olub. Hər bir xalqın özünəxas tanınmış simaları var ki, onların anılması ilə yaşadıqları şəhər və ya ölkə də bir anda insanın gözü önündə canlanır. Əlbəttə ki, bu, həmin şəxsiyyətlərin yaşadıqları bölgənin mədəni mühitinə, siyasi, iqtisadi və bu kimi inkişafına göstərdikləri xidmətlə birbaşa bağlıdır. Hər hansı xalqın, millətin ortaq dəyərinə çevrilən belə şəxsiyyətlər məhz həmin xalqı dünyaya tanıtmaqla yanaşı, yaşadıqları bölgəni də dünya çapında brendə çevirməyə xidmət edirlər. Məsələn, Mövlana dedikdə ağlımıza Konyanın gəlməsi, Molla Pənah Vaqiflə Şuşanın yada düşməsi, Səlahəddin Əyyubi ilə Qüdsün bir anda gözümüzün önündə canlanması kimi. Bu eyniləşmənin qarşılıqlı nəticəsi olaraq həmin şəhər və bölgələrin anılması da təbii ki, sözünü etdiyimiz şəxsiyyətləri yada salır. Bu mənada yuxarıda sadaladığımız şəxs-məkan ardıcıllığını tərsinə çevirib deyə bilərik ki, Konya dedikdə ilk ağlımıza gələn Mövlana olur, Şuşa Molla Pənah Vaqiflə canlanır gözümüzün önündə, Qübbətüs-Səxranın qızıl qübbəsi ilk baxışda xaçlılara qarşı mübarizə aparan Səlahəddinin dəbilqəsini xatırladır, Qarabağın adı çəkiləndə Pənahəli Xan yada düşür istər-istəməz. Bəs bu il 880 illiyini qeyd etdiyimiz dahi şairimiz Nizami deyəndə ağlımıza nə gəlir? Əlbəttə ki, doğma yurdumuzun qədim diyarlarından olan Gəncə şəhəri. Elə bu səbəblə “İrfan” kollektivi olaraq “Nizami Gəncəvi” sayımızı hazırlayarkən Gəncəyə üz tutmaq qərarına gəldik. Həm dahi şairin xeyir-duasını almaq, həm də onun yaşadığı mühitin əsrlər sonrasına gəlib çatan izlərini axtarmaq üçün yola çıxdıq. Nizamini görməsək də, Gəncəni görək dedik.
Yaxşı yoldaşla yol da qısalarmış. Tezliklə günü-gündən çiçəklənən ölkəmizin ikinci şəhəri Gəncə qapılarına çatdıq. Bir qayda olaraq gələn qonaqlara evin ağsaqqalı “xoş gəldin” deyər. Bizi də şəhərin girişində el ağsaqqalı Nizami qarşıladı. Salamlayaraq türbəsinin önündən keçib Gəncəyə daxil olduq. Nizaminin Gəncəsinə, sözləri incitək sətirlərə düzərək nəzm ustaları yetişdirən Gəncəyə. Vətənin bir qarışını belə düşmən tapdağına verməmək üçün son damla qanına qədər vuruşan cəsur Cavadxanların diyarına, XX əsrin qanlı-qadalı illərində min bir əziyyətlə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtına…
Qırmızı kərpicdən tikilmiş köhnə evlərin, tarixi binaların arasından keçdikcə Gəncənin ruhunu hiss edirik. Gəncə memarlıq məktəbinin özünəxas üslubunda tikilən kərpic evlər bir anda bizi xanlıqlar dövrünə, oradan da Azərbaycan mədəniyyətinin intibah dövrünə, Nizami çağına aparır. Ustaların simmetrik incəliklə üst-üstə qoyaraq inşa etdiyi qırmızı kərpic tikililər sözləri zərgər dəqiqliyi ilə seçərək ədəbiyyatımıza bir-birindən gözəl əsərlər bəxş edən Nizamini xatırladır. Qeyri-ixtiyari “Kərpickəsən qocanın dastanı”nı yada salırıq. Sanki şairin dilindən:
“Nə xəzinə yığanam, nə də tirmə geyənəm,
Öz halal zəhmətimin çörəyini yeyənəm.
Halalca nemətimə naşükür olma mənim,
Nemətə xor baxana nemət qənimdir, qənim”, - misralarını eşidirik. Bir daha bu torpağın yetişdirdiyi zəhmətkeş insanları, müdrik gözütox qocaları rəhmət və ehtiramla yad edirik.
Gəncənin mərkəzində orta əsrlərə aid möhtəşəm bir abidə qarşılayır bizi: XVII əsrdə inşa olunan Şah Abbas Məscidi. Bütün tarixi şəhərlərimizin mərkəzində ulu əcdadımız tərəfindən inşa edilən bir-birindən gözəl məscidlər kimi Şah Abbas məscidi də həyatın mərkəzinə mənəviyyatı qoymamızın lüzumundan xəbər verir. Aran memarlıq üslubunda tikilən məscid və yanında yerləşən Çökək hamam eyni zamanda öz bənzərliyi ilə bir anda bizi Arazın o tayına - Təbriz yurduna aparır. Və 1920-ci ildə şəhəri ələ keçirən rus-bolşevik ordusunun top atəşləri ilə yara alan minarəsini seyr edərkən
Nələr çəkmiş başın sənin,
Bilinməyir yaşın sənin, - deyib dərindən köks ötürürük.
Bir az irəlidə Cavad xanın mütəvazi türbəsini görüb ruhuna Fatihə oxumaq üçün yaxınlaşırıq. Rus işğalçılarına qarşı uzun müddət şəhəri müdafiə edən və nəhayət, bu yolda şəhadət şərbəti içərək canını qurban verən Cavad xanın burada dəfn edilməsi, əlbəttə ki, təsadüfi deyil. Sanki bu şərəfli məzar hər gün Gəncə sakinlərinə keçmişi xatırladaraq yetişən nəsilləri vətənpərvər ruha səsləyir. Məğlubedilməz xan sanki məzarından Xaqaninin bu beytini hayqırır:
Nə qılıncdan qorxarıq, nə qanlı dar ağacından,
Çünki Türkük, ər köksümüz al qırmızı dan geyinib...
Qürur və fəxarət hissi ilə Gəncənin mənəvi mühafizi Cavad xanla sağollaşıb başqa bir tarixi məkana yollanırıq. Hamının “Cümhuriyyət evi”, yaxud da “Cümhuriyyət binası” kimi tanıdığı məkana. Ötən əsrin əvvəllərində ilk müstəqillik toxumlarının atıldığı o tarixi binaya yollanarkən hürriyyətin nə qədər böyük bir nemət olduğunu daha yaxından hiss edir və bu günləri bizə bəxş edənlərə minnət borcumuzu yada salırıq. 1918-ci ildə 3 aylıq bir müddət ərzində Xalq Cümhuriyyətinin Milli Şurası və milli hökumətinin yerləşdiyi binada ilk baş nazir vəzifəsini icra edən Fətəli xan Xoyskinin iş otağı və şəxsi əşyaları ilə tanış oluruq. Çox da böyük olmayan nazir masası cümhuriyyətin nə qədər ağır şərtlər altında, məhrumiyyətlər içində fəaliyyət göstərdiyindən xəbər verir. Bir anda Fətəli xan Xoyskinin qabaqcıl dünya ölkələrinə ünvanladığı radioqram mətni yada düşür:
“Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan etmiş, Azərbaycan Respublikasını yaratmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumətim müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir.
İmza: Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri”.
Divar saatına baxırıq, 103 il bundan əvvəl taleyüklü çətin qərarların verildiyi dəqiqələrin necə də gərgin keçdiyinin fərqinə varırıq bir anlıq.
Məhz o ağır günlərdə Anadoludan qardaş köməyinə gələn Qafqaz İslam Ordusunu yad edərək Nuru paşaya vəfa borcumuzu ödəmək üçün onun Gəncədə qaldığı və qərargah olaraq istifadə etdiyi Şeyxzamanlıların ev muzeyinə üz tuturuq. Həyətə girər-girməz bir anda küçənin səs-küyü kəsilir. Evin və həyətin quruluşu sözün həqiqi mənasında insanı 100 il əvvələ aparır. Bütün ölkəni cənginə alan erməni quldur dəstələrini məhv etmək və əsas hədəfi Bakını işğaldan azad etmək olan Qafqaz İslam Ordusunun məğrur komandanı Nuru Paşa sanki bu dəqiqə taxta pilləkəndən bizi salamlayacaq. Otaqları gəzərkən bir daha Azərbaycan – Türkiyə qardaşlığının nə qədər möhkəm bağlarla bir-birinə bağlı olduğunu hiss edirik. Bəli, biz ulu öndərin dediyi kimi “bir millət, iki dövlətik”. Buna tarix şahiddir. Çanaqqalada məzarları olan Azərbaycan türkləri, eləcə də Azərbaycanın dörd bir yanında dəfn edilmiş Qafqaz İslam Ordusu şəhidləri bunun ölməz şahidləridir. Yeri gəlmişkən, düşmənə dirənişin bir başqa şahidi - Gəncənin məşhur qala divarlarının ayaqda qalan son parçasını görmək arzusu ilə Xan bağına da baş çəkirik. Sadəcə bir neçə metrdən ibarət qalan bu başıbəlalı divar repressiya qurbanlarından Əhməd Cavadın elə bu bağda müəllim yoldaşına dediyi şeiri yada salır:
Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam, ahu-zardır sirdaşım.
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər məskən olmuşdur bana.
Mənə dinmə, sus deyirsən, nə vaxtacan susacam,
Böhranların, hicranların, məhbəsində qalacam?
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana Vətənimdir talan olan bu diyar…
Nəhayət, səfərimizin sonunda Nizaminin mənəviyyat dəryasına dalmaq üçün məqbərəyə yollanırıq. Şairdən əvvəl elə məqbərənin arxa tərəfində mərhum ata-anasının o qədər də məşhur olmayan məzarını ziyarət edib ruhlarına Fatihə oxuyuruq. Sözdən qəsrlər ucaldan Nizaminin göyə doğru yüksələn ecazkar məqbərəsi qarşısında heyrətə qapılmamaq mümkün deyil. Çünki bura sözün sükuta büründüyü yerdir. Sükutun hakim olduğu bu məkanda yalnız sözün ustadı danışır, sadəcə qəlb qulağı ilə dinləyə bilənlərin eşidəcəyi tonda. Poema qəhrəmanlarından ilham alaraq hazırlanan guşələri seyr edərkən özümüzü bir anda “Xəmsə”nin içində hiss edirik.
Nizamidən ayrılmaq istəməsək də, vaxtın darlığı səbəbilə sağollaşıb mənəvi dayaqlarımızdan olan İmamzadə türbəsinə hərəkət edirik. Peyğəmbər soyundan İmam Muhamməd Baqirin oğlu İbrahimin məzarı üstündə ucaldılan məscid və kompleksi ziyarət edib ruhuna fatihələr oxuyuruq. İnsanların imam övladını axınla ziyarətə gəlməsi xalqımızın mənəvi köklərə ehtiramından xəbər verir. Cənab Prezident İlham Əliyevin göstərişi ilə burada aparılan restovrasiya işləri ilə yaxından tanış olub dövlətimizin hər zaman milli-mənəvi məsələləri xüsusi diqqət mərkəzində saxlamasını ürəkdən alqışlayırıq. Məhz belə bir tarixi məkanda, mənəvi atmosferdə cümə namazımızı da əda edib Bakıya yola düzəlirik.
ŞƏRHLƏR