SÖZ VƏ TERAPİYA
“İnsanda gözəl olan üzdür, üzdə gözəl olan gözdür, ancaq insanı insan edən ağzından çıxan sözdür”. (Hz. Mövlana)
Sözün sehrinə düşmək, sözdən təsirlənmək, sözün hikmətinə ram olmaq kimi deyimlər var ədəbiyyatımızda. Gözəl sözlər insanlar arasındakı ünsiyyət vasitəsi olmaqla yanaşı, eyni zamanda insanları insanlara bağlayan ən güclü vasitələrdir. İnsanı insan edən ağıl və şüur olduğu kimi, bunların fəaliyyətinin xaricə zühur etməsi üçün də söz böyük rola sahibdir. Dediklərini necə demək önəmlidirsə, deyəcəklərini də o qədər dəqiqlikdə seçib demək bir o qədər əhəmiyyətlidir. Sözünə diqqət etməyənlər dizlərinə döymək məcburiyyətində qalar. Üzləri güldürən də, gözləri ağladan da sözdür. Söz var gəlib keçər, söz var dəlib keçər. İnsan kəlmələrin gücünü anlamadan digər insanların gücünü anlaya bilməz. Çünki söz insandan öncə vardı, insanla varlığını davam etdirir və insanla var olacaq.
Söz ünsiyyət vasitəsidir. Ünsiyyət vasitələrinin ən əhəmiyyətlilərindən hesab edilən sözlü ünsiyyət insan həyatının ayrılmaz parçasıdır. İnsanın istər ailədə, istərsə də sosial həyatda istifadə etdiyi sözlü ünsiyyət vasitələri onun cəmiyyətdəki mövqeyini müəyyən edir və ona qarşı ətrafdakı münasibəti formalaşdırır. Sözlü ünsiyyət formasından düzgün istifadə olunmaması ailələrin dağılmasına, insanlar arasındakı konfliktlərin ortaya çıxmasına, fərdlər arasındakı münasibətlərin pozulmasına gətirib çıxaran ən başlıca amillərdəndir. Ona görə də klassik ənənəmizdə bir qız gəlin köçərkən böyükləri tərəfindən davamlı olaraq ona gəlin getdiyin yerdə “dilini şirin et” tövsiyəsinin verilməsi əbəs yerə deyildi. İstənilən sosial mühitdə “şirin dilli” olub xoş sözlərdən istifadə edilməsi ailədəki söz-söhbətin aradan qaldırılmasına xidmət edirdi. Yeni mühitdə doğru mövqeyin seçilməsi xoş sözlü, şirin dilli olmaqdan başlayırdı. Can deyənə zəhrimar deyilmədiyi kimi, zəhrimar deyənin də könlünü qazanmaq üçün ona da can demək lazım idi.
Söz terapiyadır. Psixologiyanın terapiya metodlarına nəzər yetirdiyimiz zaman istər psixoanaliz metodunda, istərsə də art terapiya metodunda sözdən kifayət qədər çox istifadə edilir. Psixoanaliz terapiyasında pasiyenti narahat edən hadisələr dinlənilir və onun psixikasına mənfi təsir edən duyğu və düşüncələr aradan qaldırılaraq doğru sözlərlə yeni düşüncələrə sahib olmasına çalışılır. Art terapiyada isə daha çox rəsm, musiqi və sözlərə tökülən duyğular analiz edilməyə çalışılır. Bu mənada ağzımızdan çıxan hər söz daxili düşüncələrimizdən xəbər verə bilər. Eyni zamanda qarşımızdakı insan bir sözü ilə ruh aləmimizi zənginləşdirə bilər və həyat tərzimizə fərqli hədəflər təyin edə bilərik.
Söz dərdi bölüşməkdir. Dərdlər bölüşdükcə azalır, sevinclər bölüşdükcə çoxalır deyir atalarımız. Biz daxilimizdəki neqativ və pozitiv enerjini də sözlərimizlə insanlara ötürürük. Bir insana qarşı düşüncələrimiz müsbətdirsə, ona deyəcəyimiz sözlər pozitiv olur. Haqqında mənfi düşüncələrə sahib olduğumuz insanlara isə neqativ ifadələr seçirik. Şairlər duyduqları, hiss etdikləri hadisələri sözlərə töküb çatdırar cəmiyyətə. Onların mənəvi aləmi ilə yoğrulmuş ifadələr insanların könlündə taxt qurar.
Söz, gücünə güc qatmaqdır. NLP mütəxəssisləri adətən qarşılarındakı insanlara motivasiya verici sözlərdən istifadə edib təsir edirlər. Zehni düşüncələri sözlə idarə edib sözün gücü ilə uğura atılan addımlara səbəb olurlar. Qəsdli seçilən sözlər beyin linqvistikasına müsbət təsir edir və qarşıdakı insan özünü daha güclü hiss etməyə başlayır. Bir sözlə, sanki daxilində əlavə bir enerji meydana gəlir. İllərlə üzərində düşünüb edə bilmədiklərini bir anda etməyə başlayır. Dənizdəki bir damla böyük bir dalğaya səbəb olduğu kimi, bir söz də bir həyatın dəyişməsinə səbəb olacaq daxili enerjiyə çevrilir.
Gözəl sözlü olmaq insan olmaqdır. Son olaraq, unutmayaq ki, soyuq söz duymuş bir könül qırx yay görsə isinməz. Biz bəzən istəmədən sözlərimizlə insanların könlünə toxunuruq. Sözlərimizlə üşüdürük insanları. Sadəcə bir sözlə. O elə bir söz olur ki, üzərinə min məna yüklənərək deyilir. İnsan olmaq isə insanları sözlə belə incitməməkdir. Qılınc yarası sağalsa da, söz yarası sağalmaz həqiqətini unutmadan yaşamaqdır, insan olmaq.
ŞƏRHLƏR