NİZAMİ DÜHASI

NİZAMİ DÜHASI

Azərbaycan ədəbiyyatı tarixinin iki mərhələsində əsərlərin tərkibinin həm poetik, həm də intellektual zənginliyi baxımından ən yüksək dövrünü yaşamışdır: Orta əsrlər və XX əsrin əvvəlləri. XX əsrin əvvəllərinin qidalandığı, baş vurduğu qaynaqlar var idi. Şərq ədəbiyyatı[1] üsulunda dəyişiklik etmiş, tərcümələr şaxələnmiş, yeni hekayələr daxil edilmiş, bir sözlə, oxucu hər diyardan biixtiyar bir nümunə qazanır. Eyni zamanda Qərbin məşhur ədəbi və fəlsəfi əsərləri də bir tərəfdən Şərqə doğru gəlməyə davam edir. Yəni mənimsənəcək, faydalanılacaq kifayət qədər füsunkar nümunələr mövcuddur. Orta əsrlər isə digər dövrlərə nisbətdə bütün cəhətlərdə kasaddır, o antik dövrün keçid mərhələsidir.

Nizami Gəncəvi məhz bu dövrdə poetik şücaətini göstərdi.  Həmin dövrdə Azərbaycan ərazisində Atabəylər-Eldənizlər dövləti hökm sürürdü. Atabəy Şəmsəddin Eldənizin Böyük Səlcuq imperiyasından gələn ənənələri davam etdirməsi, yıxıb yenidən qurmaq həvəsinə düşməməsi, sözsüz ki, elmi-ədəbi mühitə müsbət təsir göstərdi. Nizami Gəncəvi ecazkar təxəyyülə, iti zəkaya, poetik təfəkkürə malik ola bilərdi, fəqət arxa fonda “bilik” olmasa idi, İlyas[2] Nizami Gəncəvi olmazdı. Nizami Gəncəvi mədrəsədə kifayət qədər yaxşı təhsil ala bilmişdi. Orta əsrlərdə mədrəsələrdə dövrün öndə gələn alimləri təbiət elmləri, riyaziyyat, məntiq, ilahiyyat sahəsində dərslər verirdilər. Mədrəsədə özünü biliyə yönəltmiş şəxs orada tamamilə elmlə yontularaq zehnini itilədir, kəskinləşdirirdi.

Çağımızdan çıxış edərək öncəki çağlar haqqında fikir yürütmək olduqca çətin və məsuliyyətli addımdır. Müəyyən qədər o dövrə nəzər yetirməyə çalışsaq görərik ki, qısa zaman ərzində Nizami Gəncəvinin yaşadığı coğrafi ərazidə[3] Sacilər, Səlarilər, Şəddadilər, Böyük Səlcuq İmperiyası və Atabəylər (Eldənizlər/Eldəgəzlər) kimi dövlətlər hökmranlıq ediblər. Hər bir dövlətin siyasi və ictimai ideologiyası, mədəniyyətə baxışı bir-birindən fərqlənir. Hökmdarı xalq seçmir, əksinə, hökmdar xalqı seçir, onunla istədiyi kimi rəftar edə bilir. Ədəbiyyat, elm, incəsənət, demək olar ki, ondan asılıdır. Belə qarmaqarışıq mühitdə “Xəmsə”ni ərsəyə gətirmək sözün əsl mənasında inanılmazdır. Nizami Gəncəvinin yaşadığı dövrdə Azərbaycan ədəbiyyatının bir sıra şair və yazıçıları da yaşayırdı. Onlardan ən çox diqqət çəkən Xəqani Şirvani idi. Xəqani Şirvaninin poetikası, şeirlərinin təsir gücü, ab-havası yüksəkdir, ancaq şair geniş coğrafiyaya yayıla bilmədi. Şair özünü ilk mərtəbəyə, şeirini ikinci mərtəbəyə qoyur. Şəxsin azadlığını şeirin azadlığından üstün tutur. Nizami Gəncəvi isə özünü kənarlaşdırdı, şeirinin ucalması üçün özünü quyuya atdı, sarayın zəncirlərinə bağlanmağa razılaşdı. Xəqani Şirvani şəxsi üsyankarlığı ilə, Nizami Gəncəvi isə poetik üsyankarlığı ilə əsrlər sonrasına miras qoydu. Ona görə ki, Xəqani Şirvaninin şeirləri nizə kimi zərbələr endirib dağıtmağa çalışarkən, Nizaminin şeirləri nizam olub dağıntıları birləşdirməyə çalışırdı. Digər tərəfdən, Azərbaycan Atabəylər dövlətindən kənarda həm Məşriqdə, həm də Məğribdə şair və yazıçılar olsa da, onların nüfuzu geniş coğrafiyaya yayılmamışdı. Açığını desək, XII əsrdə ədəbiyyat səfalət dövrünü sürürdü.

Nizami Gəncəvi doğulduğu şəhəri heç vaxt tərk etməmişdi[4]. “Leyli və Məcnun”, “Xosrov və Şirin” və “Yeddi gözəl” poemaları qaynağını özündən əvvəlki dövrlərdəki hekayə, nağıl və əfsanələrdən alırsa, “İskəndərnamə” əsəri birbaşa xəyali məhsuldur. Makedoniyalı İskəndərin həyatını və tarixi yaxşı bilməyən bir nəfər “İskəndərnamə”ni oxusa onun Azərbaycana gəldiyini, Nüşabənin İskəndər üzərində mənəvi və fikri qələbəsinin gerçək olduğunu düşünər. Nizami Gəncəvinin böyüklüyü, ustadlığı onun ədəbi məharətində deyil[5], o, Şərq ənənəsini, fikrin, düşüncənin şeir yolu ilə ötürülmə prosesini bilik və məntiqlə bürüdü, kəlam halına gətirdi. Xaotik ədəbi dövrün içində Nizami xaosdan uzaq, nizamlı ədəbi əsərlər yaradır, qara buludların arxasından Günəşin işıqlarını dartıb kağızına endirir.

El arasında “bir kəlam de” və ya “bir kəlam deyim” deyiləndə Nizami Gəncəvinin hər hansı əsərindən bir misra sədalanır. Çünki artıq xalqın yaddaşına Nizaminin misraları kəlam olaraq hopub. Bu misralar Nizamidən çıxıb, xalqın kəlamına çevrilib. Məşriq və Məğribin həyat hekayəsini, insanın bu həyat və o biri həyat (axirət) hekayəsini, əxlaqı, elmi, irfanı, bir sözlə, insanla bağlı bütün hekayəni Nizami kəlamlaşdırır. Bu kəlam “kəlamçı”ların qəlizləşdirilmiş ifadələri deyil, hər kəsin başa düşəcəyi formadadır, xalqın dilinə uyğundur.

İlyası Nizami Gəncəvi edən, Nizami Gəncəvini dünyada məşhur və ədəbi zirvəsini aşılmaz edən məhz böhrandan çıxıb dünyanı kitablarının iki qapağının arasına salmağı bacarmağındadır. Ədəbiyyatı səfalət rejimindən xilas edib səlamət rejiminə yüksəltməyindədir.

 

[1] Rus ədəbiyyatı da Şərq ədəbiyyatı daxilində nəzərdə tutulur.

[2] Nizami Gəncəvinin əsl adıdır.

[3] Xüsusi ilə Gəncədə

[4] Tarixi qaynaqlarda doğulduğu Gəncə şəhərini heç vaxt tərk edib başqa bir dövlətə keçmədiyi qeyd edilir.

[5] Müəllifin şəxsi yanaşmasıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz