NİZAMİ İRSİNDƏ HAQQA TƏSLİMİYYƏT ƏQİDƏSİ
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Rəbbi İbrahimə: “ (Əmrimə) Təslim ol!” - dedikdə o: “Aləmlərin Rəbbinə təslim oldum!” - deyə cavab vermişdi”. (əl-Bəqərə, 131)
Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
12-ci əsrdən günümüzə kimi uzanan Nizami poeziyası aktuallığını itirməyən məqamları ilə böyük oxucu kütləsinin daim marağında olmuş və dövrünə görə müxtəlif cür qiymət qazanmışdır. Təsəvvür edin ki, sovet dövründə irsinin önəmli hissəsini təşkil edən dini çalarları hamarlayaraq sanki sosialist ideyalarının tərənnümçüsü kimi təqdim edilən şair, müstəqillik illərində mənəviyyatımızın və təfəkkürümüzün kommunizm zindanından azad olması və dini zəmindəki boşluqların doldurulması ilə layiq olduğu qiyməti yenidən qazanmış oldu. Qələmə aldığı “Sirlər xəzinəsi” əsərində Uca Allahın (c.c) möhtəşəm xəlqetmə sənətinin təməlində dayanan ilahi eşqi irfani bir üslubda tərənnüm edən şair, görünən və görünməyən bütün aləmlərin və varlıqların əzəmətli bir eşq üzərinə bina edildiyini bildirməkdədir. Yəni var olmamızın əsas səbəbkarı və ilham qaynağı olan ilahi eşq səltənətinin incəliyinə varan şair qeyd edir ki, eşq kainat və varlıqlar olmadan öncə Allah (c.c) tərəfindən xəlq edilmişdir. Məhz bu eşqin nuru ilə şərəflənən insan övladı bütün varlıqlardan, hətta mələklərdən də üstün bir səviyyədə qərar tutmaqdadır. Şairə görə qəlb bu ilahi gövhərin zühur mərkəzidir. Əgər bu eşq olmasa kainat fəlakətli bir ölümlə üzləşmə və yox olma təhlükəsinə məruz qalar. Nizaminin bu düşüncələrini irfan günəşi olan Yunus Əmrə həzrətləri necə də gözəl açıqlamaqdadır:
Nə bilməyin bilmək olur,
Nə gülməyin gülmək olur,
Son mənzilin ölmək olur,
Duymadınsa eşqdən əsər.
Şairə görə mənəvi aləmi ağıl və məhəbbət idarə etməkdədir. Bədən aləmi isə nəfsin yırtıcı caynaqları arasında sanki can verməkdədir. Nəfsin də (yaşamaq, yemək-içmək və s. kimi) tələblərinə müəyyən qədər haqq verən Nizami, insanpərvərlik enerjisinin insanda təzahür etməsi üçün Haqqa təslimiyyət əqidəsinin bəşəri təfəkkürdə mütləq şəkildə yer tutmasını istəməkdədir. Haqqa təslimiyyət əqidəsinin sinələrdə yer tutmamasını cəmiyyətin ən böyük faciəsi adlandıran şair qeyd edir ki, hərisliklərini cilovlaya bilməyən və ilahi qanunlardan bixəbər kəslərin yaratdıqları acınacaqlı vəziyyət ədalət prinsiplərinin pozulmasına gətirib çıxarır. Nizami cəmiyyətdə söz sahibi olan idarəçilərə yönələrək onları inandırmağa çalışırdı ki, insan həqiqətini çökdürən var-dövlət, şəhvət hərisliyi, özünü bəyənərək ucaltma hissləri Haqqa təslimiyyət əqidəsini mənimsəmiş kamil insanın dəyəri qarşısında zərrə belə deyil. İnsanın şəxsini əbədi həlaka götürən bütün mənfi təmayüllərdən təmizləyərək Haqqa təslimiyyət əqidəsini varlığına hakim etməsi onu həyatının ən ümdə vəzifəsi olan Allaha (c.c) qulluq həyəcanına yaxınlaşdıra bilər. Mənəviyyat aləminin sonsuz üfüqlərində seyr edilən sonsuz rəhmət axışlarını qəlbinə məkan edən kamil insan aləmdəki bütün varlıqlara sarsılmaz qeyrəti və əməli işi ilə bir rəhmət və hidayət rəhbəri ola bilər. Yetər ki, varlığında qərar tutan Rəbbimizin sonsuz rəhmət xəzinəsini açığa çıxara bilsin. Nizaminin könül harayını yaşadığı dövrün irfan dəryası olan Mövlana həzrətləri necə də ətraflı açıqlamaqdadır:
“Hər nə qədər duman atəşdən doğulursa da, yenə də atəşə pərdə olur. Sən varlıq dumanından vaz keç, ağlını başına al ki, yox kimi görünən həqiqi varlığa qovuşmaq üçün fani varlıq dumanından, mənlik dumanından qurtulasan. Əgər can dumandan vaz keçə bilsəydi, nurun tam həqiqəti olardı. Yəni ruh özünü pisliklərdən arındıraraq daha ölmədən öncə bu bədəndən mənən qurtulsaydı, Haqqa yetişərdi”.
İnsan ilə canlı varlıqlar arasında qırılmaz bir bağlılığın mövcudluğuna işarə edən Nizami buyururdu ki, bu əlaqələrin birinin zədələnməsi bütövlükdə bəşəriyyətin aqibəti üçün acınacaqlı nəticələrə gətirib çıxaracaqdır. Yaranış etibarı ilə insanlardan daha aşağı pillələrdə qərar tutan canlıların, bitkilərin, torpağın, su qaynaqlarının yaşama, saf və tərtəmiz halda mövcud olma haqlarının ən etibarlı şəkildə gözlənilməsi Haqqa təslimiyyət əqidəsini sinəsində daşıyan hər bir insanın ən ali borcudur. Allahla (c.c) olan qulluq əhdinə itaət və sədaqət qeyrəti ilə boyun əyən kamil möminlərin təslimiyyət eşqi ilə ərsəyə gətirmiş olduğu hər bir əməl sonunda onların Rəblərinə salamatlıqla qovuşma səadətinə vəsilə olacaqdır. Təslimiyyət əxlaqını mənimsəmiş xidmət insanının mükəmməl əxlaqını vəsf edən Osman Nuri Topbaş əfəndi belə buyurur:
“(Haqqa təslimiyyət və Onun xəlq etdiklərinə) xidmət əhli bir çay kimidir. Rəhmət damlaları kimi uzun yollar boyunca min bir canlıya, insana, heyvanata, ağaca, gülə, sünbülə, bülbülə sanki həyat bəxş edərək axıb gedər. Bu çayın (bu səadət karvanının) varacağı mənzil də Uca Haqqın əbədi vüslət dəryasıdır”.
ŞƏRHLƏR