BİR AYƏ
Bir ayə
بسم الله الرحمن الرحيم
يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنْسِ إِنِ اسْتَطَعْتُمْ أَنْ تَنْفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانْفُذُوا لَا تَنْفُذُونَ إِلَّا بِسُلْطَانٍ
“Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını keçib getməyə gücünüz çatırsa, keçin! Qüdrətiniz olmadan əsla keçə bilməzsiniz”. (ər-Rəhman, 55/33)
Uca Allah bu ayədə Özünə ibadət üçün xəlq etdiyi insan və cin tayfasına xitab edir. Necə ki, başqa bir ayədə “Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım” (əz-Zariyat, 51/56) - buyuraraq bu iki tayfanın əsas yaradılış məqsədini bəyan etmişdir. Bir qisim təfsirçilər siyaq-sibaqını nəzərə alaraq ayəni axirətlə əlaqələndirmiş və bu xitabın axirətdə olacağını qeyd etmişlər. Belə ki, axirətdə Allahın hüzurunda haqq-hesab vermək üzrə dayanan günahkar insanlar və cinlər məruz qalacaqları cəhənnəm əzabından heç cür qaçıb qurtula bilməzlər.
Digər təfsirçilərə görə isə insanlar və cinlər göylərin sərhədini aşıb keçə bilməzlər. Bu, yalnız Allah-Təalanın icazəsi və verdiyi güclə mümkün ola bilər. Uca Allah yaratdığı mükəmməl kainatı belə təsvir edir: “O, yeddi göyü təbəqələr şəklində yaratdı. Rəhman olan Allahın yaratmasında heç bir nizamsızlıq görə bilməzsən. Gözünü çevir bax, hər hansı bir nöqsan görə bilirsənmi?!” (əl-Mülk, 67/3)
Bildiyimiz kimi, günümüzdə insanlar Uca Allahın kainatda qoyduğu fiziki qanunlar çərçivəsində çalışaraq müəyyən hədəflərə nail olur və yer kürəsindən kənara çıxa bilirlər. Yəni ayədə gələcəkdə baş verəcək elmi inkişafa və kosmik fəaliyyətlərə də işarə edilmişdir. Kosmos araşdırmalarının gündən-günə çoxalıb inkişaf etdiyi və kosmosa səyahətlərin mümkün olduğu bu dövr müasir təfsirçiləri yuxarıdakı ayəni bu şəkildə şərh etməyə sövq etmişdir.
Hər iki şərhi nəzərə alaraq deyə bilərik ki, bu ayə həm dünya, həm də axirətdə Allahın qoyduğu hökmdən qaçmağın namümkün olduğuna işarə edir. Eyni zamanda buradan belə bir nəticə də çıxartmaq olar ki, insan oğlu elmi tərəqqi nəticəsində yerin və göylərin dərinliklərinə gedib çıxa bilər, lakin o, heç vaxt ilahi iradənin hökmranlığına qələbə çalmaq amalı güdməməlidir. Çünki bu, Allahın bəndələrinə yaraşmayan bir əməldir və belə bir məqsədlə hərəkət edənlər daim xüsrana məruz qalmışlar. Allah-Təala kainatın mükəmməl yaradıldığına, lakin kafirlərin buna rəğmən haqqı inkar etdiklərinə diqqət çəkir: “Biz göyü də qorunmuş bir tavan etdik. Onlar isə ayələrimizdən üz döndərirlər”. (əl-Ənbiya, 21/32)
Nəticə etibarilə, hər gün kosmosla bağlı yeni kəşflər edilir və Allahın yaratma sənətinin fərqli cəhətləri ilə tanış oluruq. Lakin bütün bunlara rəğmən hidayətə açıq olmayan qəlblər yenə də Onu inkar etməyə davam edir.
ŞƏRHLƏR