AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ: ZİQZAQVARI DİNAMİKA

AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ: ZİQZAQVARI DİNAMİKA

Azərbaycan-İran münasibətlərinə, açığı, heç vaxt birmənalı yanaşmaq mümkün olmayıb. SSRİ dağılandan sonra İran İslam Respublikasının Azərbaycanın müstəqilliyini ən gec tanıyan, diplomatik münasibətlər quran ölkələr sırasında olması, dərsliklərdə Azərbaycan Respublikası ərazisinin İranın tarixi yerləri kimi göstərilməsi, 2000-ci illərdə Xəzər dənizində Araz-Alov-Şərq neft yataqlarının istismarı ilə bağlı iki ölkə arasında yaşanan məlum gərginliklər, bundan sonra Türkiyə qırıcılarının Bakıda dəstək uçuşları həyata keçirməsi, Xəzər dənizinin statusu ilə bağlı imzalanan konvensiyanı indiyə qədər İran parlamentinin ratifikasiya etməməsi, nəhayət, 44 günlük Vətən müharibəsindən sonra rəsmi Tehranın ölkəmizə qarşı təhdid dolu bəyanatlar verməsi buna bariz misallardır.

Məlumdur ki, Vətən müharibəsinə qədər İranın  Azərbaycanın nəzarətindən kənarda qalan aran və dağlıq Qarabağ vasitəsilə Ermənistana, eləcə də Xankəndinə yanacaq, ərzaq daşıması faktı danılmazdır. Ermənistan prezidenti N.Paşinyanın bu yaxınlarda “Keçən əsrin 90-cı illərində Ermənistanın çətin günlərində İranın bizə etdiyi yaxşılıqları heç zaman unutmadıq” deməsi qeyd etdiyimiz tezisin sübutudur.

Nəhayət, Azərbaycan mövcud beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Qafan-Gorus yolunun Azərbaycana aid olan yerində Dağlıq Qarabağa qanunsuz yanacaq və ərzaq malları daşıyan iki yük maşınının sürücülərini həbs edəndən sonra rəsmi Tehran istər ali dini rəhbər, istərsə də hərbi rəhbərlik və xarici işlər nazirliyi səviyyəsində anti-Azərbaycan bəyanatları ilə çıxış etməyə başladı. Bunun ardınca İran ordusu Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirdi. Azərbaycan isə buna cavab olaraq Türkiyə ilə birgə Naxçıvan ərazisində xüsusi təyinatlı qüvvələrin hərbi təlimlərinə start verdi.

Daha sonra biz İran-Ermənistan, İran-Rusiya, eləcə də İran-Azərbaycan intensiv diplomatik təmaslarının şahidi olduq və sonucda rəsmi Tehran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan səviyyəsində Azərbaycana yönəlik müsbət bəyanatlar verməyə başladı. Ən əsası, rəsmi Tehran bildirdi ki, bundan sonra Dağlıq Qarabağ ərazisinə qanunsuz yükdaşımalara yol verməyəcək. İranın gərginliyi süni şəkildə artırması bir neçə faktorla izah edilə bilər:

  1. İndiki İran hökuməti Türkiyənin regionda güclənməsini istəmir və buna qarşı əlində olan rıçaqlardan, o cümlədən, Ermənistandan istifadə etməyə çalışır.
  2. İran, Zəngəzur dəhlizi istifadəyə düşəcəyi halda, regional nəqliyyat layihələrindən kənarda qalacağından narahatdır.
  3. Nəhayət, bütün bu proseslərin sonunda Azərbaycanın Türkiyə ilə birgə güclənəcəyini özü üçün təhdid hesab edir.

Yuxarıda sadaladığımız faktorlar səbəbindən İran hal-hazırda Gorus-Qafan yoluna öz ərazisindən alternativ yol çəkməkdədir. Azərbaycan isə bəlli olduğu kimi, 3+3 (Azərbaycan, Ermənistan və Gürcüstan + İran, Rusiya və Türkiyə) regional formata üstünlük verir. Altı dövlət arasında təkcə İran formal olaraq bu layihə haqda ümumi müsbət bəyanatlar versə də, onun gerçəkləşməsində bir o qədər maraqlı görünmür.

İstənilən halda, İran-Azərbaycan münasibətlərində gərginləşmənin bir qədər səngiməsi ölkəmizin milli maraqlarına cavab verir. Hal-hazırda bizim qarşımızda duran əsas hədəf məhz Zəngəzur nəqliyyat dəhlizinin tezliklə açılması və işğal nəticəsində dağıntılara məruz qalmış rayonlarımızın yenidən qurulmasına nail olmaqdır.

Məlum geosiyasi konfiqurasiyada ən mühüm olan məqam Türkiyə ilə Rusiyanın məhz 2020-ci il 9 noyabr razılaşmasının həyata keçməsində maraqlı olmaları və bunu rəsmi şəkildə bildirmələridir. Təsadüfi deyil ki, İranın xarici işlər naziri H.Ə.Abdullahiyanın məhz bu ilin oktyabrında Moskvaya işgüzar səfərindən sonra anti-Azərbaycan bəyanatlarına, demək olar ki, son qoyulmağa başlandı.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz