Həyat yorğunlarına 10 QURAN TÖVSİYƏSİ

Həyat yorğunlarına 10 QURAN TÖVSİYƏSİ

 Həyat qayğılarla doludur. Ətrafımızda baş verənlər, aldığımız travmalar, sosial çətinliklər və digər problemlərimiz bizi həyat yorğunu etməkdə, bütün motivasiyamızı yerlə-yeksan etməkdədir. Bunun üçün Quranda 10 motivasiya verən düstur vardır:

  1. Unutma!

Hər şey keçəcəkdir. Ömür tükənər, bütün mübahisələr bitər, aktual məsələlər öz aktuallığını itirər, sosial statuslar, məqam, mövqe geridə qalar, bütün təlatümlər sona çatar. Bir gün həyat sənsiz də davam edəcəkdir. Nə edirsən et, hamını razı sala bilməyəcəksən. Mütləq bir əskiyin tapılacaqdır. Elə isə sən Allahı razı salmağa çalış, onun rizasını qazanmaqla məşğul ol. Çünki o səni heç zaman yalnız buraxmaz. Əsla unutma! “Allah quluna şah damarından daha yaxındır”. (Qaf, 16)

  1. Qorxma!

Qorxular ruhunu əsir aldıqda, kədərlər qəlbini ələ keçirdikdə, qəm-qüssə ürəyinə düşdükdə imtahanlar üst-üstə gəldikdə, qayğı və problemlər səni çökdürdükdə bütün qəlbinlə de ki: “Allahın bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz. O, bizim himayədarımızdır (yardımçımızdır)!”. (ət-Tövbə, 51)

  1. Ümidini itirmə!

Bəladan, müsibətdən, xəstəlikdən, dolanışığın çətin olmasından, müflis olmaqdan, yıxılmaqdan, cəfadan deyil, yalnız Allahdan qorx. Çünki: “…Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. …Kim Allahdan qorxarsa, Allah ona işində asanlıq bəxş edər. …Kim Allahdan qorxarsa, Allah onun pis əməllərinin üstünü örtər və onun mükafatını artırar”. (ət-Talaq, 2-5)

  1. Yalnız Allaha üz tut!

Kədərləndikdə, xəstələndikdə, qəlbin daraldığında, evində hüzur qalmadıqda, uşaqlarına söz keçirə bilmədikdə, ailənlə yola getmədikdə, problemlər ard-arda gəldikdə yalnız Allaha yönəl. Çünki: “Allah sizi ondan da, hər cür çətinlikdən də xilas edər”. (əl-Ənam 64)

  1. Nankor olma!

Allahın səni neçə dəfə təhlükələrdən qurtardığını, neçə bəladan qoruduğunu, neçə-neçə darlıqdan genişliyə çıxardığını, neçə xəstəliyinə şəfa verdiyini əsla unutma. Rəbbinə qarşı nankor olma! Çünki hər çətinə düşdükdə üz tutduğun və yalvardığın Rəbbin buyurur ki: “İnsana bir ziyan dəydiyi zaman uzanaraq və ya oturaraq, yaxud ayaq üstə Bizə dua edər. Ancaq onu ziyandan xilas etdiyimiz zaman özünə dəymiş ziyan üçün Bizə dua etməmiş kimi keçib gedər”. (Yunus, 12)

  1. Dərdini sadəcə Allaha söylə.

Dərdini hər kəsə söyləmə. Sənə heç bir faydası olayacaq insanlara başına gələn sıxıntıları danışma. Xəstələndikdə sənə şəfa verməyəcək, dara düşdükdə ruzini artırmayacaq, sıxıntıda qəlbinə rahatlıq verməyəcək qullara əl açma. Əgər bir köməyə, dəstəyə və dosta ehtiyacın varsa, Allaha söylə. “Sizin Allahdan başqa heç bir himayəçinizin və yardımçınızın olmadığını bilmirsənmi?”. (əl-Bəqərə, 17)

  1. Qayğılar üçün çox düşünmə.

Keçmişdə olanlar üçün gələcəyini hədər etmə. Çünki onu artıq geri gətirə bilməzsən. Keçmişə dair ancaq iki şey edə bilərsən: Biri, keçmiş günahlarına tövbə, digəri də keçmişdəki nemətlərə şükür. Gələcəklə bağlı çox da narahatlıq keçirmə, düşünüb dərd etmə. Çünki sabaha çıxıb-çıxmayacağımız belə bilinmir. Sən əlindəki vaxtı dəyərləndir. Dünən keçmişdir, sabah isə gəlməyə bilər. Gün bu gündür. Elə indi et, indi başla, indi gör. Quran bizə boş dayanmamağı buyurur: “Elə isə (dünyəvi işlərini) qurtardığın zaman (Allaha ibadət etmək üçün) qalx! Və Rəbbinə yönəl!”. (əl-İnşirah, 7-8)

  1. Başqalarının qınağına baxma.

Kim nə deyirsə desin, sən Allahın nə dediyinə bax. Kim nə etsə də, sən Allahın əmr etdiyinə uy. Başqalarının qınağına və ya təhdidlərinə baxma. Unutma ki, sonda Allah nə desə, o da olar. “Dirildən də, öldürən də Odur. O, bir işin olmasını istədiyi zaman ona yalnız: “Ol!” - deyər, o da dərhal olar”. (Ğafir, 68)

  1. Əzbərlə, təkrar et və rahat ol.

Nə vaxt sıxıntı və dara düşsən, nə zaman qəlbin daralsa, bu ayələri əzbərlə və təkrar et:  “Şübhəsiz ki, aləmlərin Rəbbindən başqaları (bütlər) mənim düşmənimdir. O məni yaratdı və doğru yola yönəltdi. O məni yedirir və içirir. Xəstələndiyim zaman O mənə şəfa verir. O məni öldürəcək, sonra da dirildəcəkdir. Onun axirət günü xətalarımı bağışlayacağını ümid edirəm. Ey Rəbbim, mənə hökm (elm) ver və məni salehlərin arasına daxil et!”. (əş-Şüəra, 77-83)

  1. Təvəkkül et.

Bunu bil və unutma ki, ən böyük səadət və azadlıq bir yarpağın belə izni olmadan yerə düşməyəcəyi iradəyə təslim olmaq və “Əmr olunduğunuz kimi doğru yolda olun” (Hud, 112) ilahi prinsipinə uyğun düz, sadə və cəsur yaşamaqdır.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz