Hər bir sivilizasiyanın öz milli və mənəvi dəyərləri vardır. Bu dəyərlər mədəniyyətin uzunömürlü olması ilə düz mütənasiblik təşkil edir. Dəyərlərini itirən və ona sahib çıxmayan cəmiyyətlər yox olmağa məhkumdur. Bu mədəniyyətlər ya tamamilə tarixdən silinər və yaxud özgələşər. Bu baxımdan hər bir şəxs öz dəyərlərinə sahib çıxmalı, yaşamalı və yaşatmalıdır.
Mədəniyyətimizi formalaşdıran dəyərlərimizdən biri də heç şübhəsiz ki, İslam dinidir. Yəni Uca Allahın kitabı və Hz. Peyğəmbərin (s.ə.s) həyat düsturları sayılan sünnələridir. Bu mənada Hz. Peyğəmbərin (s.ə.s) gətirdiyi dini-mənəvi dəyərlər mədəniyyətimizin təməlini təşkil edən ən əsas amillərdəndir. Məhz buna görə də, İslam əleyhdarları İslam mayası ilə yoğrulmuş cəmiyyətləri “kölələşdirmək” və tarixdən silmək üçün ümumilikdə İslam dininə, xüsusən də sünnəyə qarşı ciddi dezinformasiya kampaniyaları başlatmış və hələ də buna davam edirlər. Çünki onlar çox yaxşı bilirlər ki, İslam mədəniyyətinin əslini Quran və sünnə, yəni Hz. Peyğəmbərin (s.ə.s) həyat fəlsəfəsi və düsturları təşkil edir. İslam ümmətinin ortaq dəyərləri Quran və sünnədir.
Biz bu dəyərlər sayəsində heç bir canlıya zərər verməməyi, yıxılanın əlindən tutmağı, bir loğma çörəyimizi qardaşımızla bölüşməyi, kiçikləri sevməyi, böyüklərə mərhəmət etməyi öyrəndik. Ailəmizi məhrəm-naməhrəm anlayışı ilə kökləşdirdik. Ailəmiz namusumuz, həyat yoldaşımız bizə Allahın əmanəti oldu. Yalan danışmağı, başqasının namusuna göz dikməyi özümüzə yaraşdıra bilmədik. Yetimin başını oxşayaraq ona ata-ana olduq. Yaşlı və qayğıya möhtac olan ata-analarımıza dayaq olmağı və onlara xidmət etməyi ülvi bir vəzifə kimi sünnə və hədislərdən öyrəndik. Qonşumuzun aclığına göz yuma bilməməyimizi öyrəndiyimiz bu dəyərlərə borcluyuq. Özümüzü qarşımızdakının yerinə qoyaraq ona güldən ağır söz söyləməməyi öyrətdi bizə, hədislərlə yoğrulmuş dəyərlərimiz. İnsanları öldürməyi deyil, onları yaşatmağı bizə öyrətdi. Sülhü, əmin-amanlığı, günahsız körpə, uşaq, yaşlı və qadınları öldürməməyi bizə o dəyərlər öyrətdi.
Vətən sərhədində keşik çəkən gözlərə cəhənnəm alovunun toxunmayacağını öyrədən bu anlayış, vətənimizi yağı düşməndən çəkinmədən qorumağı bir borc kimi üzərimizə yüklədi. Vətənin sadəcə torpaq sahəsi deyil, hər birimizin ən ülvi dəyəri olduğunu öyrətdi bizə hədislər. Namusumuz olan vətənimizi düşmənlərdən qorumağın mənəvi borc olması ilə yanaşı, uğrunda canımızı fəda etmənin bahabiçilməz bir dəyər olduğunu aşıladı bizə, İslam mədəniyyəti. Vətən yolunda tökdüyümüz qana, verdiyimiz cana dəyər qatdı mənəvi dəyər anlayışımız. Bizə öyrədilən bu dəyərlər sayəsində qələbə sevincini və qürurunu yaşadıq.
Məscidlərimizi bəzəyən rəvayətlər mənəvi dəyərlərimizin formalaşmasında hədislərin önəmini isbat edir. Həmçinin köhnə qəbir daşlarında müxtəlif hədislərin yer alması da tarixi soy kökümüzdə hədislərin və sünnənin nə qədər əhəmiyyətli olduğunu hayqırır.
Milli şairlərimizdən Nizami, Füzuli kimi dahilərin öz əsərlərinə Uca Allah və Hz. Peyğəmbərə (s.ə.s) təriflərlə başlaması ədəbi irsimizin formalaşmasında da mənəvi dəyərlərimizin nə qədər əhəmiyyətli olduğunu göstərir. Füzulinin “Su” qəsidəsi ilə dilə gətirdiyi Hz. Peyğəmbər (s.ə.s) sevgisi dini dəyərlərə və ələlxüsus hədislərə verdiyi əhəmiyyəti göstərir.
Nəsildən- nəslə ötürülən və bizi-biz edən bu dəyərləri gələcəyimizin təminatçıları olan övlad və gənclərimizə öyrətmək ən əsas borcumuzdur. Bunun üçün hər fürsətdə, formal və ya informal şəkildə dəyərlərimizi yaşatmalı və yaşamalıyıq. “Düşmənlərə” fürsət verməyək ki, bizi “içimiz”dən yıxsınlar. Onlara fürsət verməyək ki, görüntümüz “biz”, içimiz “başqası” olmasın. Milli-mənəvi mənliyimiz olan ailə, əxlaq və mənəvi dəyərlərimizlə yoğrulmuş adət-ənənələrimizə sahib çıxaq. Hz. Peyğəmbər (s.ə.s): “Kim (hər hansı yöndən) bir topluma bənzəyərsə, o da məhz onlardan sayılır” (Əbu Davud) – buyuraraq, milli və mənəvi dəyərlərimizə sahib çıxmağı və öz kimliyimizi mühafizə edərək yaşatmağı əmr etmiş, əcnəbiləşməyi, özgəyə oxşamağı qadağan etmişdir.
Əgər dəyərlərimizə sahib çıxmasaq, mədəniyyətimizi “geri qalmış” kimi görsək, yetimxanalarımız kimsəsizlərlə dolar, onları himayə edən tapılmaz, yaşlılarımız sevgi və qayğıdan məhrum halda qocalar evində unudular, evlilik və ailə bir yük kimi görünər, övlad sevgisi heyvanlarda axtarılar, haqsızlıq həyat tərzi, halal-haram həssasiyyəti geridəqalmışlıq kimi gələr bizə. Odur ki, dəyərlərimizi Quran və Sünnə cizgisinə daşımalı və təməlini bu əsaslarla bərkitməliyik. Əsasını İslamdan alan mənəvi dəyərlərimizi ayə və hədislərlə sulayaq ki, meyvəsi əbədi olsun.
ŞƏRHLƏR