QURANİ-KƏRİMİ OXUMA ƏDƏBİ

QURANİ-KƏRİMİ OXUMA ƏDƏBİ

Qurani-Kərim ilə məşğul olmaq Allah qatında o qədər qiymətli bir ibadətdir ki, hədisi-qüdsidə Allah-Təala belə buyurur: "Kim Mənə dua edə bilməyəcək və Məndən bir dua diləyi istəyə bilməyəcək qədər (çox) Quranla məşğul olsa, ona şükür edənlərin savabından daha çoxunu verərəm”. (Tirmizi, Səvabul-Quran, 25, Darimi, Fəzailul-Quran, 6)

Qurani-Kərim oxumamızdakı əsl məqsəd Allahın razılığını qazanmaq və haqq yoldan sapmamaqdır. Xüsusilə də hər cür pislik və günahların işləndiyi bu axır zamanda ayağımızın sürüşməməsi üçün Qurani-Kərimin ipinə möhkəm şəkildə sarılmalıyıq.

İmam Qəzzali (r.aleyh) Quran, sünnə və səhabə tətbiqlərindən öyrənilən illərin təcrübəsi ilə Quran oxuma ədəbini belə izah edir:

“Quran oxuyacaq adam dəstəmazlı, ədəbli və ciddi olmalıdır. İstər ayaqda, istər oturmuş olsun, qibləyə yönəlməlidir. Başını yüngülcə önə əyməli, bardaş qurmuş, söykənmiş olmamalı və qürurlu havaya bürünməməlidir. Eynilə müəlliminin qarşısında oturduğu kimi oturmalıdır. Quranın ən fəzilətli oxunuşu namazda qiyamda olan və məsciddə ediləndir. Əməllərin ən fəzilətlisi budur. Dəstəmazsız oxumanın da, yatağına uzanaraq oxumanın da əlbəttə savabı vardır, lakin azdır”.

İslam alimləri Qurani-Kərimi oxuma mövzusunda beş xüsus ortaya qoyurlar:

1- Qiraətul-Quran (Quranı oxumaq),

2- Hifzul-Quran (Qurandan surə və ayələr əzbərləmək, hafizlər yetişdirmək),

3- Fəhmul-Quran (Quranı anlamaq),

4- Əməlul-Quran (Quranın əmrlərini yerinə yetirmək, qadağalarından çəkinmək),

5- Şəfaətul-Quran (Qəbirdə və məhşərdə şəfaətinə qovuşmaq).

Birinci maddə ilə əlaqəli ədəb və tövsiyələri bu şəkildə xülasə edə bilərik:

1) Quran-Kərimi oxumaq ibadət olduğuna görə səmimiyyət və ciddilik lazımdır.

2) Dəstəmazlı və təmiz olunmalıdır (qüslsüz və ya adət-heyz halı olmamalıdır).

3) Quran oxuyacağımız yer və paltarımız təmiz olmalıdır.

4) İmkan nisbətində qibləyə doğru dönməli və dizüstü oturulmalıdır (üzürlü səbəbdən stulda oturub oxumaq olar).

5) Oturaraq oxumaq Quranı düşünməyə və anlamağa daha uyğundur.

6) Günün hər vaxtında Quran oxuna bilər. Lakin səhər və sübh vaxtları daha bərəkətlidir.

            7) Oxumağa “Əuzu-Bismillah'' ilə başlanmalıdır. Qurtararkən də “Sadəqallahul-azim” demək yaxşı olar.

8) Səhifələrinə baxaraq oxumaq daha fəzilətlidir. Çünki bunda həm oxuma, həm də Qurana baxma savabı vardır.

9) Mütəvatir qiraət tərcih edilməlidir (əhli-Quran müəllimlərin təlimini öyrənməli və təcvid üsullarına, hərf və məxrəc kimi qaydalara diqqət edərək oxunmalıdır).

10) Yalnız Allah üçün, ixlas və xüşu ilə oxunmalıdır (hər hansı bir mənfəət düşüncəsi olmamalıdır).

11) Səsli oxumaq tərcih edilməlidir. Bu, oxuyanı da, dinləyəni də gümrah tutar (oxunan məkanda səs-küy, yaxud başqa məşğuliyyət varsa, ya oxuma ertələnməli və ya səssiz oxunmalıdır).

12) Gözəl səs ilə, təvazö və diqqətlə oxunmalıdır. Çox yüksək səs (qışqırmaq) gözəl deyil.

13) Quran oxuyarkən ağlaya bilmək gözəl xüsusiyyətdir.

14) İcabət olmalıdır: Cənnət, savab və müjdə ayələrini oxuyunca “Allahım, nəsib elə!” deyilməli, cəhənnəm və əzab ayələrini oxuyunca da “Allahım, bizi qoru!” şəklində dua edilməlidir.

15) Tərtibə riayət edilməlidir. Quranın baş tərəfindən sona doğru oxunmalıdır.

16) Yerinə görə oxunmalıdır (məclisə görə mövzu seçmək, səs tonu və nə qədər oxunacağı mühümdür).

17) Quran təmsil ilə, yəni mənaya uyğun şəkildə oxunmalıdır (bu, yaxşı dərəcədə ərəbcə və Quran elmini bilməyi tələb edir).

18) Quran xətmi tamamlanınca evdəkilərlə, yaxud məclisdəkilərlə birlikdə qısa və sadə bir xətm duası etmək gözəl olar (Peyğəmbərimizin (s.ə.s) xətmdən sonra oxuduğu bu dua və ya buna bənzər dualar oxuna bilər: “Allahım! Mənə Quranla mərhəmət et! Onu mənim üçün bələdçi, işıq, hidayət rəhbəri et və mənə rəhm elə! Allahım! Ondan unutduğumu mənə xatırlat, ondan bilmədiyimi bildir. Bütün gecələrdə də, bütün gündüzlərdə də onu oxumaqla məni ruziləndir. Ey aləmlərin Rəbbi! Onu mənim lehimdə dəlil et”. (İraqi, Muğni, I, 286)

19) Uşaqlar xətm ediblərsə, onlara daha maraqlı mərasimlər təşkil etmək faydalıdır.

20) Quran davamlı və nizamlı oxunmalıdır. Çünki az olsa da, davamlı olan ibadət məqbuldur.   

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz