AĞCAQANADIMA TOXUNMA!
Ağcaqanadlar istiqanlıdır. İstiqanlı olduqlarına görə də yay fəslindən xoşlanarlar. İnsanın qanını isti-isti, heç soyutmadan çəkərlər. Ağcaqanad heç ölünün soyumuş qanına yaxınlaşar? “Çay ləb-rəng, ləb-suz və ləb-riz olmalıdır”, - demişlər. Yəni stəkan ağzına kimi dolu, çay dodaq rəngində və dodağı yandıracaq qədər qaynar olmalı imiş. Çayın isti olmasını istəyirik. Niyə ağcaqanadın isti qanı xoşlamasını, qanı soyutmamasını başa düşmək istəmirik?
Masamın üstündə, kompüterimin ekranını görə biləcək şəkildə mövqe tutmuş ağcaqanadı müşahidə edirəm. “Xeyirdir, ağcaqanad qardaş, ekranda yazdıqlarımı oxuyursan? Ekranın işığından bəhrələnib isinməyə çalışırsan, yoxsa?”
Bu milçək növünə Anadolu türkcəsində “sivri sinək” deyirlər. Qara milçək gonbuldur, ağcaqanad isə sivri, ucu şiş. Qara milçək dolmalıq bibərə, sivri milçək isə qələm kimi uzanan incə, acı, sivri bibərə bənzəyir. “Sivri” bənzətməsini həm ağcaqanada, həm də bibərə aid edirlər. Bu adı bibərə yaraşdırmağın səbəbi onun acılığının ağcaqanadın sancması kimi yandırması ola bilərmi?
Əlimi uzatsam, ağcaqanadı öldürə bilərəm. Öldürmək daha asandır, yoxsa yaşatmaq? Əlbəttə, öldürmək asandır. Öldürmək ani bir hərəkətdir, yaşatmaq isə uzun müddət davam edən proses. Yıxmaq hər zaman qurmaqdan daha rahatdır. Qurmaq üçün bilmək, ustalaşmaq lazımdır; yıxmaq üçün isə heç ağıllı olmağa da ehtiyac yoxdur. Tikməyə ağıl, yıxmağa isə qol gücü lazımdır.
Haydı, gəl yıxalım bu Süleymaniyəni desən,
İki qazma-kürək, iki də fəhlə gərək.
Ancaq, haydı, gəl yapalım bunu yenidən desən,
Bir Sinan, bir də Süleyman gərək.
(M.Akif Ərsoy)
Əslində, yıxmaq, yandırmaq, öldürmək və ya kəsmək üçün də müəyyən qədər hesablama tələb olunur. Çoxmərtəbəli binaları dinamitlə partladaraq, sağa-sola aşmadan öz sütunları üstə yıxırlar. Ağac kəsərkən onun aşacağı istiqaməti düzgün təyin edə bilməyən neçə-neçə insan kəsdiyi ağacın altında qalmışdır.
Divardakı ağcaqanadı öldürüm, ya yox, deyə fikirləşirəm. Bilirəm ki, bir az sonra işıq sönən kimi gördüyüm bu ağcaqanad və onun dostları aktivləşib hücuma keçəcəklər. Ağcaqanadlar romantik heyvanlardır, qaranlıqda yerlərində dayana bilməzlər.
Ağcaqanad özü üçün təyin edilən həyat planı nədirsə, yeməyindən içməyinə, çoxalmasından gizlənməsinə qədər hər bir şeyi nöqsansız həyata keçirir. Balaca bir həşərat özünə verilən tapşırığı, yəni həyat prinsipini əskiksiz bir şəkildə yerinə yetirir. Bəs mən öz həyat proqramım olan Quran və Sünnəni nə dərəcədə həyatımda tətbiq edə bilirəm? Rəbbimizə “bəli, Sən bizim Rəbbimizsən” deyə söz verdik. Bu sözü tuta bilirikmi? Allah ağcaqanadı ağcaqanad kimi yaratdı, özü-sözü, içi-çölü ağcaqanad olaraq ölür. Məni də insan olaraq yaratdı; özüm-sözüm, içim-çölüm birdirmi? Ağcaqanad həmişə ağcaqanad oldu, mən isə hər zaman insan ola bilmədim.
Evimin içində qonaq sayılan bu Allahın qulunu niyə öldürüm? Qonağa ikram etmək lazımdır. Ağcaqanadlar yemək stoluna və ya soyuducuya getmədən ikramı birbaşa məndən alır. Ağcaqanadlar tövhid əhlidir, aradakı vasitəçilərlə işləri olmaz. Ağcaqanadın dişlədiyi yeri qaşısam da, tam yuxuya gedəcəyim vaxt qulağımın dibində vızıldayıb məni oyatsa da, canı sağ olsun. Qanımı içsə də, ağcaqanadı öldürmək istəmirəm. Ey ağcaqanad! Bəlkə də, sən bir iynənin ucu qədər qan içirsən. Dünyanı qanına qəltan edənlər yaşaya bilirsə, sən niyə yaşamayasan? Qan tökənlər yaşayır, qan içən niyə yaşamasın?
Yayın qızmarı, tər, işıq kirliliyi, səs kirliliyi və ağcaqanadın sancıb yandırması səbəbi ilə yata bilmədiyim vaxtlar oldu. Allahım, yatmaq və oyanmaq nə böyük nemət imiş! Rəsulun (s.ə.s) yuxuya məbədə girirmiş, Quranı açırmış kimi bismillah ilə girir və oyandığı zaman da həmd edir. Bir vaxtlar ağcaqanad səbəbi ilə yata bilməyəndə onu öldürməyi yox, ən çox dişlədiyi yerlərə - əl və ayaqlara, qulaq ətrafına bir az sirkə sürtərək onu uzaqlaşdırmağı belə düşünmüşdüm.
“İman iki hissədir; yarısı səbirdə, yarısı da şükürdədir” buyurulur. (Süyuti, Camius-səğir, s.186, 3106)
Həyat neçə hissədir sualına cavab kimi də səbir və şükür deyirlər.
Ey ağcaqanad! Bu dünyada kimlər yaşadı, kimlər yaşayır, kimlər yaşayacaq... Sən də yaşa; Allahın mülkü hamımıza yetər. Mən də ki, səni doyurmaqla bir işə yaramış olaram, elə deyilmi? Bir insanın qanını tamamilə bitirmək üçün təxminən 1200000 ağcaqanad lazım imiş. 2-3 ağcaqanaddan niyə bu qədər qorxuruq? Vızıltısını eşitdiyimiz, yəni səs çıxardaraq dişləyən ağcaqanadlar dişidir. Erkək ağcaqanadın səsi çıxmırmış. Maraqlı bir detaldır.
Axşamüstü çay içərkən qoluma dəyən bir şapalaqla irkildim. Dirsəyimə qonan ağcaqanadı vurub öldürmüşdülər. “İqra!” (oxu) əmrini yerinə yetirdiyim altı ayaqlı, altı gözlü ağcaqanadı oxumağım kəsildi. Dostumu itirdim. Kədərləndim, kefim pozuldu. “Ağcaqanadımdan nə istədiniz, ağcaqanadıma toxunmayın, dişləsə məni dişləyəcək, içsə mənim qanımı içəcək, vızıldasa mənim qulağımda vızıldayacaq, sizə nə?” dedim. Başqa bir söz demədim. Oxuduğum kitab bağlandı.
ŞƏRHLƏR