UNUDULMAZ DƏYƏRLƏR

UNUDULMAZ DƏYƏRLƏR

Tarixin orta əsrlər dediyimiz dönəminin xüsusilə X əsrdən sonrakı bir neçə yüz ili İslam dünyasında ümumi bir çalxalanmanın yaşandığı dövr kimi xarakterizə etmək olar. İslam dünyasını bütün olaraq ələ alsaq, bir tərəfdən yaşanan Səlib Yürüşləri, bir tərəfdən monqol istilaları, bir tərəfdən yıxılan böyük dövlətlərin yerində yaranan kiçik bəyliklər arasındakı qarşıdurmalar belə deməyə əsas verir. Bu hərc-mərclik nəticəsində ən böyük zərəri də, əlbəttə ki, bu coğrafiyada yaşayan müsəlman əhali çəkmişdir.

Tarixin belə ağır dövrlərində hər kəs şəfqət və mərhəmət möhtacı olaraq yeganə sığınacağı mənəviyyat böyüklərində axtarır. Elə ona görə də istər Azərbaycanda, istərsə də dünyanın dörd bir yanında dərgah və vəqflərin həmin dövrdəki təqdirəlayiq fəaliyyətləri bu gün də nümunə göstərilir. Burada xüsusilə Allahın Kitabı və Rəsulunun Sünnəsini özünə həyat düsturu bilən və qəlbini bütün insanlığın sığınacağı dərgah halına gətirən könül insanlarını yad etmək yerində olar. Həzrət Mövlana, Seyyid Yəhya Bakuvi, Ömər Xəlvəti, Hacı Bektaş Vəli, Əxi Evrən, Şeyx Ədəbali, Tapdıq Əmrə kimi Haqq dostları məhz İslam aləminin yorğun və bədbin könüllərini islam, iman ehsanın feyz və ruhaniyyəti ilə yoğurub ilahi eşq ocağında bişirməyə nail olan könül insanlarıdır. Onlar yaşadıqları nəsilləri Quran və Sünnənin ilahi mühitində tərbiyə edərək “fəzilətlər mədəniyyəti” inşa edəcək olan “rəhmət toplumu”nun mayasına çevrilmiş abidəvi şəxsiyyətlərimizdir. 

İslami dəyərlərlə yoğrulan o mənəviyyat insanlarının hər biri öz fitrətlərinə uyğun olaraq  İslam mədəniyyətini bütün dünyaya yaymağa çalışmışlar. Əbəs yerə deyil ki, yaşadıqları zamandan yüz illər keçsə də, yenə insanların qəlbində yaşamağa davam edirlər. Allah-Təalanın hər vəli qulunda fərqli bir vəsf ön plana çıxar. Kimisinə mənəvi təsərrüf gücü verilmiş, kimisi heyrət məqamının cazibəsi içində gizli sirr olaraq qalmağa, kimisi də hal dili ilə irşad etməyə məmur qılınmışdır. Həzrət Mövlana, Əhməd Yəsəvi, Nizami Gəncəvi, Yunus Əmrə, Füzuli kimi Haqq aşiqləri isə ariflər gülüstanında gah şövqlə cəh-cəh vuran, gah da dərdli-dərdli inildəyən eşq bülbülü olmuşlar. Əsərlərinə baxdığımız zaman dillərindən hikmət inciləri tökülən misilsiz məna dəryası olduqlarını görmək mümkündür.

Bu məqamda Həzrət Mövlananın sözü yada düşür:

“Əhlullahın ürəklərindən daşan mübarək səslər və sözlər İsrafilin Suru kimi dirildicidir”.

Həqiqətən, o Haqq dostlarından ibarət olan karvanın arı-duru səsləri və könül oyandıran nəfəsləri əsrlər boyu qitələri kölgəsinə alacaq olan İslam mədəniyyət çinarını bəsləyən can suyuna çevrildi. Heç şübhəsiz ki, onların feyz aldığı mənəvi dəyərlər topluma ruhaniyyət saçdığı müddətdə Allah-Təalanın rəhmət, bərəkət və yardımı da davam etdi.

Çünki hər biri ilhamı Yaradanın Kitabından, Onun Həbibi Həzrət Muhammədin təmiz yolundan almışdı. Bu mənada ədəbiyyatımızda söz sahibi olan Nizamiləri, Füzuliləri, Mövlanaları, Yunus Əmrələri sadəcə şair vəsfləri ilə anmaq, işin əsas mahiyyətindən xəbərsiz qalanların edəcəyi işdir.

Yenə Mövlananın:

Yaşadığım müddətcə mən Quranın köləsiyəm.

Mən Muhamməd Mustafanın yolunun tozuyam.

Kim məndən bundan başqa bir şey nəql edərsə,

Ondan da şikayətçiyəm, nəql etdiklərindən də…

- sözü bu gerçəyin ən gözəl misalını təşkil edir.

Eyni ruhu Nizami Gəncəvinin şeirlərində də görmək mümkündür. “Sirlər xəzinəsi”nin Peyğəmbərə gözəlləmə hissəsində dahi şairimiz belə deyir:

“Atının yəhərindən yapışmaq səadəti,

Nizaminin qisməti. Gec yetişdi növbəti”.  

Yenə bir başqa klassik şairimiz Füzulini oxuyarkən o Haqq aşiqlərinin əsl dərdinin məhz Allaha qul, Onun sevimli Peyğəmbərinə xidmətçi olmaq, şəfaəti və rizasına məzhər olmaq olduğunu müşahidə edirik:

Umduğum oldur ki, ruzi-həşr məhrum olmayam,

Çeşmeyi-vəslin verə mən təşneyi-didarə su.   

Haqq-Təala Məryəm surəsinin sonunda belə buyurur:

“Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq”. (Məryəm, 96)

Allah-Təala sevdiklərini nəsibi olan könüllərə sevdirir, onları unutdurmur. Fani ömürlərindən sonra da xatirələrini yaşadır. Qələmə aldıqları əsərləri, şeirləri yaşadıqları bölgə sərhədlərini də aşaraq bütün dünyada əldən-ələ, dildən-dilə, könüldən-könülə dolaşır.

İslam tarixi boyunca bir çox mövlud yazıldı, lakin onların arasında Süleyman Çələbinin mövludu əsrlər uzunu oxunmağa davam edir. Bir çox nət yazıldı, lakin Füzulinin Su qəsidəsi və Nabinin nəti xatirələrdə yaşamağa davam edir. Bir çox xalq şairi gəlib-keçdi, əksəriyyəti unuduldu. Onlar arasında xalq şairliyindən çox Haqq şairi olan Nizamilər, Yunus Əmrələr unudulmur, hər birinin əziz xatirəsi könüllərdə yaşamağa davam edir.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz