MÜSAHİBƏ
ADPU-nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir, türk, fars, ərəb, ingilis dillərini bilir. Nizami Gəncəvi irsi ilə bağlı on iki cildlik şərh yazmışdır. Qurani-Kərimlə bağlı iyirmi cildlik şərhi çapa hazırdır. Beş yüzdən çox məqaləsi Azərbaycanda və xaricdə nəşr edilmişdir. Radioda Qurani-Kərimlə bağlı beş yüzdən çox proqram hazırlamışdır, tələbələri dünyanın məşhur universitetlərində təhsil alırlar.
SİRACƏDDİN HACI: “NİZAMİ DEYİR Kİ, HƏDƏFİM YER ÜZÜNDƏ RƏHMƏT EVİ TİKMƏKDİR”.
İrfan: Ölkəmizdə Nizami Gəncəvi ili qeyd olunur. Nizami Gəncəvi bizim üçün böyük bir mənəvi dəyərdir. Nizami Gəncəvinin kimliyini hansı ölçülərlə tanıda bilərsiniz?
Siracəddin Hacı: Nizami Azərbaycanın siyasi, iqtisadi, elmi düşüncə mərkəzlərindən biri olan Gəncədə doğulmuşdur, Böyük Səlcuqlu dövlətinə bağlıdır, Azərbaycan türküdür, müsəlmandır, bütün varlığı ilə Allaha bağlıdır. Dərin mədrəsə təhsili var, bütün elmləri öyrəndiyini yazır, oxumağı çox sevir, deyir ki, oxumadan, yeni şeylər öyrənmədən yatmaq haramdır. Türk, fars, ərəb dillərini bilir, yunan və yəhudi qaynaqlarını araşdırır. Qurani-Kərimi, hədisləri, İslam alim və filosoflarının əsərlərini dərindən öyrənmişdir. Düşüncəsinin mayası İslam dini və mədəniyyəti olsa da, xristianlığı, musəviliyi, İncili, Tövratı, zərdüştlüyü, türk, fars, ərəb, yunan, hind, çin mədəniyyətlərini, tarixi, folkloru, musiqini, şeiri, əruzu diqqətlə araşdırmış, elm xəzinəsi ortaya qoymuşdur. Şairdir və böyük iddiası var, deyir ki, dünyada şairlik Nizami ilə bitmişdir.
Nizami irfan məktəbinə bağlıdır, şeyxdir, arifdir, alimdir, mürşiddir, müridləri var, zöhd əhlidir, qənaət sahibidir, təvazökardır, özünü yetişdirmək üçün riyazət üsulundan istifadə etmiş, çiləxanalarda çilələr çəkmişdir. Nizami ağıla çox önəm verir, deyir ki, ağıl mayadır, insanı seçən, üstün qılan ilahi nemətdir, insan ağlından doğru istifadə etsə, hər şeyi olar. Nizami böyük siyasət adamıdır, siyasəti, diplomatiyanı gözəl bilir. Onun əsərləri dünya mədəniyyətinin şah əsərləri sırasında yer tutur. O, məktəb yaratmış, dünya ədəbiyyatına ciddi təsir göstərmişdir. Onun məsnəviləri əl-əl gəzmiş, insanlar bu əsərlərə bərəkət qaynağı kimi baxmışlar. Dünyanın önəmli kitabxanalarında Nizaminin əsərləri var, bu əsərlər dünya dillərinə tərcümə olunmuşdur. Hindistanda təkcə “Sirlər xəzinəsi” məsnəvisinin yüz yeddi nüsxəsinin olduğunu bilirik.
- Sizcə, Nizami irsi dünya mədəniyyətinə nə qazandırmışdır?
- Nizaminin təbliğ etdiyi dəyərləri belə sıralaya bilərəm: Tövhid – şair deyir ki, bu ən böyük dəyərdir, insanlar tövhidi doğru anlasalar, bütün sıxıntılar həll olunar, Nizami tövhidi insan azadlığının əsası kimi tanıtmışdır. Ədalət – Nizami deyir ki, ədalət iki dünyanın sərmayəsidir, ədalət hər varlığı ilahi təyinatına uyğun yerdə tutmaq, hər kəsə, hər varlığa layiq olduğu haqqı verməkdir. Tövhid insanla Allah, ədalət insanla insan münasibətlərinin əsasıdır. Mərhəmət – Nizami deyir ki, mərhəmət olmasa, insanlıq ölər, ilahi rizanı qazanmaq mərhəmətlə mümkündür. Elm – Nizami deyir ki, elm güc qaynağıdır, elmi olmayan Allahı tanımaz, inkişaf etməz, həlak olar, dəyərlərini itirər. Barış – bu, insanların bir arada yaşamasını təmin edən dəyərdir, şair deyir ki, fərqlilik ayədir, nemətdir, zənginlikdir, ona sayğı duyun ki, bir arada, hüzur içində yaşaya biləsiniz. Rifah – Nizami deyir ki, yoxsulluq parçalayır, zənginlik birləşdirir. Şair zənginliyin əsasına halallığı qoyur, deyir ki, halal yaşamaq igidlikdir. Sevgi – Nizami sevgini münasibətlərin mayası kimi tanıtmışdır.
Nizami Qurani-Kərimdən çıxış edərək dövlət idarəçiliyinin əsasına altı dəyər qoymuşdur: həqiqət – dövlət doğru dəyərlər üzərində qurulmalı, doğru olan işləri gerçəkləşdirməlidir; ədalət – dövlətin imanı ədalətdir, bir dövlət küfrlə deyil, zülmlə yıxılar; məşvərət – dövlət məsləhətlə idarə olunmalıdır; ləyaqət və əhliyyət – iş işi bilənə verilməlidir; mərhəmət – dövlət vətəndaşlarına mərhəmətlə yanaşmalı, onların sıxıntılarını həll etməli, bağışlama yolunu tutmalıdır; ümid – dövlət vətəndaşına qorxu deyil, ümid verməlidir, ümidin anası ədalət, meyvəsi sevgidir. Nizaminin dövlət idarəçiliyi ilə bağlı ən gözəl ölçüsü budur: hakimiyyətin şükrü ədalətdir. Dünya dövlətlərinin əsasında Nizaminin təsbit etdiyi dəyərlər olsa, yer üzündə savaş, kin, nifrət, aclıq, yoxsulluq, zülm olarmı?!
- Nizaminin İslam dininin dəyərlərinə bağlılığını hansı ölçülərlə qavramaq olar?
- Nizaminin düşüncəsinin mayası İslam dinidir. O ən çox hansı dəyərləri təbliğ edib desəniz, mən tövhid və ədalət cavabını verərəm. Nizami deyir ki, mənim torpağıma tövhid inancının toxumu səpilmişdir. Şair insan azadlığının əsasına tövhid inancını qoymuşdur, o deyir ki, Allaha təslim ol ki, azad olasan. Nizami Allahı tanıdır, bu məqsədlə varlıqları iki yerə ayırır: Yaradan və yaradılanlar. Şair deyir ki, Yaradan Allahdır, O, təkdir, tək olmaq ancaq Onun haqqıdır, O, vacibul-vücuddur, yəni var olmaq üçün bir başqa varlığa möhtac deyil, əbədidir, ehtiyacsızdır, hər varlığın ehtiyacını təmin edəndir, bütün mükəmməlliklər Ona aiddir, nöqsan sifətlərdən uzaqdır, bir tək İlahdır, ibadət, itaət, dua ancaq Onadır, heç bir varlığa bənzəməz, varlığın mütləq hakimidir, mərhəmətlidir, mülkün gerçək sahibidir, ölümü və həyatı yaradan Odur, hüzur qaynağıdır, güvən və iman verir, mütləq diridir, hər şeyi bilir, eşidir, görür, qullarına əsla zülm etməz, şərəf və etibar qaynağıdır, axirətin tək sahibidir, hər kəsdən hesab soruşacaq.
Nizami tövhid inancını doğru öyrətmək üçün yaradılanları da tanıdır: onlar çoxdurlar, yaradılmışlar, var olmaq üçün bir yaradıcıya möhtacdırlar, ehtiyacları var, fani-ölümlüdürlər. Nizami Allahı doğru tanımağın yolunu da öyrətmişdir: o deyir ki, insan Allahın zatını qavraya bilməz, belə ki, Allah hüdudsuz, insan hüdudlu varlıqdır, hüdudlunun hüdudsuzu qavramaq imkanı yoxdur. Allahı tanımağın iki yolu var: birincisi, Onun yaratdıqlarını tanı, yaradılanlardan yaradana doğru get, ikincisi, Allahın gözəl adlarının anlamını öyrən (əzbərləmə, öyrən). Şair bütün məsnəvilərinin əvvəlində Allahın gözəl adlarını bədii dillə bir-bir tanıtmışdır. Nizami hədəfini belə açıqlamışdır: yer üzündə Rəhmət Evi tikmək istəyirəm, bu, sevgi, barış, xeyir, rəhmət, bərəkət, hüzur evidir, insanlıq üçün tikiləcək bu ev dörd dayaq – dörd dəyər üzərində dayanacaq: tövhid, ədalət, elm, mərhəmət. Nizami Allah Rəsulunu sevə-sevə tanıtmış, hər məsnəvisinin əvvəlində, tövhid bölməsindən sonra Ona yer vermiş, Onun gözəl örnəkliyini önə çıxarmış, Onu tanıtmaq üçün gözəl məcazlar seçmiş, oğlunun adını da Məhəmməd qoymuşdur. Nizami insana ikidünyalı həyat təklif edir, deyir ki, axirət dünyanın ruhudur, axirət inancı olmasa, insan da, bu dünya da anlamını itirər. Nizami insana şükrü, dini, yaradılışı, savabı, günahı, tövbəni, dünyanı, qəlbi, ümidi, əməyi, mənalı həyatı, sərvəti tanıdır. Deyir ki, hər insan yer üzünün xəlifəsidir, onun işi yer üzündə tövhid, ədalət, xeyir, mərhəmət, barış, rifah üçün çalışmaqdır. İnsan olmağın şükrü Allaha təslim olmaqdır. Mənalı həyatın ölçüsü budur: insan ilahi təyinatına uyğun yaşamalı, Allahın buyruqlarını yerinə yetirməlidir.
- Nizami ilə bağlı son araşdırmalarınız nələrdir, bu haqda bir az bilgi verə bilərsinizmi?
- Öncə onu deyim ki, bizim Nizamini anmağa deyil, anlamağa ehtiyacımız var. Kimliyimizi, dəyərlərimizi tanımaq, inkişaf etmək, azad olmaq, ədalətli cəmiyyət qurmaq, dünya mədəniyyətinin öncüllərinin sırasında yer tutmaq istəyiriksə, Nizami irsini dərindən öyrənməli, dəyərlərini günümüzə daşımalıyıq. Bu böyük işi gerçəkləşdirmək üçün də bir sıra şərtlərə ehtiyac var: birincisi, Azərbaycan mədəniyyətinin, o sıradan Nizaminin islami kimliyi qəbul olunmalı, Nizami bağlı olduğu dəyərlər əsasında öyrənilməlidir. İkincisi, Nizami irsi yenidən tərcümə olunmalı, bədii və sətri tərcüməsi hazırlanmalıdır. Üçüncüsü, bu böyük işi gerçəkləşdirmək üçün ayrı-ayrı elm sahələrinin mütəxəssislərindən ibarət elmi heyət formalaşdırılmalıdır. Dördüncüsü, Nizaminin hər misrasına şərhlər yazılmalı, onun irsi ilə bağlı ciddi elmi işlər ortaya qoyulmalıdır. Beşincisi, Nizaminin təbliğ etdiyi dəyərlər həyatımıza daşınmalıdır.
Biz də gücümüz ölçüsündə işlər gördük. Elmi fəaliyyətimizin iki əsas istiqaməti var, biri Qurani-Kərimlə, o birisi Nizami ilə bağlıdır. Nizamini aid olduğu dəyərlər işığında öyrənməyə çalışdıq, onun əsərlərinə on iki cild şərh yazdıq, işlərimiz davam edir, bu il “Yeddi gözəl” məsnəvisi ilə bağlı, min iki yüz səhifəlik, iki cildlik şərhimiz çap olundu. Dünya nizamişünaslığında ilk dəfə olaraq şairin iki məktubuna yüz əlli səhifəlik şərh yazdım, “Nizaminin iki məktubu: dünya siyasət və diplomatiya tarixinin iki şah əsəri” adı ilə çap etdim. İndi “Nizaminin ədalət xütbəsi” adlı elmi işimi tamamlamışam. İşlər davam edir, Allah ömür versə, Nizami irsinin hamısını şərh edəcəyəm. Hərəkət bizdən, bərəkət Allahdandır.
ŞƏRHLƏR