BİR AYƏ

Bir ayə

Bir ayə

بسم الله الرحمن الرحيم

وَالشُّعَرَاءُ يَتَّبِعُهُمُ الْغَاوُونَ

“Şairlərə gəldikdə, onlara azğınlar tabe olarlar”. (əş-Şüəra, 26/224)

Qurani-Kərimin nazil olduğu dövrdə Ərəbistanda şairlər böyük nüfuza malik kimsələr idilər. Hər qəbilənin öz şairi vardı və aralarında vaxtaşırı şeir müsabiqələri keçirilərdi. Həzrət Peyğəmbər (s.ə.s) İslam dinini gətirdikdən sonra bunu qəbul etməyən müşriklər Quranın üstün gücünü və gözəl üslubunu gördükdə Qurani-Kərimin qeybdən verdiyi xəbərləri şeytanların ilhamı, üslubunu da şeir kimi qiymətləndirmişdilər. Buna görə də Həzrət Muhammədin (s.ə.s) kahin və şair olduğunu iddia etdilər. Onların bu iddialarına cavab olaraq yuxarıda qeyd etdiyimiz və davamındakı bir neçə ayə nazil olmuşdur. Beləcə, Həzrət Peyğəmbərin şair olmadığı vurğulanmış və “Onların hər bir vadidə sərgərdan dolaşdıqlarını görmədinmi?! Onlar etmədiklərini söyləyirlər” (əş-Şüəra, 26/225-226) ifadələri ilə cahiliyyə dövründəki şairlərin mənfi xüsusiyyətləri sadalanmışdır. Həmin şairlər bilib-bilmədən hər mövzuda söz söyləyər və insanları öz yalanları ilə təsir altına salardılar. Belə şairlərin arxasınca da doğru insanlar yox, məhz sapqın və azğın insanlar gedərdilər. Bu səbəbdən Qurani-Kərimdə Həzrət Muhammədin (s.ə.s) şair olmadığı, Quranın da şeir olmadığı dəfələrlə vurğulanmışdır. Bununla əlaqədar bir ayeyi-kərimədə də: “O, şair sözü deyildir. Nə qədər də az inanırsınız!” (əl-Haqqə, 69/41) buyurularaq açıq şəkildə bu həqiqət bəyan edilmişdir.

Əslində, Qurani-Kərim insanların ictimai həyatında mühüm rol oynayan şeiri və şairləri mütləq surətdə tənqid etməmiş və insanları İslama və gözəl əxlaqa dəvət edən şeirə rəğbətləndirmişdir. Növbəti ayədə: “Ancaq iman gətirib yaxşı işlər görənlər, Allahı çox zikr edənlər və haqsızlığa məruz qaldıqdan sonra qalib gələnlər bundan müstəsnadır” (əş-Şüəra, 26/227) buyurularaq haqq yolda olan şairlər istisna tutulmuşdur. Çünki belə şairlər şeirlərində həqiqətləri dilə gətirir, söylədikləri ilə etdikləri üst-üstə düşür, insanları tövhidə dəvət edir, zülm və haqsızlığa qarşı şeirləri ilə mübarizə aparırlar.

Səhih hədis mənbələrində də qeyd olunur ki, İslamın ilk dövrlərində haqq yolunda şeir yazan şairlər yuxarıda qeyd olunan şairlərdən ayrı tutulmuş və təriflənmişlər. Məsələn, cahiliyyə dövrünün məşhur şairlərindən olmuş və daha sonra İslamla şərəflənmiş Ləbid ibn Rəbiənin “Bilinməlidir ki, Allahdan başqa hər şey batildir!” mənasındakı misrası Həzrət Peyğəmbər tərəfindən: “Şairlər tərəfindən söylənən ən doğru sözdür!” (Buxari, Mənaqibül-ənsar, 26) - şəklində qiymətləndirilmişdir. Eləcə də İslamın ilk dövrlərində haqq yolunda şeir yazmış və Peyğəmbərimizin (s.ə.s) təqdirini qazanmış bir çox şair vardı. Bunlardan biri olan Həssan ibn Sabitə Peyğəmbərimiz (s.ə.s): “Şeirlərində müşrikləri tənqid et! Bil ki, Cəbrayıl (ə.s) da səninlə birlikdədir”, (Buxari, Bədül-xəlq, 6) – buyurmuş və onu İslam yolunda şeir yazmağa təşviq etmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz