NİZAMİ GƏNCƏVİ və TƏSƏVVÜFİ YÖNÜ

NİZAMİ GƏNCƏVİ və TƏSƏVVÜFİ YÖNÜ

Nizami Gəncəvi hicri VI (miladi XII) əsrdə yaşamış böyük bir şair, mütəfəkkir və mütəsəvvifdir. Sadə və zahidanə bir həyat yaşamış, yazdığı əsərlərlə bir çox elm və dövlət xadimlərinə təsir göstərmişdir. Dövlətşah Səmərqəndi (ö. 900/1494) “Təzkirətüş-şüəra” əsərində Nizami Gəncəvi haqqında belə yazır:

“Onun kamilliyini anlatmağa söz kifayət etməz. Şairliyindən əlavə, yüksək əxlaq sahibi idi. Ömrünün son illərində üzlətə çəkilmişdir. Dövrün dövlət adamlarından Atabəy Qızıl Arslan onunla söhbət etmək istəmiş və yanına adamlarını göndərib dəvət etmişdi. Adamları Nizami Gəncəvinin inzivaya çəkildiyini görüb dövlət adamları ilə görüşmək istəmədiyini anlayırlar. Atabəy Nizamini imtahan edib sınamaq üçün ziyarətinə getməyə qərar verir. Nizami kəramət yoluyla bunu başa düşür və Atabəyin gözünə qeyb aləmindən bu mənzərəni göstərir: Ləl-cəvahiratla bəzənmiş padşah taxtının ətrafında yüz minlərlə xidmətçi və əsgər dayanıb. Şeyx Nizami isə padşah kimi həmin taxtda oturub. Atabəy Qızıl Arslan qəlb gözü ilə bu mənzərəni görəndə həyəcanlanır və Nizami Gəncəvinin əlini öpmək istəyir. Ona sevgisi və bağlılığı artır. Bundan sonra Nizami onu məmnun etmək üçün dəvətini qəbul edib ziyarətinə gedir. Nizami Gəncəvi Şeyx Əxi Fərəc Zəncaninin müridi imiş. Xosrov və Şirin adlı əsərini Atabəy Qızıl Arslan üçün yazıb. Atabəy də Nizamiyə dörd kəndin gəlirini hədiyyə etmişdir. Nizami Səlcuqlu sultanı Toğrul bəyin dövründə hicri 576-cı ildə vəfat etdi (vəfat tarixi bəzi mənbələrdə fərqli göstərilir). Qəbri Gəncə şəhərindədir”.[1]

“Atəşkədeyi-azər” adlı əsərdə də Nizaminin atasının Azərbaycanın Gəncə şəhərinə köçdüyü və Nizaminin bu şəhərdə dünyaya gəldiyi, müridlik silsiləsinin Əxi Fərəc Zəncaniyə bağlandığı qeyd olunur.

Göründüyü kimi, Nizami Gəncəvi təkcə şair deyil, eyni zamanda mütəsəvvifdir. Əxi Fərəc Zəncaninin mürididir (ö. 457/1065). Əxi Fərəc haqqında belə bir rəvayət var: Bir gün dərgahın aşpazı südlü sıyıq bişirmək üçün qazana süd tökmüşdü. Bir dənə qara ilan bacadan qazanın içinə düşdü. Şeyx Zəncaninin pişiyi bunu gördü. Qazanın ətrafında fırlanıb acı-acı miyovuldamağa başladı. Baş verənlərdən xəbərsiz olan aşpaz qışqırıb pişiyi oradan qovdu. Aşpaz onun nə demək istədiyini başa düşməmişdi. Pişik gəlib özünü qaynar qazanın içinə atdı və öldü. Yeməyi boşaldanda içindəki ölmüş qara ilanı gördülər. Şeyx Zəncani dedi: “O pişik özünü dərvişlərə fəda etdi. Onu dəfn edin və qəbrini ziyarət edin”. Deyirlər ki, həmin pişiyin qəbri həqiqətən də mövcuddur və xalq oranı ziyarət edir.[2]

Nizami Gəncəvi bu mənqibədə adı keçən Şeyx Əxi Fərəc Zəncaninin yolunun davamçısı olmuş və həmin məktəbdən təsəvvüf, mənəviyyat və əxlaq öyrənmişdir. Nizami şeirlərində bəzən rəmzi olaraq dünyəvi məsələlərdən söhbət açsa da, əslində dərin mənada baxanda daha çox dini-əxlaqi mövzuları anlatmağa çalışdığını görürük.

Nizaminin “Məxzənül-əsrar” (Sirlər xəzinəsi) əsərində Sənai Qəznəvinin “Hədiqətül-həqiqə” adlı təsəvvüfi əsərindən təsirləndiyi qəbul edilməkdədir.[3] Əsərin 17-ci bölümündə dünyaya aldanmamağı izah etmək üçün şair belə deyir:

Ey Allahdan və öz varlığından qafil olan şəxs,

Canının və bədəninin dərdinə düşmüsən (Allaha qulluğu unutmusan),

Bu bədəndəki zahiri varlığınla “mən” deyə təkəbbürlənmə,

Onun hərəkəti dodağa qədərdir (son nəfəsdə tükənər).

Küpə bənzəyən göy kimi bu dünyaya sarılma,

Sənə aid olmayan şeyə sarılıb yapışma.

Kainatın qüvvəsi sənin qolundan daha güclüdür,

Dünyanın ölçü daşı sənin tərəzindən daha ağırdır.

Bir tozdan bir dağın gücünü istəmə,

Bir qığılcımdan da qazan qaynadan alovun gücünü istəmə.

Allahın rizasına uyğun bağlanan hər kəmər (ibadət əhli hər insan),

Əbədi olaraq bədənə qul olmaqdan xilas olar.

Faiz yeyən şəxsin tamahkarlığı məhrumluq olar,

İlahi riza tacı qulluq başının üstündədir (Allah ona ibadət edəndən razı olar).

Bu yolda yolkəsən quldurlar var,

Heybəsi boş olan kəs (dünya malına düşkün olmayan) daha rahat olar.

Mal və məqam sahibisənsə baş ağrısını qəbul et,

Baş ağrısını istəmirsənsə, mal və vəzifədən ayrıl.[4]

Abdurrahman Cami təsəvvüf böyüklərindən bəhs edən “Nəfəhatül-üns” adlı əsərində Nizami Gəncəviyə yer vermiş, onun ömrünü qənaət və üzlət ilə keçirdiyini, dünya malına əhəmiyyət vermədiyini, digər şairlər kimi dünya tamahı ilə zənginlərə yaxınlaşmadığını, əksinə, dövrün hökmdarlarının onunla yaxınlıq quraraq bərəkətlənməyə çalışdığını yazmışdır. Nizami “Həft peykər” (Yeddi gözəl) əsərində bu mövzunu belə dilə gətirir:

Gənclik illərimdən bəri sənin qapından başqa qapıya getmədim (ey Allahım!)

Hər kəsi (padşahları) sən mənim qapıma göndərdin, mən istəmirdim, sən verirdin.

Abdurrahman Cami belə davam edir: “Pənc gənc” (Xəmsə) adlı beş əsərində ilk baxışda hekayə və əfsanə kimi görünsə də, əslində yüksək səviyyədə irfani, mənəvi, təsəvvüfi mövzular açıqlanmaqdadır.[5]

Hindistanlı Çiştiyyə təriqəti şeyxlərindən Nasiruddin Mahmud Çəraği Dehli (ö.757/1356) bir söhbətində qəlbi dünyəvi sevgi və həvəslərdən sıyırıb Haqq-Təalaya yönəltməyin zərurətini anlatdıqdan sonra Nizami Gəncəvinin bu beytini misal verir:

 “Ya Rəbb! Sən mənim Leylanın üzünə olan sevgimi hər an daha da artır!”.[6]

Burada Leyla deyəndə Haqq-Təala nəzərdə tutulur.

Nizami Gəncəvi öz dövründə saleh insanların azaldığını düşünərək belə demişdir:

Yaxşı insanların söhbəti dünyadan uzaqlaşdı (saleh insanlar azaldı),

Bal süfrəsi arı pətəyinə qayıtdı.

Hindistanlı Şeyx Camal Cücəri bu şeirdəki pessimist düşüncələri səbəbi ilə Nizami Gəncəvinin kamal dərəcəsinə çatmamış bir sufi olduğunu iddia etmişdir.[7]  

Nizami Gəncəvinin “Məxzənül-əsrar” adlı əsəri Osmanlı dövründə XVI əsrdə İstanbulda Şəmullah Şəmi əfəndi tərəfindən “Şərhi məxzənül-əsrar” adı ilə türk dilinə tərcümə və şərh edilmişdir.[8]

 

[1]      Dövlətşah Səmərqəndi, “Təzkirətüş-şüəra” (nşr. Edward Brown), Tehran 1382 hş., s. 129-131.

[2]      Abdurrahman Cami, “Nəfəhatül-üns” (nşr. Mahmud Abidi), Tehran 1375 hş./1996, s. 150-151.

[3]        Yaqub Nevruzi – Hüccət Qəhrəmani, “Nizami şairi sufi məslək”, Fəslnameyi Ədəbiyyati İrfan və Üsturə Şinahti, sy. 25 (1390 hş.), s. 194.

[4]        Nizami Gəncəvi, “Məxzənül-əsrar”, London 1844, s. 100 (Farsca).

[5]        Abdurrahman Cami, “Nəfəhatül-üns”, s. 606.

[6]        Həmid Qələndər, “Xayrul-məcalis” (nşr. X.Əhməd Nizami), Aliqarx 1959, s. 97.

[7]        Abdulhaq Mühəddis Dehləvi, “Əxbarul-əxyar” (nşr. Alim Əşrəf Xan), Tehran 1383 hş./2005, s. 378.

[8]        Sara Behzad, “Şəmi Şəmullah və şərhi məxzənül-əsrar”, Ankara, Qazi Universiteti Sosial Bilimlər İnstitutu, 2017 (nəşr edilməmiş dissertasiya işi).

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz