44 GÜNLÜK ZƏFƏR YÜRÜŞÜ

44 GÜNLÜK ZƏFƏR YÜRÜŞÜ

Ötən ilin sentyabr ayının 27-dən xalqımızın qəhrəmanlıq salnaməsində yeni bir mərhələ başladı. Həmin gün Azərbaycan Ordusunun torpağımızın erməni işğalından azad olunması uğrunda zəfər yürüşü başladı. Xalqımızın yenilməzliyi, məğrurluğu Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam və Şuşada mənəvi birliyimizin, torpaqlarımızın bütövlüyünün rəmzi olan üçrəngli bayrağımızın dalğalanması ilə sübut olundu.

44 gün davam edən Vətən müharibəsinin hər dəqiqəsi xalqımız üçün taleyüklü əhəmiyyət daşıyırdı. Bu qısa müddət ərzində uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız  işğaldan azad edildi. Xalqımız bu şanlı qələbəni böyük ruh yüksəkliyi və sevinclə qeyd etdi. Şübhə yoxdur ki, bu zəfərin qazanılmasında üç əsas amil başlıca rol oynamışdı:

  1. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişləri.
  2. Yüksək peşəkarlığa malik, şücaətli Azərbaycan Ordusu; şəhidlər, qazilər və aktiv döyüş iştirakçıları.
  3. Xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylik.

Bu saydığımız amillər, heç şübhə yoxdur ki, müharibənin taleyini həll etməkdə mühüm rol oynamışdır. Xalqımız və dövlətimiz bir yumruq kimi birləşmiş, xalq və dövlət birliyi nümayiş etdirmişdir. “Birlikdən güc-qüvvət doğar” el misalı özünü göstərdi, şanlı ordumuz 30 ilə yaxın düşmən tapdağı altında olan dədə-baba torpaqlarımızı işğaldan azad etdi. Həqiqətən də bu böyük bir zəfərdir. Bu, Azərbaycan xalqının, bəlkə də, əsrlərdir üzünə həsrət qaldığı qalib xalq olma şərəfinə nail olması idi. Bu böyük zəfəri bizə bəxş edən Rəbbimizə sonsuz şükürlər olsun.

Hər bir zəfərdə olduğu kimi, bu böyük zəfərdə də itkilərimiz az olmamışdır. Əldə olunan heç bir uğur, qalibiyyət qurbansız başa gəlmir. Qurban və fədakarlıq mütləq olacaqdır. Eləcə də bu 44 günlük zəfər yürüşündə xalqımızın igid, qəhrəman və fədakar oğulları öz qanları və əziz canları ilə tarix yazıb xalqımıza böyük zəfər bəxş etdilər. Canlarından keçərək ölümsüzlüyə və əbədiyyətə qovuşdular, xalqımıza qürur hissi yaşatdılar. İllərdir başı aşağı olan xalqın başını uca etdilər. Bütün dünyada Azərbaycanın bayrağını və adını ucaltdılar.

Bəziləri tarix fənnini çox da yaxşı oxumasalar da, tarixin özünü yazmağı bacardılar. Ana-bacıları, qız-xanımları  gözü yaşlı qoysalar da, Vətən torpağını, onun çöllərini-düzlərini, dağını-meşəsini və müqəddəs ibadət ocaqlarını naməhrəm tapdağından xilas etdilər. Doğma Qarabağımızın hər qarış torpağını öz qanları ilə suladılar. Dastan yazıb dastana döndülər. Erməni vəhşilərinin keçilməz zənn etdikləri sıldırım qayaları və yüksək dağları böyük zəhmətlərlə və min bir əziyyətlə aşdılar. Qarabağımızın incisi olan Şuşanı 28-ildən sonra təkrar azadlığa qovuşdurdular. Eyni zamanda Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan bütün soydaşlarımızın intiqamını almış oldular. Bununla da bütün dünyaya Azərbaycan analarının necə igid, qoçaq övladlar dünyaya gətirdiyini sübut etdilər. O analar bu xalqın baş tacıdırlar. Bu zəhməti, bu misilsiz qəhrəmanlığı Azərbaycan xalqı, Azərbaycan dövləti heç vaxt unutmayacaq və unutdurmayacaq.

Bu möhtəşəm zəfərlə 28-il sonra Doğma Şuşamızda Gövhər Ağa məscidinin minarələrindən “Allahu əkbər” sədaları yüksəldi. Haqqın ilahi çağırışı olan azan səsinə həsrət qalmış o torpaqlar, ağaclar, yollar, küçələr şəhərin əsl sakinlərini sevinc və göz yaşı ilə qucaqladı.

Bu günlərdə qanları və canları bahasına xalqa Böyük Zəfər qazandıran əziz şəhidlərimizin il dönümləri qeyd olunmaqdadır. Hər zaman olduğu kimi, bu günlərdə də hər birimiz şəhidlərimizin ailələrinin yanında olmalı, onlara mənəvi dəstəyimizi nümayiş etdirməliyik. Uca Allahdan əziz şəhidlərimizə rəhmət diləyir, şəhadətlərinin qəbul olunmasını arzulayıram. Uca Allah qazilərimizə şəfa versin, şanlı ordumuzu daim müzəffər etsin! Amin!      

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz