BİR HƏDİS

BİR HƏDİS

عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: أَصْدَقُ كَلِمَةٍ قَالَهَا الشَّاعِرُ كَلِمَةُ لَبِيدٍ: أَلَا كُلُّ شَيْءٍ مَا خَلَا اللَّهَ بَاطِلُ

            Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Şairlərin dediyi ən doğru söz Ləbidin dediyi bu sözdür: Allahdan başqa hər şey boşdur". (Buxari, Riqaq, 29; Müslim, Şeir, 2)

                Müşriklərin Həzrət Peyğəmbərə (s.ə.s) "məcnun" və "şair" demələri və qədim şeirin qəbiləçilik üzərinə inşa edilmiş olması cahiliyyə dövrü şeirinin yasaqlanması ilə nəticələnmişdir. Ancaq iman edib yaxşı əməllər edən və Allahı tez-tez yada salanlar bu qadağadan kənarda qalmışdılar (əş-Şüəra 26/224-227). Bəzi mənbələrdə ayədə qadağan olunan şeirlərin Allah Rəsuluna (s.ə.s), İslama və müsəlmanlara sataşan müşrik şairlərin şeirləri, icazə verilən şeirlərin isə müşriklərə cavab verən Hassan ibn Sabit, Kəb ibn Malik, Abdullah ibn Rəvaha kimi müsəlman şairlərin şeirləri olduğu açıqlanmışdır. (Təbəri, XIX, 156-159)

            Rəsulullahın (s.ə.s) nəzərində sözün dəyəri həqiqəti nə qədər əks etdirməsi ilə ölçülürdü. Sözün şeir və ya nəsr olması isə ikinci dərəcəli bir məsələdir. Onun üçün tarix boyunca bütün ərəb şairlərinin sözləri arasında ən gözəl söz Ləbid ibn Rəbiənin: "Allahdan başqa hər şey boşdur", - sözüdür. Çünki bu söz Allahdan başqa hər şeyin müvəqqəti olduğu həqiqətini ifadə edir. Quran da bu həqiqəti: "Allahdan başqa hər şey məhvə məhkumdur", - (əl-Qasas, 28/88) deyərək vurğulamışdır.

            İlahi həqiqətlərə, ədəbə və əxlaqa zidd olmayan şeirlərə qulaq asan və bunu problem kimi görməyən Allah Rəsulu (s.ə.s) bu prinsiplərə zidd olanlara qulaq asmağı isə xoş qarşılamamış və bunu tənqid etmişdir (Müslim, Şeir, 7). Rəsulullah (s.ə.s) Hassan ibn Sabit kimi o dövrdə yüksək ədəbi qabiliyyətə sahib olan bəzi səhabələri kütləvi informasiya vasitəsi funksiyasını icra edən şeir söyləməyə təşviq etmişdir. Çünki bütün bu fəaliyyətləri İslam düşüncəsinin mədəni sahədəki mübarizəsində bir vasitə kimi qiymətləndirirdi. Həzrət Peyğəmbər (s.ə.s) həqiqəti ifadə etdiyi üçün Səqif qəbiləsinin tanınmış şairi Ümeyyə ibn Əbus-Səltin yüzdən çox beytini Ərəfatdan qayıdarkən Mina yolunda böyük bir həvəslə dinləmişdir. Ümeyyə ilə eyni şəhərdən olan Şərid ibn Süveyd adlı səhabə ilə rastlaşan Allah Rəsulu (s.ə.s) onu öz dəvəsinə mindirmiş və yol boyunca ondan Ümeyyənin şeirlərini dinləmişdir. Bu beytlər Rəsulullahın (s.ə.s) o qədər xoşuna gəlmişdi ki: "Ümeyyə sanki şeirlərinin dili ilə müsəlman olmuşdur", - demişdi. (Müslim, Şeir, 1)

            Nəticə olaraq, İslam dinində şeir və ədəbiyyat əgər haqqın və həqiqətin təbliğ olunmasına xidmət edirsə, bunda heç bir problem yoxdur. Çünki "şeirdə hikmət vardır". (Buxari, Ədəb, 90)

               

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz