HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 1

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi

Əziz Mahmud Hüdayi həzrətləri (1541-1628) Anadoluda yetişən, bu gün də elmindən, irfanından və vəqfindən ümmətin istifadə etdiyi, mənəviyyat səmamızın ulduz simalarından biridir.

Cüneyd Bağdadi həzrətlərinin nəslindən gələn Hüdayi həzrətləri “seyyid”dir. Bunu Rəsulullah r -ə xitab etdiyi ilahilərindən birində belə dilə gətirir:

Nə olar, eylə, Hüdayiyə nəzər,

Cəddimü pirimsən, ey kanı əta!..[1]

Başqa bir ilahisində də belə buyurur:

Cəddimü pirim sultan,

Sənsən, ya Rəsulallah!..

Hüdayi həzrətlərinin elm və irfan xidmətləri ilə yanaşı, ibrətlərlə dolu həyatı da başlı-başına dərs mahiyyətindədir.[2]

Elm təhsilini ali səviyyədə tamamladıqdan sonra təyin edildiyi müdərrislik və qazılıq vəzifəsi ilə cəmiyyətdə ali nüfuz sahibinə çevrilmişdi. Lakin o, qarşılaşdığı hadisələrin mənəvi işarələrini könül gözü ilə oxumağı bacararaq həqiqət elminə meyil etdi.

İnsanı Allaha vasil edəcək vəsilələr, məşhur deyimlə desək, məxluqatın nəfəsi qədər çoxdur. Qazı Mahmudun Allaha gedən yolu tapmasına da ər-arvad arasında baş verən mənəvi sirlərlə dolu bir mübahisə səbəb olmuşdur. Səmimiyyətlə bu məsələni araşdırarkən bir anda özünü Üftadə həzrətlərinin qapısında əmrə müntəzir gördü.

 İrşadına nail olduğu Üftadə həzrətlərinin dərgahında əvvəlcə şan-şöhrət, vəzifə, məqam və sərvətin Allaha gedən yola mane olan nəfsani buxovlarını qırıb atdı. Bununla da, özünün dediyi kimi, ali mətləbə, yəni “ən ali qayə olan Allah”a yaxınlığın vəcd və istiğraqı içində qulluq həyatına nail oldu.

İnsanı Rəbbinə qarşı qəflətə salan nəfsani istəklərin yoxluğa məhkum kölgə mahiyyətində olduğunu dərk etdi. Bütün varlıq və mənlik şübhələrini Allahın mütləq varlığında fani etməyin ən böyük səadət xəzinəsi olduğunu bilən ariflik dərəcəsinə və könül üfüqünə qovuşdu.

Çünki mənəvi həyatda hər şey insanın öz heçliyini dərk etməsindən sonra başlayır. Nəfsini tanıyan Rəbbini tanıyar. Nəfsin təkəbbür, ucüb, mənəmmənəmlik və lovğalığından azad olmadan Allaha qovuşmaq mümkün deyil. Çünki tövhid əqidəsi şəriklik qəbul etmir.

Təsəvvüfün ən mühüm qayələrindən biri də qulu “tövhid”in ruhuna zidd olan “ərzi-əndam”[3] qəflətindən qurtarmaq, əvəzində “abdi-aciz”[4] olduğunu dərk etdirməkdir. Fani imtahan aləmi olan bu dünyada Allaha qarşı “ərzi-hal” üzrə, yəni ədəb, təvazökarlıq və heçlik iqlimində qulluq həyatı yaşada bilməkdir.

Hüdayi həzrətləri nəfsin varlıq və mənlik divarını yıxa bilmək üçün şan-şöhrət, rütbə və sərvəti tərk etdi. Dərgahda ayaqyolu təmizlədi, Bursa küçələrində zər-zibalı kaftanı ilə ciyər satdı. Ciddi riyazət və mücahidə ilə üç il çalışaraq qısa müddət ərzində seyri-süluk yolunu tamamladı. Könlündə bambaşqa üfüqlər açıldı. Eynilə Mövlana həzrətlərinin elmin zirvəsində olmağına baxmayaraq qəlbi həyatda kifayət qədər məsafə qət etməmiş olduğu dövr üçün “xamdım” deməsi, bunun müqabilində Şəms Təbrizinin könlünə atdığı ilahi eşq qığılcımı ilə alışıb yandığı zamankı halına “bişdim”“yandım” deməsi kimi...

Bu da bir həqiqətdir ki, mənəvi irşad ilə kamilləşməmiş xam nəfsin əlində:

- elm fayda vermək əvəzinə zülmə alət ola bilər.

- rütbə və vəzifə xidmət vasitəsi olmaqdan çıxaraq nəfsaniyyəti daha da qabardan fitnəyə çevrilə bilər.

- şan-şöhrətsə qəlbi əsir alan bütə çevrilə bilər.

Yəni zahirən çox qiymətli görülən şeylər vasitə olmaqdan çıxaraq qayəyə çevrilərsə, insanın əbədi aləmə əliboş getməsinə səbəb ola bilər.

Hüdayi həzrətləri sahib olduğu hər şeyi tərk edib kamil bir mürşidin rəhbərliyinə ram olmasaydı, tarixdə yaşamış saysız müəllim və qazılardan sadəcə biri olacaqdı. Lakin o, Üftadə dərgahında nəfsin buxovlarından qurtularaq mənəvi kamilliyə yüksəldiyi zaman cəmiyyətin ən aşağı sinfindən tutmuş padşahlara qədər geniş bir kütlənin irşadına vəsilə olan müstəsna “könül sultanı” oldu.

Bu dövlətə məğrur olma,

Fani zövqə məsrur olma,

Taəti Haqdan dur olma[5],

Aç gözün, qəflətdən oyan!..

- kimi mənzum təlqinlərlə, yazdığı saysız məktublarla, etdiyi nəsihətlərlə sultanlara və dövlət adamlarına mənəvi rəhbər oldu.

Həqiqətən, Hüdayi həzrətləri Osmanlının quruluş illərində Ədəbali silsiləsinin yerinə yetirdiyi irşad xidmətini Dövləti-Aliyyənin ən geniş hüdudlara yayıldığı bir dövrdə eyni eşq, vəcd və həyəcanla davam etdirən nadir şəxsiyyətlərdən biri oldu.

Yunus Əmrə həzrətlərinin “Ölən heyvan imiş, aşiqlər ölməz” dediyi kimi, Haqq aşiqi Hüdayi həzrətləri də vəfatından dörd əsr keçməsinə baxmayaraq miras qoyduğu əsərləri ilə, dildən-dilə dolaşaraq qəlblərə ruhaniyyət bəxş edən ilahiləri ilə, həmçinin müstəsna bərəkət çeşməsi olan vəqfi ilə fani həyatından sonra da xidmətlərini davam etdirərək qəlblərdə yaşamağa davam edir.

Çünki Haqq-Təala sevdiyi qullarını nəsibi olan könüllərə sevdirərək onları unutdurmur. Bu haqda ayeyi-kərimədə belə buyurulur:

“Şübhəsiz, Rəhman (olan Allah) iman gətirib yaxşı işlər görənlərin qəlblərində bir-birinə qarşı sevgi yaradacaqdır”. (Məryəm, 96)

Həqiqətən, fani bədənləri torpaq altına girsə də, Allah dostları unudulmur. Onlar daima hörmət, sevgi və xeyirlə yad edilirlər. Qəbirləri də - xüsusilə məhəbbət əhli olan möminlər üçün – müstəsna cazibə mərkəzi olmağa davam edir.

Fəna bulub həyat alam şu dəm ki eşqi yarımdan,

Məhəbbət istəyən gəlsin xəbər sorsun məzarımdan.

- deyən Hüdayi həzrətlərinin türbəsinə uzaqdan-yaxından gələn ziyarətçilər bu həqiqətin ən bariz təzahürüdür.

Xülasə, Hüdayi həzrətləri kimi peyğəmbər varisi olan kamil mürşidlər Hz. Peyğəmbər r və Onun yetişdirdiyi əshabi-kiramı görə bilməyənlər üçün nəbəvi əxlaqı zamanlara daşıyan ali təmsilçilərdir.

Biz də Allahın izni ilə bu silsilə yazımızda Seyyid Əziz Mahmud Hüdayi həzrətlərinin nəzm və nəsrlərindən seçdiyimiz bir-birindən dəyərli sözləri ətrafında onun könül iqlimindən nəsiblənməyə çalışacağıq.

 

Hüdayi həzrətləri buyurur:

Sultani-Kövneyn[6] doğduğu

Mahi-mübarəkdir[7] gələn.

Aləm münəvvər olduğu

Ol mevlid ayıdır gələn

Gəldi çün ol Xeyrul-ənam[8]

Oldu müşərrəf xasu-am[9].

Haqdan ona min-min salam,

Mahi-mübarəkdir gələn.

Allah-Təalaya şükürlər olsun ki, bizi yenidən Rəsulullah r -in dünyaya təşrif buyurduğu mübarək Rəbiuləvvəl ayına və Mövlud Qəndilinin feyzli iqliminə qovuşdurdu.

Peyğəmbərin mübarək doğumunu idrak və əhya etmək hər şeydən əvvəl Rəsulullaha ümmət olmağın sevinc və səadətini qəlbən hiss etməklə başlayır. Hz. Peyğəmbərin dünyaya təşrifinə sevinmək hər bir möminin könül vəcdi və qulluq ədəbidir. Hüdayi həzrətləri də Allah Rəsulunun mübarək mövluduna ithaf etmək üçün bir çox şeir qələmə alaraq bu sevincini dilə gətirmişdir.

İmam Qəstalani g belə bir qissə nəql edir:

Həzrət Peyğəmbərin əmisi Abbas t yuxusunda müşrik olaraq ölən qardaşı Əbu Ləhəbi görür:

- Halın necədir? – deyə soruşur.

O da bu cavabı verir:

- Cəhənnəmdə dəhşətli əzab çəkirəm. Yalnız bazar ertəsi günləri əzabım yüngülləşir. Çünki (Muhammədin doğulduğu həmin gün) cariyəm Süveybə: “Bu gün qardaşın oğlu dünyaya gəldi”, - deyə şad xəbər gətirmişdi. Mən də sırf qohumluq təəssübü ilə sevindiyimdən onu azad etmişdim”. (Bax. İbn Kəsir, əl-Bidayə, II, 277; İbn Sad, I, 108, 125)

Qiraət və hədis alimi olan İbnul-Cəzəri (v. 1429) bu hadisə ilə bağlı belə deyir:

“Əgər Allah və Rəsuluna düşmən olan bir adam sırf qohumluq təəssübü səbəbilə sevindiyinə görə əzabının yüngülləşməsinə nail olursa, mömin bir insan bu Rəbiuləvvəl ayında Peyğəmbərimizə olan məhəbbəti səbəbilə və Onun ümmətindən olmanın sevinci ilə sədəqə paylayar, söhbət məclisləri qurar, Qurani-Kərim və qəsidələr oxudarsa, kim bilir nə dərəcədə böyük əcrə nail olar?!” (Bax. Qəstalani, Məvahibi-Lədunniyyə, I, 39)

Biz də, inşallah, bu mübarək ayın feyz və ruhaniyyətindən istifadə edə bilmək üçün xeyir-həsənatımızı və saleh əməllərimizi mümkün mərtəbə artırmağa çalışmalıyıq. Ümmətin kasıb, qərib, yetim və kimsəsizlərinə yardım əlimizi uzatmalıyıq. Xüsusilə də vətənimizə sığınan mühacirlərə ənsar olaraq onların hüznlü könüllərini sevindirməliyik. Çünki ümmətə şəfqət və mərhəmət göstərmək bir ata-ananın övladına göstərdiyi qayğıdan daha artığını göstərən Həzrət Peyğəmbər r -in əziz ruhunu şad edəcək ən gözəl saleh əməllərdən biridir.

Lakin onu da yaddan çıxarmayaq ki, bir müsəlmanın Rəsulullahla r

münasibəti müəyyən zamanlara xas mərasimdən ibarət olmamalıdır. Unutmayaq ki, hər il yaşadığımız Mövlud Qəndilini əhya etməyin ən gözəl şəkli:

- Ömrümüz boyu qəlbən Hz. Peyğəmbər r ilə bərabər olmaqdır.

- Özümüzə: “İndi Peyğəmbərimiz r yanımızda olsa, halımıza təbəssüm edərdi, yoxsa mübarək qəlbi hüznə qərq olardı?” sualını verərək son nəfəsimizə qədər bu düşüncə ilə yaşamaqdır.

- Atacağımız hər addımda və verəcəyimiz hər qərarda əvvəla Allah və Rəsulunun razı qalıb-qalmayacağını düşünəcək qəlbi həssaslığa sahib olmaqdır.

Yəni Rəsuli-Əkrəmi r Mövlud Qəndilində yad etdiyimiz və Ona yaxınlığımızı artırmağa çalışdığımız kimi, bu halımızı bütün ömrümüzə yaymağımız zəruridir. Çünki Peyğəmbərimizi xatırlamağı ilin müəyyən zamanlarına həsr edib həyatımızın digər mərhələlərində unutsaq, bu, Rəsulullaha olan məhəbbətimizi şübhə altında qoyar.

Yəni Rəsulullahı məsciddə, söhbətdə, ümrədə, Mövlud qəndilində yad etdiyimiz kimi evimizdə, övlad tərbiyəsində, iş yerimizdə, məktəbdə, bazarda da qəlbimizdə daşımalı, həyatımızı daim Onun həyat verən ölçüləri ilə tənzimləməyə səy göstərməliyik.

 

Hüdayi həzrətləri buyurur:

Qüdumun rəhməti zövqi-səfadır, ya Rəsulallah,

Zühurun dərdi-üşşaqə dəvadır, ya Rəsulallah.

Nəbi idin dəxi Adəm durarkən mau-tiyn içrə,

İmami-ənbiya olsan, rəvadır, ya Rəsulallah.

Hüdayiyə şəfaət qıl əgər zahir, əgər batin,

Qapına intisab etmiş gədadır, ya Rəsulallah...

“Aləmlərə rəhmət olaraq göndərilən Hz. Peyğəmbərin dünyaya təşrifi bütün kainat üçün hüzur, bərəkət və səadət vəsiləsidir. Onun zühuru ilə Haqq aşiqləri dərdlərinə çarə tapmışdır.

Onun şanı o qədər ucadır ki, hələ Həzrət Adəm u su ilə palçıq arasında olarkən, yəni yaradılmamışkən, Allah-Təala Həbibinin nurunu nübüvvətlə taclandırmışdır. Ona görə də bütün peyğəmbərlərin imamı və öndəri olmaq Ona layiqdir”.

Hüdayi həzrətləri bu misralarla Hz. Peyğəmbərin şənini bəyan etdikdən sonra Ondan ən mühüm istəyini belə dilə gətirir:

“Ya Rəsulallah, qapına bağlanmış bu könüllü kölən Hüdayiyə həm zahirən, həm də batinən şəfaət eylə!..”

İbn Ərəbi həzrətləri belə deyir:

“Allah-Təala Həzrət Muhamməd u-a peyğəmbərliyini müjdələyəndə  Adəm u hələ yox idi, su ilə palçıq arasında idi. Beləliklə, nəbi və rəsullar vasitəsilə meydana çıxan bütün şəriətlərin əvvəli və batini olma hökmü Allah Rəsuluna məzhər oldu. Hz. Peyğəmbər elə o zamandan şəriət sahibi idi. Çünki hədisi-şərifində: “Adəm ruhla cəsəd arasında olarkən mən nəbi idim”, - buyurmuşdur. (Tirmizi, Mənaqib, 1) “Mən insan idim” və ya “Mən vardım” buyurmamışdır. Nübüvvət isə yalnız Allah tərəfindən verilmiş bir şəriətlə gerçəkləşir”. (İbn Ərəbi, əl-Fütuhat, II, 171; IV, 66-67)

Yəni Rəsulullah r nurunun yaradılması və risalət nöqteyi-nəzərindən Hz. Adəm u-dan öndədir. Cismaniyyət qazanıb dünyada zühur etməsi baxımından isə nübüvvət təqviminin sonuncu yarpağıdır.

Haqq-Təala çox sevdiyi Rəsulunu, məcazi ifadə ilə desək, həm “zərf”, həm də “məzruf”[10] olaraq yaratmışdır. Peyğəmbərimiz r insanları mərifətullaha çatdıran həqiqətlərin yazılı olduğu məktubun zərfi kimidir. Həmin zərfi açıb qəlbi riqqətlə oxuya bilənlər ilahi sirr, hikmət və həqiqətlərdən nəsib alarlar.

Həmçinin ariflərin bəyanına görə, mövcudatın varlıq səbəbi Rəsulullah r-in mənəvi şəxsiyyətini təmsil edən Nuri-Muhammədiyə qarşı duyulan ilahi məhəbbətdir. Bütün kainat sanki Nuri-Muhammədi şərəfinə və Ona “məzruf” olaraq yaradılmışdır.

Nadir tapılan bahalı bir daş əvvəlcə pambıq üzərinə qoyularaq qiymətli bir qutuda saxlanar. Qutunun bütün qiyməti içindəki bahalı daşa görədir. Məhz Hz. Peyğəmbər də kainat zərfinin məzrufu kimidir.

Allah-Təala Qurani-Kərimdə belə buyurur:

“Şübhəsiz ki, Allah möminlərə öz içlərindən onlara (Allahın) ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərməklə lütf etmişdir”. (Ali-İmran, 164)

Həqiqətən, yüz iyirmi dörd min peyğəmbər arasında Həzrət Rəsulullah r -ə ümmət olmaq heç bir qarşılıq ödəmədən nail olduğumuz böyük bir nemətdir. Bu böyük nemətin nə qədər fərqindəyik? Bu müstəsna lütfə nə qədər şükür edə bilirik?..

Ömrümüzün hər anında bizim üçün şəfqət və mərhəmətlə dolu bir ürək olan Fəxri-Kainat həzrətlərinə ümmət olma bəxtiyarlığına nailiyyətin sevincini yaşamalıyıq. Nə zaman fani qayğılara düşsək, bu bəxtiyarlığı yada salıb rahatlıq tapmalıyıq. Fikirləşməliyik ki, milyardlara sahib olan bir adam yolda gedərkən cibindən on manatı salıb itirsə, ona görə kədərlənərmi? Milyardlarla sərvətin yanında on manatın nə dəyəri ola bilər?   

Biz də hansısa dünyəvi müsibətlə qarşılaşdıqda Allaha qul, Rəsuluna ümmət olmaq kimi böyük bir nemətə sahib olduğumuzu düşünüb səbir etməliyik. Şikayət və narazılığı unutmalıyıq. Dünya imtahanındakı məşəqqətlər qarşılığında haqq din olan İslama mənsubiyyət və aləmlərə rəhmət olan Peyğəmbərimizin ümməti olmağın səadəti ilə təsəlli tapmalıyıq…

 

Hüdayi həzrətləri buyurur:

“Yaxınlıq “tiyniyyə” və “diniyyə” olmaqla ikiyə ayrılır. Birinci yaxınlıq nəsəb ilə (nəsil yolu ilə) olandır. İkinci yaxınlıqsa ruhların eyni cinsdən olması, xasiyyət bəznərliyi və saleh əməllər səbəbi ilə olur.

Buna görə də hidayət üzrə Rəsulullah r-in yoluna tabe olan seyri-süluk yolçuları Əhli-Beyt və yaxın qohumları kimi sayılır”.

Hz. Peyğəmbərə yaxınlıq - eynilə Allah qatında üstünlük xüsusunda olduğu kimi - yalnız “təqva” sirrinə bağlıdır. Bu haqda Rəsulullah r:

“İnsanlar arasında mənə ən yaxın olanlar kim və harada olmasından asılı olmayaraq Allaha qarşı təqva sahibi olan müttəqilərdir”, - buyurmuşdur. (Əhməd, V, 235; Heysəmi, IX, 22)

Hz. Peyğəmbər r başqa bir hədisi-şərifində də belə buyurmuşdur:

“Diqqət edin, mənim dostlarım atamın ailəsi deyil. Mənim əsl dostum Allah-Təala və əməlisaleh möminlərdir”. (Buxari, Ədəb, 14; Müslim, İman, 366)

Allah Rəsulu r hər fürsətdə əhli-beytini qulluq vəzifələrini əda etməyə və saleh əməl işləməyə təşviq etmişdir. Hətta ömrünün son anında da belə xəbərdarlıq etmişdir:

“Ey Rəsulullah Muhammədin qızı Fatimə! Ey (bibim) Safiyyə! Allah qatında məqbul əməl işləyin! (Saleh əməlləriniz yoxdursa, mənə güvənməyin.) Çünki mən (qulluq etmədiyiniz təqdirdə) sizi Allahın əzabından qurtara bilmərəm!”. (Buxari, Mənaqib, 13-14; İbn Sad, II, 256)

Əshabi-kiramın da ən böyük arzusu Allah Rəsulu ilə bu dünyada nəsib olan bərabərliyi axirətdə də davam etdirə bilmək idi. Bunun üçün Hz. Peyğəmbər r əshabına bu ölçünü bildirmişdi:

اَلْمَرْءُ مَعَ مَنْ اَحَبَّ

“İnsan sevdiyi ilə bərabərdir”. (Buxari, Ədəb, 96)

Ənəs t belə deyir:

“İslama girmək xaricində başqa heç bir şey bizi Allah Nəbisinin:

“Şübhəsiz ki, sən sevdiyinlə bərabərsən” sözü qədər sevindirməmişdir”. (Müslim, Birr, 163)

Əbu Qurad əs-Sələmi t belə nəql edir:

“Rəsulullah r-in yanında idik. (Dəstəmaz almaq üçün) təmiz su istədi və əlini suya saldı. Sonra dəstəmaz aldı. Biz onun dəstəmaz suyundan istifadə etməyə çalışdıq, (dəstəmaz suyundan) içdik. Bu zaman Rəsulullah r:

- Sizi belə etməyə nə vadar edir? – deyə soruşdu.  

- Allah və Rəsulunun sevgisi, - cavabını verdik.

Bu cavabı alan Rəsulullah r belə buyurdu:

- Əgər Allah və Rəsulunun da sizi sevməyini istəyirsinizsə, sizə bir şey əmanət edildikdə ona riayət edin, düz danışın və qonşularınızla yaxşı rəftar edin”. (Təbərani, əl-Mucəmul-Əvsat, VI, 320)

Deməli, “Mən Allahı və Rəsulunu sevirəm” deməklə iş bitmir. Bu sevginin hal və davranışlarımıza, Allah yolundakı səylərimizə, ibadət, əxlaq və rəftarımıza, xüsusilə evimizə, işimizə, uşaqlarımızın tərbiyəsinə, cəmiyyət içindəki seçimlərimizə, xülasə, həyatımızın hər bir mərhələsinə əks etməsi lazımdır.

Həsən Bəsri həzrətləri bu barədə belə buyurur:

“Ey insanlar! “İnsan sevdiyi ilə bərabərdir” hədisini yanlış anlamayın! (Gücünüz çatdığı qədər) salehlərin əməlini işləmədikcə salehlərdən ola bilməzsiniz. Yəhudi və xristianlar da peyğəmbərlərini sevdiklərini zənn edirlər, lakin onlarla bərabər deyillər”. (Əhya, c. II, s. 402)

Bir sözlə, “İnsan (axirətdə) sevdiyi ilə bərabərdir” hədisi-şərifini “bu bərabərlik üçün sadəcə sevgi kifayətdir!” şəklində anlamaq əskik və yanlış bir düşüncədir. Axirətdə Peyğəmbərimizlə bərabər olmaq istəyən:

  • İbadət həyatında, ixlas və təqvada Onunla bərabər olmağa çalışmalıdır.
  • Mərhəmət və səxavətdə, infaq və isarda Onunla bərabər olmağa səy göstərməlidir.
  • Allah yolundakı xidmətlərdə, təbliğdə, xüsusilə Quran təliminə rəvac verməkdə Fəxri-Kainat r-in həyəcan və səylərindən nəsib almalıdır.
  • Onun gözəl əxlaqı ilə əxlaqlanmalıdır...

Əgər bu şərtlər gerçəkləşmirsə, dildən çıxan sevgi sözləri içi boş və quru iddiadan başqa bir şey deyil. Çünki həqiqətdə sevən kəs sevdiyinə bənzəməyə çalışar.

Biz də Peyğəmbərimizin əxlaqından nəsib ala bilsək, Onun kimi ümmətin dərdini öz dərdimiz bilsək, Allahın izni ilə Mövlud Qəndilini ilin hər günündə yaşamış olarıq. Məhz o zaman “İnsan sevdiyi ilə bərabərdir” müjdəsinə məzhər olarıq.

Allah-Təala hər birimizə Həbibi-Əkrəm r -in könül iqlimindən nəsib ala bilməyi, Əziz Mahmud Hüdayi həzrətləri kimi peyğəmbər varisi Haqq dostlarının feyz və ruhaniyyətindən istifadə edə bilməyi nəsib etsin.

Amin!..

 

[1] Kanı əta: Bağışlama, ikram, ehsan, lütf mənbəyi.

[2] Hüdayi həzrətlərinin həyatına dair ətraflı məlumat üçün “Abidə şəxsiyyət və müəssisələri ilə OSMANLI” kitabımızın müvafiq bölümünə baxın.

[3] Göstəriş

[4] Aciz qul

[5] Dur olmaq: Uzaq qalmaq.

[6] Sultani-Kövneyn: İki cahan sultanı Hz. Peyğəmbər r.

[7] Mahi-mübarək: Mübarək ay.

[8] Xeyrul-ənam: Varlıqların xeyirlisi Hz. Peyğəmbər r.

[9] Xasu-am: Xavas və avam, hər səviyyədən olan insan.

[10] Zərfin içində təqdim olunan.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz