ƏSAS MƏSƏLƏ İNSANLARI KİTABLA GÖRÜŞDÜRMƏKDİR

ƏSAS MƏSƏLƏ İNSANLARI KİTABLA GÖRÜŞDÜRMƏKDİR

MÜSAHİBƏ

Məlum olduğu kimi 6-10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil olunmuşdu. Sərgi günlərində dost nəşriyyatlarla görüşüb fikir mübadiləsi apardıq. Bu sayımızda Türkiyədə mənəvi dəyərlərin inkişafı üçün illərdən bəri fəaliyyət göstərən Erkam Yayınlarının direktoru Doğan Gökmenlə müsahibəmizi sizinlə bölüşürük.   

Doğan Gökmen:

“Əsas məsələ insanları kitabla görüşdürməkdir”.

 

İrfan: Doğan bəy, əvvəla, Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.

Doğan Gökmen: Türkiyənin Mersin vilayətinin Anamur qəsəbəsində 1962-ci ildə anadan olmuşam. Evliyəm, iki övladım var. Əsgərlikdən sonra İstanbulda dövrün nəhəng mətbuat orqanlarından “Tərcüman” qəzetində işləməyə başladım. Altınoluk jurnalı nəşrə başlayanda, 1986-cı ildə, iş yerimi dəyişib jurnala keçdim. O gündən bu yana Altınoluk jurnalı və Erkam nəşriyyatı nəzdində işləməyə davam edirəm. Erkam nəşriyyatının 59 dildə nəşr edilən kitablarının bütün dünyaya yayılması üçün uğurlu çalışmalarımız oldu. Mətbəəni tam təchizatlı, avtomatlaşdırılmış hala gətirməyə nail olduq. Allaha şükür, bu gün də bu yolda işləməyə davam edirik.

- Doğan bəy, illərdir kitab və jurnal nəşri ilə məşğulsunuz. Sizcə, kitab və insan arasındakı əlaqə nə ifadə edir?

- Əslində bu əlaqə fitrətdən qaynaqlanır. Peyğəmbərimizə (s.ə.s) gələn ilk əmr “oxu!” əmri idi. Yəni insanın fitrəti ilə oxumaq arasında ilahi bir münasibət var. Rəbbimiz qullarına çatdırmaq istədiyi əmrləri, mesajları peyğəmbərlərinə endirdiyi kitabla göndərir. Bu kitab yeri gəlib lövhələr şəklində olub, yeri gəlib səhifələr olub, Peyğəmbərimizin (s.ə.s) dövründə isə səhabələrinin vasitəsilə kitab halına gətirilib. Dolayısilə, oxumaq bizim üçün ilahi bir əmrdir. Bu mənada kitabla münasibətlərimizdə ən başda elə müqəddəs kitabımız Quran gəlir.

- O zaman qurtuluşun yolu kitabdan keçir deyə bilərik?

- Bəli, qurtuluş yolunun ən önəmli elmi hissəsi kitab oxumaqdan keçir. Hər bir müsəlman əvvəla Qurani-Kərimi oxumalıdır. Sonra Peyğəmbərimizi oxumalıdır. Sonra digər İslami elmləri oxumalı, sonra da həyatda özü üçün faydalı gördüyü hər şeyi oxumalıdır.

- Erkam nəşriyyatı olaraq dünyanın bir çox bölgəsinə getmisiniz, maraqlı təəssüratlarınız var. Kitabla qurtulanlara dair nümunə verə bilərsinizmi?

- Bunun nümunələri çoxdur. Məsələn, bir nəşriyyatçı dostumuz danışmışdı, bir gün zəng gəlir, qarşı tərəfdəki adam nəşriyyatdakı əməkdaşımıza deyir ki, sizə çox təşəkkür edirəm, yaxşı ki, bu kitabı nəşr etmisiniz, əgər bu kitab əlimə keçməmiş olsaydı,  mən indi intihar etmiş olardım. Əslində, maddi intiharlar kimi mənəvi intiharlar da çoxdur. İnsanın əxlaqdan, dindən uzaqlaşması, Quranı, Peyğəmbərimizi tanımaması, İslamdan xəbərsiz qalması, əslində, mənəvi intihardır. Biz bu kitabları insanlara çatdırarkən onları mənəvi intihardan qurtarmaq ümidi daşıyırıq. Möhtərəm ustadımız Osman Nuri Topbaş əfəndinin bir sözü var, onu qulağımıza sırğa etmişik, “Bizim birinci vəzifəmiz İslamın sədasının çatmadığı hər yerə onu çatdırmaq, çatdığı yerdə də onun ehsan duyğusu və təqva ilə yaşanmasına yardımçı olmaqdır”.  Biz bunu kitablarla gerçəkləşdirməyə çalışırıq. Allah dostlarının həyatına, xacəgan silsiləsinin böyüklərinə baxdığımız zaman, öz tərbiyə metodlarını, söhbətlərini kitablar vasitəsilə tələbələrinə ötürdüyünü görürük. Kitab irşada nail olmuş insanın İslamı daha gözəl yaşamasında böyük rol oynayır. Kitab insanların elmi inkişafında, əxlaqi inkişafında və özlərini tanımasında böyük əhəmiyyət daşıyır.

- Azərbaycana kitab sərgisi münasibətilə gəlmisiniz. Oxucularımızın kitaba marağını necə qiymətləndirirsiniz?

- Əvvəla, burada kitaba marağın kifayət qədər yüksək olduğunu gördüm. İkincisi, türkcə kitablara da xeyli maraq var. Bu, Azərbaycan ilə Türkiyə arasındakı yüksək münasibətlərin göstəricisi kimi qiymətləndirilə bilər. Məni ən çox təsirləndirən xüsus isə bu oldu ki, burada elmi qaynaq əsərləri türkcə oxumaq istəyən kütlə var. Əsərlərin orijinalına böyük rəğbət var. Bunu da əlavə edim ki, bu gün kitab deyəndə təkcə əlimizə götürdüyümüz kağız material nəzərdə tutulmur. Dijital kitab dediyimiz, elektron mənbələrdəki pdf, e-kitab kimi bir çox vasitələr ortaya çıxıb. Səsli kitablar da buna daxildir. Kitabın təsirinə dair bir nümunə daha vermək istəyirəm; Amerika coğrafiyasından bir xanımın belə bir ifadəsi var: “Mən vaxt öldürmək üçün bir çox internet səhifələri arasında axtarış etməkdə ikən birdən qarşıma sizin “Son nəfəs” adlı kitabınız çıxdı. Əvvəlcə kitabın adından ürpərdim. Qorxu içində oxumağa başladım, amma oxuduqca məni özünə çəkdi. O kitab sayəsində müsəlmanlığımı xatırladım, yaxşı bir müsəlman olmadığımı dərk etdim. Tövbə edib həyatımı səhmana saldım. Bu kitabın müəllifi Osman Nuri Topbaşa və nəşriyyatınıza təşəkkür edirəm. İndi bütün qiymətli daş-qaşımı sizə göndərirəm. Xahiş edirəm, onları pula çevirərək bu kitabdan alın və insanlara paylayın”. Bunun kimi nümunələr çoxdur. Serbiyadan tibb tələbəsi var, sosial mediada ateizmi təbliğ etdiyi halda ona pdf formatında göndərilən “Təfəkkür” kitabımızı oxuyur, hidayətə çatır, hətta vəfatı əsnasında bu kitabın kəfəninə qoyulmasını vəsiyyət edir. Dəyərli kitablarımız çoxdur. Əsas məsələ insanı hər nə şəkildə olursa olsun, kitabla görüşdürə bilməkdir. Öz ailəmizi, ətrafımızdakı yaxınlarımızı kitabla görüşdürməliyik. Əlbəttə, bundan əvvəl özümüz oxumalıyıq. Kitabdakı biliyi mənimsəyib həyatımıza əks etdirməliyik.

- Çox təşəkkür edirik, Doğan bəy!

- Mən də təşəkkür edirəm.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz