ONUN ÜMUMBƏŞƏRİ İDEYALARI BU GÜN DƏ ÖZ AKTUALLIĞINI QORUYUR

ONUN ÜMUMBƏŞƏRİ İDEYALARI BU GÜN DƏ ÖZ AKTUALLIĞINI QORUYUR

AMEA ƏLYAZMALAR İNSTİTUTUNUN direktoru Prof.Teymur Kərimli:
“Onun ümumbəşəri ideyaları bu gün də öz aktuallığını qoruyur”.

İrfan: Xoş gördük sizi, Teymur müəllim! Jurnalımızın buaykı mövzusu Nizami Gəncəvidir. Bilindiyi kimi 2021-ci il ölkəmizdə “Nizami ili” olaraq qeyd olunur. Biz də əlimizdən gəldiyi qədər Nizami irsini, onun ideologiyasını ictimaiyyətə çatdırmağa çalışırıq. Elə bu səbəbdən də sizə üz tutduq. Nizami Gəncəvi bizim dəyərimizdir deyirik. Bəs nədir onu dəyərli edən?

Prof. Teymur Kərimli: Nizami Gəncəvi irfan şairidir. İrfan ərəbcə “ərəfə” kökündən gəlir və bilmək deməkdir. Nəyi bilmək? Sadəcə dini elmləri? Xeyr, həm də dünyəvi elmləri. Şərq dünyasında arif adam deyəndə ensiklopedik zəkaya sahib, mənəviyyatla yanaşı, dünyəvi elmləri də əxz etmiş insan nəzərdə tutulur. Amma təəssüf ki, Qərbdə arif deyəndə mistik insan, dünyadan əl-ətək çəkmiş, insanlara heç bir faydası toxunmayan adam gəlir göz önünə. Bizə də məhz bunu aşılamağa çalışırlar. Bu düşüncənin təkzibi üçün neçə illərdir ki, işlər görürük, tarixi faktlara söykənən tədqiqatlarımızı davam etdirir və dünya ictimaiyyətinə təqdim edirik. Çətin işdir, əlbəttə. Çünki yüzillərdən bəri bu düşüncənin formalaşmasına xidmət ediblər. 16-cı əsrdən etibarən Şərqlə Qərbi üz-üzə qoyublar. Şərq dünyasını inkişafdan uzaq, bu dünya ilə deyil, ancaq o biri dünya ilə bağlı göstərməyə və beləliklə, istismara əlverişli hala gətirməyə, öz dəyərsizliklərini bizə dəyər olaraq aşılamağa çalışıblar. Təbii ki, bizim buna qarşı silahlarımız var. Ən böyük silahımızsa bizim klassik irsimizdir. Klassiklərimizin ortaya qoyduğu ümumbəşəri ideyalardır. Biz çox xoşbəxtik ki, Nizami, Füzuli, Sədi Şirazi, Mövlana kimi irfan şairlərimiz var. Onların ən böyük qayəsi isə kamil insan yetişdirmək olmuşdur.

Nizami Gəncəvi hələ neçə əsr bundan əvvəl bu gün Qərb dünyasının sahib olduğu istehlakçılıq anlayışına qarşı çıxırdı. Təbiətin, ətraf mühitin istehlakına, ən başlıcası, insanın insan tərəfindən istismarına qarşı çıxırdı. O, öz ideyalarında bütün insanların bərabərliyinə,  ictimai ədalətə səsləyirdi. Onun ələ aldığı problemlər bu gün üçün də aktualdır. Təkcə Azərbaycan üçün, Türk dünyası, Şərq aləmi üçün deyil, bütün dünya üçün aktualdır. Cəmiyyətin inkişafı məhz Nizamilərin arzu etdiyi “kamil insan” yetişdirməklə mümkündür. Əks təqdirdə cəmiyyətdə vəhşi instinktlər yarana bilər. Ona görə də bu gün Nizami yaradıcılığı bəşəriyyət üçün böyük əhəmiyyət daşıyır. Mən inanıram ki, bu gün bütün inkarlara baxmayaraq biz bu dəyərlərin təbliğinə səbirlə davam etməliyik. Möhtərəm Prezidentimizin 2021-ci ili Nizami ili kimi qeyd etməsi də məhz bu amala xidmət edir. Burada məqsəd sadəcə Nizamini dahi Azərbaycan şairi kimi təqdim etmək deyil, həm də onun mütərəqqi ideyalarını, ictimai ədalət prinsipini, kamil insan ideyasını bəşəriyyətə çatdırmaqdır. Çünki insanın xilası bundadır. Mən Nizaminin aktuallığını bunda görürəm. Əlbəttə ki, bu ideyaların təbliği üçün bir il kifayət deyil. Biz uzun zamandan bəri bu sahədə çalışmalara başlamışıq və bundan sonra da davam edəcəyik. Nə qədər ki, dünyada insanın insan tərəfindən istismarı var, zülm var, nə qədər ki, ədalətsiz idarə üsulları mövcuddur, Nizami və onun fikirləri də öz aktuallığını qoruyacaq.

- Çox gözəl qeyd etdiniz, Nizami Gəncəvi hər zaman öz qiymətini qoruyub saxlayacaq bir dəyərdir. Təbiidir ki, dəyərli olana sahib çıxmaq istəyən də çox olur. Elə bu nöqteyi-nəzərdən baxanda illərdir Nizamini farslaşdırmağa çalışanlar da olub. Nizaminin Azərbaycan türkü olduğu şübhəsizdir. Sadəcə suyu bulandırmaq istəyirlər. Bu haqda sizin dilinizdən eşitmək istərdik.

- Bu haqda çox deyilib, çox yazılıb. Ümumi olaraq bildirmək istəyirəm ki, Nizami elə bir dəryadır ki, onu araşdırdıqca hər dəfə yeni çalarlar üzə çıxır. Mən indiyə qədər formalaşmış qənaətləri qısa xülasə etmək istəyirəm. Şübhəsiz ki, Nizami Gəncədə doğulub. Gəncə hələ qədim zamandan Türk-İslam şəhəri olub. Hətta Nizaminin həməsri olan erməni yazıçısı Gəncəli Kirakos öz əsərində yazırdı ki, Gəncədə ermənilər çox azdır. Burada müsəlmanlar yaşayır. Əlbəttə ki, müsəlman deyəndə türkləri qəsd edirdi. Həmçinin Nizaminin əsərlərinə baxanda türklərə böyük sevgi bəslədiyini müşahidə edirik. Firdovsidə isə əksinə, türklərə nifrətlə qarşılaşırıq. “Sirlər xəzinəsi”ndə “Sultan Səncər və qarı” hekayəsində qarı Sultan Səncəri günahlandırarkən deyir ki, türklərin dövləti ucaldığı zaman ölkə ədalətlə idarə olunurdu. Yəni türklərin ədalətini, üsul idarəsini bəyənir. Qarı sultana deyir ki, “sən zülm edirsənsə, deməli türk deyilsən, deməli, sən özündən əvvəlki türk hökmdarların ənənəsini unutmusan”. Doğrudan da tarixə baxanda Məlikşahdan sonra hakimiyyətə gələn Sultan Səncərin daha çox İran üsul-idarəsini mənimsədiyini görürük. Həmçinin “Xosrov və Şirin”i oxuyanda Məhinbanunun qardaşı qızı Şirinə dedikləri də Nizaminin türklüyündən xəbər verir. Belə ki, Şirinin Xosrovla eşq macərası başlayanda Məhinbanu ona nəsihət edir ki, Xosrovun ad-sanına, əsil-nəcabətinə çox da uyma. O aydırsa, biz də günəşik. O, Keyxosrovdursa, biz də Əfrasiyabıq. Əfrasiyab da bilirsiniz, qədim türk hökmdarıdır. “Şahnamə”nin də əsas motivi Əfrasiyabla Keyxosrovun müharibəsi üzərində qurulub. Görürük ki, Nizaminin ən sevdiyi qadın obrazı türkdür, Əfrasiyabın nəslindəndir. Yenə “Xosrov və Şirin”dən bir misal verək. Deməli, Nizaminin çox sevdiyi həyat yoldaşı qıpçaq qızı Afaq rəhmətə gedəndə onu Şirinin ölümü ilə müqayisə edir. Həmin məqamda Allaha müraciətində deyir: “qıpçaq gözəlim türklər kimi bir evdə durmadı, köç etdi, öz çadırını tərk etdi”. Axı türklər köçəri olublar, bir yerdə dayanmayıblar. Baxın hara eyham vurur? Davamında deyir ki, “əgər türküm çadırdan köçübsə, mənim türkzadəmi sən özün qoru!”. Türkzadə nə deməkdir? Baxın, şahzadə şahın oğlu deməkdir, xanzadə xanın oğlu mənasında işlənir. Heç görmüsünüz xanımzadə desinlər? Uşağı ataya nisbət edirlər. Burada da Nizami “türkzadəmi sən qoru” deyərkən açıq şəkildə öz oğlunu türk oğlu adlandırır. Beləliklə, birbaşa özünün türk olduğunu göstərir.

Nizami Gəncəvinin türk oğlu türk olduğunu ortaya qoyan saysız-hesabsız sübutlar olsa da, bəzi qərəzli insanlar var ki, onlar yenə də öz bildiklərində israr edirlər. Qurani-Kərimdə buyurulur ki, “onların gözü var, amma görməzlər; qulaqları var, amma eşitməzlər; ürəkləri var, amma duymazlar”. Bizi istəməyən, bədxah tədqiqatçılar da belədir. Bütün bu həqiqətlər onların görmək istəmədiyi həqiqətlərdir. Amma bu, bizi öz yolumuzdan döndərə bilməz. Biz öz işimizi görməli, bu həqiqətləri dünyaya təbliğ etməliyik. Əminik ki, gec-tez o bədxahlar da reallıqla razılaşacaqlar. Çünki başqa yolları yoxdur.

- Teymur müəllim, rəhbərlik etdiyiniz Əlyazmalar İnstitutunda Nizami ilə bağlı hansı qiymətli əsərlər var, bu haqda nə deyə bilərsiniz?

- Bizdə Nizaminin zəngin əlyazmaları var. Sırf Nizamiyə aid otuza yaxın öz orijinal əlyazmamız var. Xaricdən də xeyli sayda əlyazma almışıq. Məsələn, Türkiyənin Süleymaniyyə kitabxanasından, Özbəkistandan, Avropadan aldığımız əlyazmalar var və onların əsasında araşdırmalar aparırıq. O cümlədən Hindistanda keçirdiyimiz beynəlxalq konfransda öyrəndik ki, orada da Nizamiyə dair yüzlərlə əlyazma mövcuddur. Əlimizdəki ən qədim əlyazma isə Nizamidən 100 il sonrakı dövrə aiddir. Yeri gəlmişkən məşhur rus şərqşünası Yevgeni Bertelsin bir sözünü də qeyd edim. O deyir ki, bir əlyazmanın qədimliyi birbaşa onun səhihliyindən xəbər vermir. Bəzən elə olur ki, həmin əlyazmadan sonra yazılan başqa bir əlyazma daha səhih və daha əvvəlki mətndən köçürülmüş olur. O dövrdə katiblərin sərbəstliyini nəzərə alsaq, müəyyən yanılmaların mövcudluğu da danılmazdır. Biz ona görə durmadan çalışırıq ki, bu sahədə Nizamiyə daha yaxın, daha orijinal elmi-tənqidi mətn ərsəyə gətirək. AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin rəhbərliyi altında ciddi işlər görürük. Artıq “Sirlər Xəzinəsi”ni bitirmək üzrəyik. 40-cı illərdə yazılan elmi-tənqidi mətnləri əsas alaraq bir çox yeni əlyazmaları da ora əlavə edib işləmişik. Nizami, Füzuli, Homer, Şekspir, Puşkin kimi bir çox dahilər var ki, hər zaman onların üzərində elmi tədqiqatlar aparılmalıdır. Daim araşdırılmalı, yeniliklər ortaya qoyulmalıdır. Bu gün müstəqil dövlətçiliyimizin ən böyük uğurlarından biri odur ki, biz öz dəyərlərimizi araşdıra bilir, tarixi şəxsiyyətlərimizi tədqiq edərək gün üzünə çıxara bilirik.

- Teymur müəllim, dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik. Sizə və sizin timsalınızda İnstitutun bütün üzvlərinə milli-mənəvi dəyərlərimizin inkişafına göstərdiyiniz xidmətlərə görə minnətdarıq.

- Mən də öz növbəmdə “İrfan” jurnalına və onun kollektivinə bu kimi fəaliyyətlərin təbliğində göstərdiyiniz səylərə görə öz təşəkkürümü bildirirəm. 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz