NİZAMİ İRSİNDƏ TÖVHİD

NİZAMİ İRSİNDƏ TÖVHİD

       Nizami Gəncəvinin  (1141-1209) yaşadığı dövrdə Gəncə şəhəri 1077-1307-cü illərdə hökmranlıq etmiş Böyük Səlcuq imperiyasının yerli təmsilçiləri olan Azərbaycan Atabəylərinin hakimiyyəti altında olmuşdur. Yaşadığı dövrün standartlarına görə dahi Nizaminin parlaq təhsili olmuşdur. Nizami Gəncəvi dünyəvi elmlərlə yanaşı, yüksək səviyyədə İslami təhsil də aldığına və İslami elmlərə kifayət qədər vaqif olduğuna görə, Allah inancı, Allahın varlığı, birliyi, əzəmət və qüdrəti çox yüksək səviyyədə əsərlərinə əks etmişdir. İslam əqidəsinin əsası olan tövhid (Allahın varlığı və birliyi) və Allahın sifətləri bütün əsərlərinin proloqu olmuşdur. İslam əqidəsinə görə, Allah vardır, birdir, şəriki (ortağı) yoxdur. Heç bir bənzəri yoxdur. Tək yaradandır. Hər şeyə gücü yetər. Yaratdıqlarına möhtac deyil. Yeri-göyü var edəndir. Məkandan münəzzəhdir. Kainatda hər şey Onun “kun” (ol!) əmri ilə var olmuşdur. Hər şey Ona baş əyər (səcdə edər). Mütləq varlıq Odur.  Nizami Gəncəvinin əsərlərində Allahın isim və sifətlərinin nümunəsi olduqca çoxdur. Mövzu ilə əlaqədar olaraq “Xəmsə”dən seçdiyimiz beyt nümunələrini oxucularla bölüşmək istərdik:

İlkidir aləmdə olanların O!

Baqisidir baqi qalanların O! (“Sirlər Xəzinəsi”)

Varlığın ilki, sonudur aşikar,

Kainat ondan yox olar, həm də var. (“Sirlər Xəzinəsi”)

Sayın əvvəlisən sən bu gedişdə,

Sonların sonusan hər axır işdə. (“Yeddi gözəl”)

 Qurani-Kərimdə belə buyurulur: Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir. (əl-Hədid, 3)

Hər var olan varlığı ey var edən,

Tapdı səninlə gücü torpaq bədən. (“Sirlər xəzinəsi”)

Varlığının surəti yoxdur sənin,

Bənzəri yoxdur sənə bir kimsənin. (“Sirlər xəzinəsi”)

Varsan, yoxdur sənin mislin dünyada,

Özgə şey gətirməz aqillər yada. (“Yeddi gözəl”)

Qurani-Kərimdə buyurulur: “Onun heç bir bənzəri yoxdur. O, hər şeyi eşidəndir, görəndir. (əş-Şura, 11)

Hər nəyi bəzədin, var etdin yoxdan,

Onlara ehtiyac duymadın bir an. (“İskəndərnamə”)

O şah adıyla məktubdur, fikir ver,

Məkansızdır, yox onsuz bir məkan, yer. (“Xosrov və Şirin”)

O gün ki, anladın bir məbudun var,

Nədir? Kimdir? Nə cürdür? Gəzmə zinhar! (“Xosrov və Şirin”)

Bütün bu canlılar, cansızlar ki, var,

“Yaran!” deməyinlə yarandı onlar. (“Leyli və Məcnun”)

Ağasan, qulundur hər şey dünyada,

Sultan sən özünsən, başqası gəda. (“Leyli və Məcnun”)

Səcdə boyunbağına Sən verdin nizam,

Qeyri kəsə səcdə haramdır, haram! (“Sirlər Xəzinəsi”)

Edir səcdə ona hər yerdə xilqət,

Budur mütləq dəlil - vardır o qüdrət. (“Xosrov və Şirin”)

Kim ki demir səndən, o sussun gərək,

Söz səni yad  etməsə, heçdir demək. (“Sirlər xəzinəsi”)

Əsli pak, zatı pak, təkdir vücudu,

Nə oddur, nə torpaq, nə yel, nə də su.

Varlıqlar hamısı onun möhtacı,

Onunsa heç kəsə yox ehtiyacı. (“İskəndərnamə”)

Desək ki, göydədir o pərvərdigar,

Ona təzim edən yer tənha qalar.

Yox, əgər yerdədir, söyləsək, Allah,

Şənini alçaltmaq olmazmı günah?!

Məbudun zatından danışan zaman

Axtarma nə göydə, nə yerdə məkan. (“İskəndərnamə”)

Hökmüylə yaranmış bütün kainat,

Bütün canlılara o verir həyat.

Ondan ad almışdır bu varlıq tamam,

O, tamdır, qalanlar nə var - natamam. (“İskəndərnamə”)

Yenə Qurani-Kərimə nəzər yetirsək, “Xəmsə”dəki bu ifadələrin Uca Allahın tövhidi ifadə edən kəlamının nəzm edilmiş şərhi olduğunu görərik: De: “O Allah təkdir! Allah heç bir şeyə möhtac deyildir. O nə doğmuş, nə də doğulmuşdur. Onun heç bir bənzəri və tayı-bərabəri yoxdur”. (əl-İxlas, 1-4)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz